Modern.az

Müharibənin ikinci qışı: Ukrayna ciddi nəticə əldə edə bilmir, lakin...

Müharibənin ikinci qışı: Ukrayna ciddi nəticə əldə edə bilmir, lakin...

Analitika

4 Noyabr 2023, 09:28

Ukrayna 2022-ci ilin ikinci yarısında bir sıra strateji şəhərləri azad etdikdən sonra Kiyev və onun müttəfiqləri ordunun bu il 1000 km-ə qədər uzunluğu olan cəbhə xəttində daha da əhəmiyyətli uğurlar qazaza biləcəyinə ümid edirdilər. Müasir tanklar və uzaqmənzilli raketlər daxil olmaqla Qərb tərəfindən göndərilən silahları bu cür gözləntiləri daha da artırmışdı.

 

Ancaq əks-hücum əməliyyatı çərçivəsində indiyə qədər əldə edilən uğurlar olduqca azdır. Ekspertlər deyir ki, Rusiyanın təkmilləşdirilmiş müdafiəsi effektiv olduğunu sübut etdi və hazırda cənub və şərqdə irəliləmək üçün imkanlar tükənib.

 

Hazırda hava rütbəlidir, ərazilər bataqlığa çevrilib və ağır texnika üçün hərəkət imkanları çətinləşib. Buna baxmayaraq, müharibənin ikinci qışında dondurucu havanın yeri sərtləşdirməsi və ordunun manevr qabiliyyətini yaxşılaşdırması gözlənilir.

 

Oktyabrın 31-də Ukrayna prezidenti Volodimir Zelenski uğur gözləntilərinin real olmadığını bildirib. Lakin cəbhədən uzaqda Ukrayna qüvvələri Rusiyanın Qara dənizdəki hərbi gücünü azaldıb. Ukraynanın ali baş komandanı general Valeri Zalujnı müharibənin “dalan”a dirəndiyini düşünür.

 

Modern.az "Reuters"ə istinadən müxtəlif cəbhələrdəki vəziyyəti təqdim edir:

 

Xerson yaxınlığında cənub cəbhəsi 

 

İyunun əvvəlində Sovet dövründən qalma nəhəng Kaxovka su bəndinin partladılmasından sonra Ukrayna ordusu Dnepr çayı boyunca cənub-qərbdən Qara dənizə olan cəbhə xəttində çox zəif irəliləyib.

 

Lakin oktyabrın ortalarında bəzi rusiyalı hərbi ekspertlər Ukrayna qüvvələrinin şərq sahilində kiçik uğurlar qazandığını bildirib. O zaman Rusiya Ukraynanın Dneprdən keçmək cəhdinin qarşısını aldığını bildirmişdi. Kiyev əməliyyatın təfərrüatlarını açıqlamayıb.

 

Cənub cəbhəsi 

 

Döyüşlərdə irəliləyişi izləmək üçün açıq mənbə məlumatından istifadə edən xəritələr göstərir ki, iyunun əvvəlində Rusiya cənub cəbhəsi boyunca mövqelərini daha çox qoşunla gücləndirib.

 

Qısa müddət sonra Ukrayna əsgərləri əks-hücumun ilk mərhələsində Velika Novosilka şəhərinin cənubunda müdafiənin birinci xəttini yarıb. Sonrakı aylarda Ukrayna eyni ərazidə və həmçinin buradan təxminən 80 km daha uzaqda yerləşən Orixiv şəhərinin cənubunda daha çox irəliləyib.

 

Ukrayna sərt müqavimətlə üzləşdiyini, o cümlədən ağır minalanmış ərazilərdə hərəkətin çətin olduğunu bildirib. Ukrayna ordusu hələ də Azov dənizindən 80-90 km uzaqdadır. Hərbi analitiklərin fikrincə, Ukraynanın bu istiqamətdə məqsədi Rusiya ordusunu iki yerə bölmək və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krıma təchizat xətlərini kəsməkdir.

 

Şərq cəbhəsi - Avdiyevka istiqaməti

 

Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk şəhəri yaxınlığında yerləşən Avdiyevka şəhəti müharibə boyu şiddətli bombardmanlara məruz qalıb. Müharibədən əvvəl 30.000 nəfər insanın yaşadığı şəhərdə 1500 nəfərə qədər sakin qalıb 

 

Rusiya qüvvələri 2023-cü ilin əvvəlində şəhəri mühasirəyə almağa başlayıb. Ukrayna Avdiyevkanı müdafiə edəcəyinə söz versə də, təchizat xətləri təzyiq altındadır.

 

Şərq cəbhəsi - Baxmut istiqaməti 

 

May ayının sonunda Rusiya qanlı döyüşlərdən sonra Baxmutu ələ keçirib. Bu, 2022-ci ilin sonlarında şimalda Xarkov və cənubda Xerson şəhərlərində məğlubiyyətdən sonra Moskvanın iddia edə biləcəyi yeganə mühüm qələbə idi.

 

Baxmut döyüşlərində hər iki tərəfdən minlərlə əsgər həlak olub. Şəhərin strateji əhəmiyyəti bəzi hərbi analitiklər tərəfindən şübhə altına alınıb.

 

Buna baxmayaraq, Ukrayna Baxmut ətrafındakı əraziləri geri almaq üçün xeyli vəsait ayırıb və şəhərin cənub və qərb kənarlarına çatıb.

 

Şərq cəbhəsi - Kupyansk istiqaməti 

 

 

Ukrayna şimaldan Rusiyanın Belqorod vilayəti ilə sərhədə qədər uzanan cəbhənin qalan hissəsində aylar ərzində irəliləməyib. Kiyev ötən ay Ukraynanın nəzarətində olan Kupyansk şəhəri yaxınlığında Rusiyanın hücumlarının ciddi şəkildə intensivləşdiyini qeyd edib.

 

Cəbhə xəttinin arxası

 

Qərb Kiyevə Ukrayna ərazisi daxilində Rusiyanın arxa cəbhələrindəki hədəfləri vura bilən daha uzun mənzilli raketlər veriblər. Raketlərlə bir neçə dəfə uğurlu zərbələr endirilib, ancaq onlar müharibənin gedişatına ciddi təsir etməyib.

 

Sentyabrın 13-də Ukrayna Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol şəhərində limana zərbə endirib. Kiyevdəki hərbi analitiklər və səlahiyyətlilər bildiriblər ki, Ukrayna böyük desant gəmisinə və hücum sualtı qayığına ciddi ziyan vurub. Cəmi bir həftədən sonra Ukraynanın daha bir raketi Rusiyanın Qara dəniz dəniz donanmasının Sevastopoldakı qərargahına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı