Modern.az

İsrail-Fələstin müharibəsi: Baydendən dəstək, qurudan əməliyyat və humanitar böhran - SON DURUM

İsrail-Fələstin müharibəsi: Baydendən dəstək, qurudan əməliyyat və humanitar böhran - SON DURUM

11 Oktyabr 2023, 09:00

İsrail Fələstinin HƏMAS silahlı qruplaşması arasında toqquşma 5 gündür davam edir. 

 

Modern.az xəbər verir ki, İsrail ordusu qurudan hücuma keçəcəyini açıqlaması fonunda ABŞ prezidenti Co Bayden İsrailə dəstək vəd edib və vəziyyətdən istifadə etmək istəyən hər kəsə xəbərdarlıq edib.

 

Çərşənbə günü gecə ərzində İsrail ordusunun onlarla döyüş təyyarəsi Qəzzada 200-dən çox hədəfə zərbələr endirib. Qəzza rəsmiləri ən azı 900 nəfərin öldüyünü və 4600 nəfərin yaralandığını bildirib.

 

İsrail ordusu ölənlərin sayının 1200-ə çatdığını və 2700-dən çox insanın yaralandığını açıqlayıb. Ordunun sözçüsü polkovnik-leytenant Conatan Konrikus "X" hesabında itkilərin "olduqca ağır" olduğunu vurğulayıb. Qurbanların əksəriyyəti mülki insanlardır.

 

Çox sayda israilli və xarici vətəndaş əsir götürülüb və Qəzzaya aparılıb. Bazar ertəsi İsrail əsgərlərini və mülki vətəndaşları girov saxlayan HƏMAS yaraqlıları xəbərdarlıq etmədən Qəzzada vurulan hər ev üçün bir əsiri edam edəcəkləri ilə hədələyiblər.

 

"Həmas bir dəyişiklik istədi və dəyişəcək. Qəzzada olanlar artıq olmayacaq. Hücuma havadan başladıq, sonra biz də yerdən gələcəyik. 2-ci gündən əraziyə nəzarət edirik və hücumdayıq. Bu, daha da güclənəcək", - İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

 

Qeyd edək ki, İsrail 38 ildən sonra 2005-ci ildə Qəzzadan qoşunlarını çıxarıb və 2007-ci ildə Həmas orada hakimiyyəti ələ keçirib. Həmin dövrdən ərazi blokadada saxlanılır.

 

Gecə toqquşmaları

 

İsrail ordusu bildirib ki, helikopter və pilotsuz uçuş aparatlarının dəstəyi ilə çərşənbə axşamı gecə saatlarında İsrail ərazisində yaraqlılara zərbələr endirilib.

 

Qəzza zolağından 10 km uzaqlıqda yerləşən və hücumlardan sonra bağlanan neft terminalının yaxınlığında yerləşən Aşkelonda baş verən insidentdə İsrail ordusu üç yaraqlını öldürüb. HƏMAS-ın Qəzzadakı silahlı qanadının lideri Məhəmməd Deyfin atasına məxsus evə hücum edilib. Məlumata görə, Deyfin qardaşı və digər ailə üzvləri öldürülüb.

 

HƏMAS rəsmisi bildirib ki, HƏMAS-ın siyasi ofisinin iki üzvü, Cavad Əbu Şammala və Zəkəriyyə Əbu Maamar Xan Yunisdə hava hücumu nəticəsində öldürülüb.

 

Müharibənin genişlənməsi ilə bağlı narahatlıqlar artır...

 

"Reuters" agentliynin məlumatına görə, İsrailin şimal sərhədində yerləşən Livanın cənubundan İsrailə doğru raket atəşi açılıb. Suriya ərazisindən atılan mərmi isə İsrailin açıq ərazilərinə düşüb.

 

Ekspertlər deyir ki, bu, zorakılığın daha geniş müharibəyə səbəb ola biləcəyi qorxusunu artırır.

 

"Biz hələ bilmirik ki, bu raketlər Suriya silahlı qüvvələri tərəfindən, Suriya rejimi tərəfindən dəstəklənən İran milislərindən hər hansı biri, yoxsa Hizbullah və ya hər hansı başqa qüvvə tərəfindən atılıb. Bizim bildiyimiz odur ki, atəş mənbələrinə cavab atəşi açmışıq və hazırda orada vəziyyət sakitdir", - deyə polkovnik-leytenant Konrikus bildirib.

 

ABŞ-dan reaksiyalar 

 

ABŞ Prezidenti Co Bayden HƏMAS-ın hücumlarını "açıq şər hərəkəti" adlandırıb və Vaşinqtonun "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi üçün İsrailə əlavə hərbi yardım göstərəcəyini bildirib. O, İsraili “müharibə qanunlarına” əməl etməyə çağırıb.

 

Bayden jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu və qırıcı təyyarələt göndərməklə “regionda hərbi gücünü artırıb”.

 

“Hər hansı bir ölkəyə, istənilən təşkilata, vəziyyətdən istifadə etməyi düşünən hər kəsə mənim bir sözüm var: etməyin”, - deyə Bayden İran və onun regiondakı nümayəndələrinə açıq şəkildə xəbərdarlıq edib.

 

ABŞ rəsmiləri hücumları İranın təşkil etdiyinə dair əllərində dəlil olmadığını deyirlər, lakin İranın HƏMAS-a uzunmüddətli dəstəyinə işarə edirlər.

 

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Bayden baş diplomatı, həmçinin dövlət katibi Antoni Blinkeni İsrailə göndərəcək, diplomatlar burada “həmrəylik və dəstək mesajı” verəcəklər.

 

İsrailin Baş naziri Binyamin Netanyahunun sağ koalisiyası və müxalifət liderləri fövqəladə birlik hökuməti qurmağa yaxın idilər .

 

Netanyahu ilə keçmiş müdafiə naziri Benny Gantz arasında görüş çərşənbə axşamına planlaşdırılsa da, çərşənbə gününə təxirə salınıb.

 

Xəritədə: İsrail və HƏMAS tərəfindən vurulan şəhərlər

Humanitar böhran qapıdadır...

 

Fələstin mediası İsrailin Qəzza şəhərinə, cənubundakı Xan Yunis şəhərinə və Qəzzanın mərkəzindəki Bureyc qaçqın düşərgəsindəki evlərə zərbələr endirdiyini bildirib. Sosial şəbəkələrdə kömək üçün müraciət edən sakinlər bir çox binanın dağıldığını, bəzən 50-yə qədər insanın içəridə qaldığını və xilasedicilərin onlara çata bilmədiyini deyirlər.

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 180 mindən çox Qəzza sakini evsiz qalıb, bir çoxu küçələrdə və ya məktəblərdə toplaşıb.

 

HƏMAS-ın hücumlarını pisləyən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib: “Beynəlxalq humanitar hüquq aydındır: mülki əhali və mülki obyektlərin qorunması üçün daim qayğı göstərmək öhdəliyi bütün hücumlar zamanı qüvvədə qalır”.

 

İordan çayının qərb sahilində və Şərqi Qüdsdə də şiddət alovlanıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İordan çayının qərb sahilində şənbə günündən bəri İsrail qüvvələri ilə toqquşmalarda 21 fələstinli ölüb, 130 nəfər yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir