Modern.az

Hansı peşə sahibləri daha çox yaşayır? - ARAŞDIRMA

Hansı peşə sahibləri daha çox yaşayır? - ARAŞDIRMA

15 Noyabr 2023, 13:32

İnsanların nə qədər çox yaşamasına təsir edən faktorlar müxtəlifdir. Bunlara yaşadığı ölkənin inkişaf səviyyəsindən tutmuş sağlamlıq vəziyyətinə, keçilən həyat yolundan işlədiyi sahəyə qədər bir çox amili aid etmək olar. Uzunömürlülük hər zaman arzulanan, sirləri öyrənilməyə çalışılan fenomen olub. İnsanlar həmişə çox yaşamağın yolunu, 100 yaşdan yuxarı ömür sürənlərin həyat tərzini öyrənməyə çalışıb.

 

Modern.az məhz işin - seçilən peşə sahəsinin insan ömrünün müddətinə - neçə yaş yaşamağımıza təsirinə nəzər salmağa çalışıb.

 

Əvvəlcə onu qeyd edək ki, bu mövzu bir sıra xarici ölkələrdə araşdırılıb. Statistik təhlillər, sosial-psixoloji tədqiqatlar aparılıb, elmi metodlarla işlədiyi sahənin insanın nə qədər yaşamasına və ümumilikdə həyat keyfiyyətinə təsir edib-etmədiyi, korrelyasiya əlaqəsinin olub-olmadığı öyrənilib. Ölkəmizdə məsələ ilə əlaqədar əhatəli tədqiqat işlərinin aparıldığını söyləmək çətindir. Ona görə də xarici təcrübələrə istinad etməli olacağıq.

 

Məsələn, ABŞ-ın Massaçusets ştatında araşdırmalar nəticəsində müxtəlif işlərlə məşğul olan fərdlərin əldə etdiyi orta ömür müddətini görmək üçün bir sıra statistik materiallar hazırlanıb. Maraqlıdır ki, həmin araşdırmalar nəticəsində bu ştatda orta ömür müddəti ən çox olanların - ən uzunömürlülərin bank işçiləri olduğu ortaya çıxıb. Bu sahədə çalışanların orta ömür göstəriciləri 68-76 yaş aralığındadır. Yəni əksər hallarda bank işçiləri bu yaşa qədər ömür sürməyə müvəffəq olurlar.

 

Massaçusetsdə bank işçilərindən sonra ən çox yaşayanlar - mütləq olaraq azı 65 il həyatın şirinliyini dadanlar hakimlər, məhkəmə orqanlarının işçiləri və hüquq sahəsində çalışan digər insanlardır. 65 yaş az görünsə də, bir daha qeyd edək ki, bu, adıçəkilən sahənin peşəkarlarının minimum yaşayacaqları orta göstəricidir. Yəni əgər avtoqəza, sel, zəlzələ kimi hansısa bədbəxt hadisə, müharibələr və başqa fors-major hallar baş verməzsə, onların aşağısı 65 il həyatın dadını çıxarması ehtimalı 95 faizdən yuxarıdır.

 

Sırada kənd təsərrüfatı sahəsində çalışanlar, fermerlər, aqronomlar, sağıcılar, yığıcılar və digərləridir. Aqrar sahədə işləyənlərin orta ömür müddəti volyatilliyi 63-93 yaş arasıdır. Minimal həddin 63 yaş olması işin əziyyətli və çox zəhmət tələb edən olmasından, maksimal həddin 93 yaş olması isə kənd təsərrüfatı işçilərinin daim təbiətlə iç-içə olması, təmiz hava udub təbii qida məhsullarından istehlak etməsindən qaynaqlanır. Bu izahla yanaşı, volyatilliyin çox olmasının səbəbi ilə bağlı müxtəlif hipotezlər də mövcuddur.

 

Din xadimləri, kooperativ işçiləri, dövlət qulluqçuları və gəmiçilərdə müvafiq göstərici bir-birinə çox yaxındır - orta hesabla 55 ilə 60 yaş arasındadır. Dəmirçilər, qəssablar, naşirlər, papaqçılar, pinəçilər, tacirlər və kəndirbazlar minimal yaşayacaqları orta ömür müddəti isə daha azdır. Bu qəbildən olan peşə sahibləri 50 ilə 55 yaş ətrafındadır. Dülgərlər və digər sahələr üzrə ustalıq fəaliyyəti göstərənlərdə müvafiq göstərici 45-50 yaş arasında dəyişir.

 

Zərgərlər, mexaniklər, rəssamlar, dərzilər orta hesabla minimum 40 ilə 45 il yaşayırlar. Maşınistlər, musiqiçilər və fəhlələr 35-dən 40-a qədər, əməliyyatçılar və müəllimlər isə ən "qısaömürlülər"dir. Belə ki, onların başına hər hansı bədbəxt hadisə gəlməsə, yaşayacaqları ən aşağı "zəmanətli" müddət yalnız 30-35 yaşa qədərdir. Təbii ki, bu göstəricilərdə xəta payı da yox deyil. Lakin hər halda Massaçusetsdə aparılan araşdırmanın nəticəsi olaraq yuxarıdakı rəqəmlər hesablanaraq ortaya qoyulub.

 

Başqa bir nümunəyə nəzər yetirək. Məsələn, Niderlandın paytaxtı Amsterdamda aparılmış tədqiqat nəticəsində işlədikləri sahələrə görə insanların təqaüdə çıxmaq vaxtı olan 65 yaşdan sonra neçə il yaşamaq gözləntiləri və müvafiq ehtimallar ölçülüb. Üstəlik bu tədqiqat zamanı dəqiqliyə maksimum yaxın olmaq və əhatəliliyi genişləndirmək üçün cinsi təsnifat da aparılıb. Qadın və kişilər üçün ölçmələr ayrılıqda aparılıb və diaqram hazırlanıb.

 

Diaqramdan göründüyü kimi, nəqliyyat, texniki, inzibati, səhiyyə, kənd təsərrüfatı, təhsil və ümumi sahələr üzrə çalışan kişi və qadınların 65 yaşdan sonra neçə il yaşayacağını ehtiva edən rəqəmlər göstərilib. Amsterdamdakı tədqiqatda nəticələr Massaçusetsdən fərqlənir. Yuxarıdakı araşdırmada müəllimlər üçün minimal orta ömür müddəti 30-35 yaş idisə, burada təhsil işçilərinin 65 yaşdan sonra xeyli yaşayacağı gözlənilir - kişilər 18 (83 yaş), qadınlar 23 il (88 yaş).

 

Üstəlik, bu tədqiqata görə, təhsil işçiləri orta ömür müddəti baxımından liderdirlər. Onları aqrar sahədə çalışanlar izləyir. Kənd təsərrüfatında işləyən kişilər təqaüdə çıxandan sonra 17.5 il, qadınlar isə 22.5 il ömür sürürlər. Tibb işçiləri kifayət qədər stresli fəaliyyətlə məşğul olsalar da, siyahıda uzunömürlülüyə görə üçüncü sırada qərarlaşıblar. Səhiyyədə çalışan kişilər 65 yaşdan sonra 16.5 il, qadınlar isə 21.5 il yaşayırlar.

 

İnzibati və dövlət orqanlarında işləyənlərdə də göstərici təxminən eynidir. Onlar da 81.5 yaş (kişilərdə) və 86. yaş (qadınlarda) "həyat təcrübəsi toplayırlar". Texniki sahədə çalışanlarda 65 yaşdan sonra yaşamaq ehtimalı qadınlarda 20.5 il, kişilərdə isə 15.5 ildir. Ən "qısaömürlülər" isə Amsterdamda nəqliyyat işçiləri hesab olunur.

 

Görünür, yüksək keyfiyyətli şəhərsalma infrastrukturu və komfortlu ictimai nəqliyyat şəbəkəsinə malik olsa da, bu sahənin işçiləri hələ də yollardakı stresi tam dəf edə bilməyiblər. Amsterdam nəqliyyatının əməkdaşları 65 yaşdan sonra kişilər 14.5 il (79.5 yaş), qadınlar isə 20 il (85 yaş) "həyatın dadını çıxarırlar".

 

Başqa bir nümunə isə İsveçdə aparılan tədqiqatda öz əksini tapıb. Burada müxtəlif peşə sahəsində çalışanların hansı yaşda vəfat etməsi ilə bağlı statistika yer alıb. Belə ki, 1925-29-cu illərdə anadan olub 61-91 yaş aralığında ölən kişi cinsindən olan səhiyyə işçilərinin sayı 5858, inzibati sahədə çalışanların sayı 6757, kənd təsərrüfatında 13483, nəqliyyatda isə 12743 olub. Qadınlarda bu göstərici müvafiq olaraq 2213, 20782, 3375 və 4085 təşkil edib.

 

1930-34-cü illərdə anadan olub 56-86 yaş aralığında ölən kişi cinsindən olan səhiyyə işçilərinin sayı 4420, inzibati sahədə çalışanların sayı 4949, kənd təsərrüfatında 8932, nəqliyyatda isə 10740 olub. Qadınlarda bu göstərici müvafiq olaraq 1549, 15448, 2256 və 3175 təşkil edib.

 

1935-39-cu illərdə anadan olub 51-81 yaş aralığında ölən kişi cinsindən olan səhiyyə işçilərinin sayı 3238, inzibati sahədə çalışanların sayı 3277, kənd təsərrüfatında 5305, nəqliyyatda isə 7839 olub. Qadınlarda bu göstərici müvafiq olaraq 1159, 11030, 1168 və 2119 təşkil edib.

 

Qısası, peşə seçimi, hansı iş sahəsində işləmək insan həyatına, orta ömür müddətinə və həyat keyfiyyətinə təsir edən başlıca faktorlardan biridir. Konkret rəqəmlər müxtəlif araşdırmalarda fərqli ola bilər, lakin bu faktorun təsiri, korrelyasiya əlaqəsinin olması aşkardır. Bununla yanaşı, başqa amillərin təsirini də gözardı etmək doğru olmaz. Necə deyərlər, hər kim 100 il yaşamasa, günah onun özündədir...

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü