Modern.az

Ermənistan silahlanmanın ağır nəticəsini görəcək - Bakıdan XƏBƏRDARLIQ

Ermənistan silahlanmanın ağır nəticəsini görəcək - Bakıdan XƏBƏRDARLIQ

15 Noyabr 2023, 13:07

Bir müddət əvvəl Fransa Ermənistana “Bastion” markalı çoxməqsədli zirehli maşınlar göndərib. Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır. “Bastion” zirehli maşınları, həmçinin “Bastion” üçün avadanlıqlar Gürcüstanın Poti limanından Ermənistana daşınıb. Müvafiq görüntülər Azərbaycan mətbuatında da yayılıb.

 

Hərbi texnikaların Gürcüstana hansı yolla gəldiyi məlum deyil. Ehtimal edilir ki, texnikalar Qara dənizin digər ölkələrə məxsus sahillərində yerləşən limanlarından yola düşüb. Qərb mətbuatında yayılan məlumatlara görə, Ermənistana 24 ədəd zirehli texnika göndərilib. 

 

Bir çox Afrika ölkəsi tərəfindən istifadə edilən "Bastion" Fransanın yerli şirkətləri tərəfindən istehsal edilir. 12 ton çəkisi olan zirehli texnikalar 8-10 hərbçini daşıya bilir. Zirehli maşınların üzərinə müxtəlif atıcı silahlar quraşdırmaq mümkündür.
 

Fransanın göndərdiyi silahlar regionda hərbi balansı nə dərəcə dəyişə bilər?  Ermənistanın Fransa tərəfindən silahlandırılması yeni təxribatların ayaq səsidirmi?
 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Farnsanın Ermənistanı silahlandırması Azərbaycana qarşı yönəlməyib:
 

"Ermənistan bu silahlarla Azərbaycana qarşı revanşist addımlar ata, təhlükə yarada bilməz. Fransanın göndərdiyi silahlar Ermənistanın özündə olan silahlarla müqayisədə keyfiyyətcə və zamanca elə də fərqlənmir və bugünkü tələblərə cavab vermir. Fransanın hərbi sənaye kompleksində də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar problemlər var. Fransanın Ermənistanı yetəri qədər silahlandırmağa elə də imkanı yoxdur. Bu zirehli texnika bəzi məlumatlara görə, əslində Ukraynaya verilməliydi. Amma həmin texnika özünü döyüş meydanında doğrultmadığına görə Ukrayna ondan imtina edib. Bu texnikaya göz atsaq, onun Afrika ölkələrində istifadə olunduğunu görərik. Ümumiyyətlə, "Bastion"lar zirehli maşına aid olan xüsusiyyətlərə tam cavab vermir. Xüsusilə də bu texnika dağlıq relyefə uyğun deyil. "Bastion" zirehli maşını düzənlik ərazi üçün nəzərdə tutulub".

Ehtiyatda olan polkovnik Fransanın Ermənistanı silahlandırma məqsədlərindən də bəhs edib:


"Fransa ilk növbədə regionda maraqlarını təmin etmək üçün Ermənistanı silahlandırır. Paris bu yolla regiona daxil olmaq istəyir. İran sərhədlərinə yaxın olmaq da məqsədlərdən biridir. Fransa Rusiya əleyhinə koalisyanın üzvüdür. Ona görə də, regionda Rusiyanın maraqlarını daraltmaq niyyəti daşıyır. Türkiyənin maraqlarının regionda genişlənməsinin qarşısını almaq da həmçinin rəsmi Parisin əsas niyyətlərindəndir. Silahlandırma sadəcə olaraq siyasi bəhanədir. Ermənistan elə imkanlı deyil ki, darmadağın edilmiş silahlı qüvvələrinin bərpası üçün kifayət qədər vəsait xərcləyə bilsin. Ona görə də Ermənistan histənilən silahı özünün müdafiə sənayesinin arsenalına qatmağa çalışır.
Müharibə səbəbindən Rusiyanın da Ermənistanı silahlandırmaq imkanları məhduddur. Eləcə də Ermənistan və Rusiya münasibətləri indi soyuqdur. Belə vəziyyət Ermənistanı başqa silah bazarları axtarmağa məcbur edir".
 

