Modern.az

Müharibənin 1-ci ayı: Nələr olub, nələr olacaq...

Müharibənin 1-ci ayı: Nələr olub, nələr olacaq...

Analitika

6 Noyabr 2023, 17:20

7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması bu gün 1 aydır ki, davam edir. 1 ay ərzində beynəlxalq birlikdən olan ən müxtəlif cəhdlərə, fərqli mərkəzlərdən gələn atəşkəs çağırışlarına baxmayaraq toqquşmalar səngimir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib, lakin müharibə yaxın günlərdə bitənə oxşamır. Bu 1 ay ərzində baş verənlərə nəzər salsaq, kökləri daha əvvələ gedən münaqişənin son fazası haqqında təsəvvür formalaşdırmaq olar.

 

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının qərarına uyğun olaraq, 1940-cı illərdə İsraillə birlikdə yaradılmalı olan Fələstin 3 hissədən ibarətdir: İordan çayının qərb sahili, şərqi Qüds və Qəzza zolağı. Qəzza zolağına 2006-cı ildəki seçkilərdən bəri HƏMAS nəzarət edir. Fələstinin digər hissəsində isə FƏTH-in rəhbəri Mahmud Abbas prezident olaraq hakimiyyətdədir. 7 oktyabrda başlanan son hadisələr məhz Qəzza zolağı və İsrail arasında davam edir.

 

Belə ki, HƏMAS 7 oktyabr günü səhər saatlarında İsrailin Qəzza ilə qonşu olan yaşayış məntəqələrinə hücum edib. Yaraqlıların musiqi festivalına basqını xeyli sayda insanın həyatına son qoyub. Bundan sonra İsrail tərəfi cavab həmlələrinə start verib. Qəzza zolağına intensiv hava zərbələri endirilməyə başlanılıb. Paralel olaraq HƏMAS da İsrail şəhərlərini havadan vurub. İsrail qısa zaman kəsiyində HƏMAS-ın sızdığı yaşayış məntəqələrini geri alsa da, Qəzzada quru əməliyyatının anonsunu verib.

 

Təl-Əviv məqsədinin HƏMAS-ın tam məhvi olduğunu elan edib. Qəzzadakı dinc sakinlərə müxtəlif çağırışlar edilib, daha təhlükəsiz hissələrə getmək tövsiyə olunub. Xüsusən, Qəzzanın şimalında məskunlaşanlar cənuba hərəkət etməyə çağırılıb. İlk mərhələdə ABŞ və İsrailin digər müttəfiqləri quru əməliyyatından çəkindirməyə, yaxud əməliyyatı yubatmağa cəhd göstərib. Bu məqsədə qismən nail olunsa da, sonradan məhdud quru əməliyyatlarına start verildi.

 

İsrail oktyabrın sonlarında Qəzza zolağının şimalındakı eyniadlı şəhərə doğru hərəkətə keçdi. Şəhərin tam mühasirəyə alındığı, HƏMAS-a məxsus hərbi komplekslərin ələ keçirildiyi açıqlandı. Paralel olaraq, hər iki tərəf havadan zərbələri də davam etdirməkdədir. Hava zərbələri zamanı xeyli insan tələfatı ilə nəticələnən Qəzza zolağındakı Əl-Əhli hospitalının vurulması qarşılıqlı ittihamlarla müşayiət olundu. HƏMAS İsraili, İsraili isə HƏMAS-ı günahlandırdı.

 

 

Toqquşmaların davam etdiyi 1 ay ərzində Birləşmiş Millətlər Təşkilatının 88 əməkdaşının həyatını itirməsi də beynəlxalq birliyin təəssüflə qarşıladığı xəbərlərdən oldu. Ümumiyyətlə, qarşıdurmaya beynəlxalq reaksiyalar çox fərqli oldu. ABŞ, Almaniya və digər əsas Qərb ölkələri İsraili birmənalı dəstəkləyən açıqlamalar verdi, İslam dünyasından isə Fələstini müdafiə edən bəyanatlar gəldi. Avropa İttifaqı nisbətən balanslı mövqe sərgiləməyə çalışdı.

 

Aİ həm İsrailin özünümüdafiə hüququnu, həm də Qəzzadakı dinc sakinlərin humanitar ehtiyaclarını diqqətdə saxladı. Türkiyə və bir sıra Latın Amerikası və Afrika ölkələri İsraildəki səfirlərini geri çağıraraq Fələstinlə həmrəylik nümayiş etdirdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Əroğan Qəzzaya dəstək açıqlamaları ilə yanaşı, izdihamlı mitinq keçirdi. Onun "HƏMAS-ı terror təşkilatı saymırıq" bəyanatı və HƏMAS-çıları "azadlıq mücahidləri" adlandırması isə birmənalı qarşılanmadı.

 

Roma Papasının tərəflərə "Tanrı eşqinə" atəşi dayandırmaq barədə çağırışı da işə yaramadı. Ukrayna tərəfi mövqeyini bəlli etməyən Moskvanın münaqişədə maraqlı olduğunu və diqqəti öz apardığı müharibədən yayındırmağa çalışmasına diqqət çəkdi. ABŞ dövlət katibi Antoni Blinken növbəti Yaxın Şərq turnesi çərçivəsində həm İsrail, həm də Fələstin rəhbərliyi ilə görüşdü, eyni zamanda bir sıra region ölkələrinə baş çəkdi.

 

O, İordaniyanın paytaxtı Əmmanda bir sıra ərəb ölkələrinin nümayəndələri ilə danışıqlar apardı. Bu gün o, Türkiyəyə səfər edərək XİN başçısı Hakan Fidanla da məsələni müzakirə etdi. Hələlik toqquşmalar da, diplomatiya trafiki də davam edir. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bir çox amildən asılı olacaq. Müttəfiqləri İsrailin HƏMAS-ı tam sıradan çıxarana qədər müharibəni davam etdirməsini dəstəkləyəcəkmi? Qəzzanın aqibəti necə olacaq?

 

Bu suallar açıq olaraq qalır. Qəzzada yaranmış humanitar fəlakətin ağırlıq dərəcəsi Misirlə sərhəddəki "Rəfah" keçid məntəqəsinin zaman-zaman açılması və yardımların daşınması ilə qismən azalsa da, problem ciddiliyini qorumaqdadır. Görünən odur ki, bu faza geridə qalandan sonra da Osmanlının dağılması dövründə "toxumları səpilən", Britaniya müstəmləkəçiliyi zamanı "pöhrələnən", BMT-yə həvalə olunandan sonra "böyüyüb boya-başa çatan" münaqişə hələ uzun illər "yaşayacaq"...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir