Modern.az

"Qarabağ klanı" aktivləşir: Sarkisyan Şahramanyanı təxribata təhrik edir

Analitika

4 Noyabr 2023, 16:06

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyanla Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşün təşəbbüskarı Serj Sarkisyan olub.

 

Əli Xocalı sakinlərinin qanına bulaşmış Sarkisyanın başçılıq etdiyi Respublikaçılar partiyasından bildiriblər ki, eks-prezident Şahramanyanla görüşmək və Qarabağ ermənilərinin sonrakı aqibəti barədə onu dinləmək istəyib.

 

Görüş İrəvandakı “Mariott” Hotelində keçirilib. Danışıqların təfərrüatları haqda başqa məlumat verilməyib.

 

"Qarabağ klanı"nın Şahramanyanla görüşməsi müzakirələrə səbəb olub. Bir çoxları Sarkisyasının Qarabağdakı separatçıları yenidən qızışdıracağını bildirir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, separatçılar və Qarabağ klanı Azərbaycana qarşı heç bir təzyiq göstərə bilməz:

 

“Biz İkinci Qarabağ müharibəsində qələbə qazandıq. 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə də separatçıları ərazlərimizdən qovduq. Bu mənada bizim üçün heç bir qorxu və təhlükə yoxdur. Yəni separatçılar Ermənistandan bizə qarşı heç nə edə bilməzlər.Tez-tez "parlament", "hökümət" toplantısı keçirilir. Bu toplantılarla bizə heç bir təzyiq edə bilməzlər".

E.Şahinoğlu Paşinyanın separatçıların bu addımlarına göz yumacağı təqdirdə Azərbaycanın izləyə biləcəyi yoldan da danışıb:

 

"Paşinyan separatçılara şərait yaratmağa davam edərsə, biz də Qərbi Zəngəzurun mühacir hökumətini, parlamentini formalaşdırarıq. Bu, onlara daha çox təzyiq vasitəsi olacaq. İndinin özündə qorxu içərisindədirlər ki, Azərbaycan Zəngəzuru ələ keçirə bilər. Şahramanyanla Sarkisyan ikisi də vurulmuş kartlardır. Onların heç birinin Ermənistan cəmiyyətində, heç Qarabağ erməniləri arasında nüfuzları yoxdur. Çünki başlatdıqları təxribatın davamını gətirib, möhkəmləndirə bilmədilər. Azərbaycan məsələləri həll etdi. Sarkisyan illər öncə deyirdi ki, "Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz". Lakin buna heç kəs mane ola bilmədi. Şəhid verdik və torpaqlarımızı işğaldan azad etdik. Ermənistandakı müzakirələrin, qapalı görüşlərin Azərbaycana zərrə qədər də təsiri yoxdur".

 

Politoloq Turab Rzayev Ermənistanda Qarabağ məsələsinə münasibətin birmənalı olmadığını söyləyib:

 

"Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını deyirdi. Eləcə də Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməkdən, sərhədləri açmaqdan danışır. Etiraf edir ki, Ermənistanın Türkiyə və Azərbaycana ehtiyacı daha böyükdür. Digər yandan Ermənistan kütləvi surətdə silahlanır. Şahramanyanın gizli toplantıları olur. Əslində, Azərbaycan üçün bu çox da fərq etmir. Qarabağdakı xunta rejiminin ləğvini elan edən şəxsin qərarı geri oxuması bizim üçün əhəmiyyətsizdir. Çünki vəziyyətə nəzarət edirik".

 

T.Rzayev bunun Ermənistandakı revanşist qüvvələrin planları baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib:

 

"Onlar qərarı geri oxusalar, özlərini sürgündəki qondarma "Artsax respublikası" elan edəcəklər. Bu da Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəkləri anlamına gəlir. Şahramanyanın keçmiş prezident Serj Sarkisyanla görüşməsi bu planların daha da genişləndirilməsi ehtimalından xəbər verir. Serj Sarkisyan Rusiyaya yaxın şəxsdir və Qarabağ klanının üzvüdür. Paşinyan tərəfindən inqilabla devrilib. Rusiya ilə Ermənistan münasibətlərinin kəskinləşməsinə görə, bu ölkədə gözləyirlər ki, Paşinyanı qanunsuz hakimiyyət elan edəcəklər. Bu,xüsusi əhəmiyyət daşıyır. Burada ikiqat revanş ola bilər. Sarkisyanla Qarabağ klanı birləşib Paşinyanı devirmək üçün addım ata bilərlər".

Politoloq keçmiş Qarabağ klanının gələcəkdə hərbi əməliyyatlara başlaya biləcəyini qeyd edib:

 

"Ermənistanda hakimiyyətə gəlsələr, Azərbaycana qarşı addımlar ata bilərlər. Düşünürəm ki, Ermənistanın indiki halda buna gücü çatmayacaq. Silahlanma prosesi isə ondan xəbər verir ki, gələcək üçün Ermənistan ordunu peşəkarlaşdırmağa və üstün texnologiyaya sahib olmağa çalışır. Keçmiş cinayətkar Qarabağ klanı Ermənistanda hakimiyyəti ələ alarsa, daha sonra Azərbaycana qarşı ərazi iddialarını irəli sürməklə yanaşı, hətta yeni hərbi əməliyyatlara da başlaya bilərlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir