Modern.az

Cəbhədə son vəziyyət: Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir

Cəbhədə son vəziyyət: Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir

Analitika

25 Oktyabr 2023, 09:10

Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə diqqətdən yayınsa da, burada toqquşmalar ağır itkilərin müşayiəti ilə davam edir.

 

Modern.az Ukrayna və Rusiya rəsmilərinə, eləcə də yerli və xarici mətbuata istinadən regiondakı ən son vəziyyəti təqdim edir.

 

Rusiya 2022-ci ilin fevralında Kiyevə doğru hərəkət edə bilmədiyini başa düşdükdən sonra şərqdə - Donetsk və Luqansk bölgələrində irəliləməyə diqqət yetirib. İyun ayında Ukrayna şərqdə və cənubda əks-hücuma keçib və bir sıra kəndləri işğaldan azad edib, lakin əməliyyatın tempi müzakirələrə səbəb olub. Bir sıra Qərb mənbələri əməliyyat tempinin yavaş olduğunu düşünür, Ukrayna rəsmiləri tənqidləri qəbul etmir.

 

Müşahidəçilər deyir ki, Rusiya hazırda diqqətini Avdiyevkaya yönəldib. Ölkənin şərqində yerləşən və nəhəng koks zavodu ilə tanınanan bu şəhər hazırkı mərhələdə Ukrayna müqavimətinin mərkəzi hesab edilir.

 

Fotoda: Avdiyevka şəhərində dağıdılmış yaşayış binası

 

Ukraynanın cənub qüvvələri qrupunun sözçüsü Aleksandr Ştupun milli televiziyaya açıqlamasında deyib ki, Rusiya iki gecədə 40-a yaxın idarəolunan hava bombası atıb, lakin qurudan hücumların sayı əvvəlki günlərlə müqayisədə azalıb: “Bu təəccüblü deyil, çünki son beş gündə düşmənin Donetsk vilayətində 2400-ə yaxın ölü və yaralısı olub”.

 

Onun sözlərinə görə, bu itkilərin əksəriyyəti Avdiyevka və yaxınlıqdakı uzun müddətdir toqquşmaların getdiyi Maryinka şəhəri yaxınlığında olub.

 

Avdiyevka hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib ki, şəhər amansız artilleriya və hava hücumlarına məruz qalır. "Düşmən israrla şəhəri mühasirəyə almağa çalışır və şimaldan və cənubdan yeni qüvvələr yeridir", - Barabaş televiziyaya açıqlamasında belə deyib.

 

"İki gündür ki, onlar əsasən kiçik qruplar şəklində fəaliyyət göstərirlər, müdafiəmizdə boşluqlar tapmağa çalışırlar, amma alınmır. Müdafiə xəttini saxlayırıq", - o əlavə edib.

 

Avdiyevka 2014-cü ildə Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən qısa müddətə ələ keçirilib, lakin Ukrayna qüvvələri şəhəri geri alıb və möhkəm istehkamlar tikib.

 

Barabaş "Azadlıq radiosu"na açıqlamasında isə bildirib ki, Avdiyevka şəhərinin mərkəzinə və təchizat gətirmək üçün istifadə edilən yeganə yola gecə-gündüz hücumlar həyata keçirilir. “22 km uzunluğunda olan yolun davamlı olaraq gecə-gündüz atəş altında qalması təchizatla bağlı çox çətin vəziyyət yaradıb... Bu, evakuasiya və yardımın çatdırılmasını çətinləşdirir. Düşmən yardımın qarşısını kəsməyə çalışır. İstənilən hərəkətdə atəş açılır".

 

Barabaş qeyd edib ki, müharibədən əvvəl 30 min nəfərin yaşadığı şəhərdə təxminən 1600 sakin qalıb. Prezident Volodimir Zelenski gecə videomüraciətində şəhəri müdafiə edənlərə təşəkkürünü bildirib: “Onların dözümlülüyü indi bütün Ukraynanın gücüdür”.

 

 

Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski 1000 km-lik cəbhədəki vəziyyəti "çətin" adlandırıb. O, Kupyansk şəhərini xüsusilə qeyd edib: "Düşmən, ilk növbədə, şəxsi heyət baxımından əhəmiyyətli itkilər verir, lakin əlavə ehtiyatlar gətirməklə qüvvələrini daim artırır".

 

Şimal-şərqdə yerləşən Kupyansk şəhəri işğaldan sonra Rusiya qüvvələri tərəfindən ələ keçirilmişdi, lakin ötən il Ukrayna tərəfindən geri alınıb. Xarkov vilayətinin qubernatoru Oleq Sinequb bildirib ki, Kupyansk yaxınlığındakı kəndə artilleriya zərbəsi nəticəsində iki mülki şəxs ölüb.

 

Döyüşlərlə bağlı Rusiyanın məlumatlarında bu həftə Avdiyevkadan bəhs edilməyib. Moskva may ayında rus qüvvələri tərəfindən ələ keçirilən şimal-şərqdəki Baxmut şəhəri yaxınlığında uğurlu artilleriya və hava zərbələri endirdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var