Modern.az

Üçtərəfli bəyanatın 3 ili - Ermənistan 9-cu bəndə boyun əyəcəkmi...

Üçtərəfli bəyanatın 3 ili - Ermənistan 9-cu bəndə boyun əyəcəkmi...

Analitika

9 Noyabr 2023, 16:36

2020-ci ildə noyabrın 9-dan 10-na keçən gecə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair üçtərəfli bəyanat imzalanıb. Bu gün bəyanatın imzalanmasının 3 ili tamam olur.

Azərbaycan Respublikası 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz erməni silahlılarını təslim olmağa məcbur etməklə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını özü həyata keçirdi. Halbuki razılaşmaya əsasən, bunu Ermənistan Respublikası icra etməli idi.

Lakin hələ də bəyanatın yerinə yetirilməyən maddələri var. Bu maddələrdən biri də kommunikasiyaların açılmasını özündə ehtiva edən 9-cu bənddir.  

Orada deyilir:

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". 


Bəs bu maddənin həyata keçirilməsi yaxın müddətdə gözlənilirmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan üçtərəfli bəyanatın 9-cu maddəsini həyata keçirməkdə maraqlı deyil:
 

“Ümumiyyətlə, Ermənistan tərəfindən üçtərəfli bəyanatın heç bir müddəasına əməl edilmədi. Ermənistan Baş nazir Nikol Paşinyanın imzası olan bəyanata tam laqeyd münasibət bəslədi. Mahiyyət etibarilə, bu da Ermənistanın regionda sülhün, əməkdaşlığın möhkəmləndirilməsində heç bir addım atmaq niyyətində olmadığını göstərir. Üçtərəfli bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatın və insanların rahat hərəkət etməsi üçün dəhlizin yaradılması nəzərdə tutulur. Azərbaycan isə kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri artıq yerinə yetirib. Zəngəzur dəhlisinin açılması istiqamətində də öz ərazisində bütün infrastruktur quruculuğunu Azərbaycan həyata keçirib. Ermənistan isə görünür ki, 9-cu maddənin həyata keçirilməsində maraqlı deyil".
 

Deputat Ermənistanın üçtərəfli bəyanatın 9-cu bəndinə münasibətinin səbəblərini belə izah edib:


"Məlumdur ki, Zəngəzur dəhlizinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir. Ermənistan isə bunu heç bir halda qəbul etmək istəmir. Bu ölkənin Baş naziri Tbilisdəki konfransda çıxışı zamanı hər ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinə özünün nəzarət edəcəyini dedi. Bu, bir daha göstərir ki, Ermənistan öz ərazisindən keçəcək nəqliyyat dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir.  Paşinyanı hakimiyyətə gətirən dairələr Ermənistanın hazırkı mövqeyini şərtləndirir. 9-cu maddəyə uyğun davranmaması Ermənistanın açıq şəkildə anti-Rusiya siyasətindən inrəli gəlir. Bu, həm də Qərbin Ermənistandan istifadə edərək Rusiyaya qarşı mübarizəsini davam etdirdiyini göstərir".
 

E.Mirbəşiroğlu kommunikasiyaların açılmasının Ermənistan üçün daha vacib olduğunu söyləyib:
 

"Bu maddənin qəbulu zamanı ermənilər bizi şantaj etməyə çalışdı. Biz Ermənistanın şantaj oyunlarını əlindən almış olduq. 2021-ci ildə İranla Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün dəhlizin açılması ilə bağlı razılıq əldə etdik. Mahiyyət etibarilə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün daha vacibdir. Düşünürəm ki, Ermənistan öz yanlış qərarları ilə gələcəyini sual altında qoyur. Birincisi,  Ermənistanın bu hərəkətləri Rusiya tərəfindən cavabsız qoyulmaycaq. Digər yandan, Ermənistan çox mühüm regional əməkdaşlıq imkanlarından da məhrum olacaq.  Biz sadəcə olaraq, Ermənistan və bütün dünyaya göstərdik ki, bütün hallarda Azərbaycanla Naxçıvan arasında əlaqə yarada bildik. Mahiyyət etibarilə öz hədəfimizə çatmaqla Ermənistanı ortaya qoyduğu mövqedən ötrü peşmançılıq çəkməyə məcbur qoyuruq".
 

Politoloq Natiq Miri Zəngəzur dəhlizinin artıq Azərbaycanın məsələsi olmaqdan çıxdığını bildirib:
 

"Yaxın Şərqdə İsrail-Həmas müharibəsi başlayandan sonra Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Türkiyəyə keçəcək yeni kommunikasiya sisteminin aktuallığı yenidən gündəmə gəlib. Bu dəhliz Azərbaycanın məsələsi olmaqdan çıxıb. Çin kimi qlobal güc, Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələri sözügedən məsələdə maraqlarını ortaya qoydular. Məsələ aktual olmaqla yanaşı Rusiya ilə Qərb arasında mübarizə predmetinə çevrilib. Bu da üçtərəfli bəyanata əsaslanaraq Rusiyanın sərhəd qoşunları tərəfindən Zəngəzur dəhlizinə nəzarət etmək istəyi ilə bağlıdır. Paşinyan isə bu nəzarətin erməni təhlükəsizlik mexanizmləri tərəfindən həyata keçirilməsini istəyir. Bu, Ermənsitanın havadarları olan Qərb ölkələrinin səyləridir. Azərbaycan bu məsələni əsas müzakirələrindən çıxararaq, İranla yeni razılaşma imzaladı.  Bununla Azərbaycan bütün dünyaya "mən öz problemimi həll etdim, mənim üçün Zəngəzur dəhlizi prioritet deyil" mesajını verdi.  Bu, olduqca doğru bir siyasəti idi. Bundan sonra çatışma Qərblə Rusiya arasında gedir. Lakin artıq Ermənistan Rusiyanın havadarlığından çıxıb. İndi Fransa və Qərbin vassalına çevrilib. Ermənistan əvvəlki kimi indi də subyekt deyil, konkret tapşırıqları icra edir".

N.Miri vurğulayıb ki, Ermənistan qonşu ölkələrlə normal əlaqələr qurmadıqca, öz gələcək varlığınmı sual altında qoyur:
 

"Region dövlətləri - Rusiya, Türkiyə, Azərbaycan, hətta İran bölgəyə kənar qüvvələrin müdaxilə etməsini istəmir. Hər nə qədər Ermənistana Qərb olmazın vədlər versə də, bu, heç nəyi dəyişməyəcək. Cırtdan Ermənistan həmsərhəd olduğu regional ölkələrlə normal əlaqələr qurmasa, onun gələcəyi yoxdur. Bu, birmənalıdır. Bir də Rusiya hələ Ermənistanın addımlarına qarşı hərəkətə keçməyib. Bir də düşünün ki, Rusiya Ermənistanın iki çıxış yolundan biri olan Lars yolunu bağlasa, nələr olacaq? Bu ölkənin Rusiya və MDB-yə çıxışı bağlanacaq. Eyni zamanda, Azərbaycan antiterror tədbirləri keçirib bir-iki saaat ərzində Qazaxın 7 kəndini geri qaytarsa, Lars yolu bağlanacaq. Belə olanda Ermənistanın yeganə quru yolu İrana qalır. Məsələ burasındadır ki, Fars körfəzini Qara dənizə bağlayacaq yeni yol barədə düşünən İran və Ermənistan Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından sonra bu layihədən də tamamilə təcrid olunacaqlar".
 

Politoloq Ermənistan üçün başqa alternativin qalmadığını söyləyib:
 

"Bundan qısa müddət sonra Ermənistanın Zəngəzur dəhlizində Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu qalmır. Yəni Ermənistanın bir müddət sonra elə böyük seçim potensialı olmaycaq. Bundan sonra atılacaq addımlar Ermənistan üçün məcburiyyətdir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…