Ekspert Ermənistanın silahlandırılmasının hansı təhlükələr yarada biləcəyindən də danışıb:
 

"Ermənistanın silahlanmasından bir sıra ölkələr istifadə edəcək. Bu da daha çox region üçün problem yaradacaq. Həmin ölkələrin maraqlarına uyğun təhlükəsizlik əleyhinə cəhdlər ola bilər. Ermənistanın silahlandırılması ilə regionda həyata keçiriləcək layihələrə, loqistik imkanlardan istifadəyə əngəl yaradıla bilər. Ermənistan Fransanın onu silahlandırması ilə Rusiyadan uzaqlaşmaq istədiyini göstərmək istəyir. Ermənistanın silahlanması Azərbaycan Ordusunun diqqətindədir. Ermənistan Azərbaycana qarşı revanş məqsədli addım atmaq istəsə də, istəyinə nail ola bilməyəcək".
 

Hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Fransanın Ermənistanı silahlandırmasının regionda güc balansına heç bir təsiri olmayacaq:
 

"Fransanın göndərdiyi 20 ədəd "Bastion" zirehli personal daşıyıcıları Ermənistanın 44 günlük Vətən müharibəsindəki itkilərinin çox cüzi bir hissəsini qarşılaya bilər. Bu, təbii ki, heç bir halda Azərbaycan ilə Ermənistan arasındakı güc balansına zərrə qədər də təsir edə bilməz".

Ə.Verdiyev Fransa silahlarının Ermənistanı cəsarətləndirə biləcəyini deyib:


"Bu təchizat əlbəttə, 30 illik işğal tarixinə malik, Vətən müharibəsi  və ondan sonrakı 3 il ərzində daim məğlubiyyətlərə düçar olmuş Ermənistanı bir qədər cəsarətləndirə bilər. Ermənistan bu və ya digər şəkildə şərti sərhəddə təxribatlara yol verə bilər. Əvvəlki təcrübələr göstərir ki, Ermənistanın silahlanması nə onun özünə, nə də başıbəlalı xalqına xoşbəxtlik gətirib. Ermənistan növbəti dəfə başında "dəmir yumruq" zərbəsi görmək istəyirsə, Fransadan əldə etdiyi hərbi texnikalardan cuşa gəlib Azərbaycana qarşı addım atsın. Amma bu addımın ağrılı-acılı nəticəsini Fransadan daha çox Ermənistan öz "dərisində" hiss edəcək".
 

Hərbi ekspert Elxan Şıxəliyev Fransanın Ermənistanı niyə silahlandırdığını belə izah edib:
 

"Birinci səbəb 44 günlük müharibə zamanı Ermənistanın silah arsenalına vurduğumuz zərərlə bağlıdır. Ermənistanın döyüş texnikalarının 60-70 faizi, artileriya vasitələri ya sıradan çıxarılıb, ya da Bakıdakı Hərbi qənimətlər parkına gətirilib. Buna görə də Ermənistandakı boşluğu doldurmaq zərurəti yaranıb. Boşluğun doldurulmasını da hansısa ölkə üzərinə götürməlidir. Fransa da bu fürsətdən istifadə edir. Rusiya Ermənistana  silah vermək və ya satmaq istəmədiyi üçün digər dövlətlər sahəyə enir. Burada xüsusən Fransa və Hindistan maraqlı görünür".

E.Şıxəliyev Ermənistanın silahlanıb Azərbaycana qarşı müharibə edəcəyini düşünmür:


"Ermənsitanın ordusunu 2020-ci ilin 27 sentyabr halına gətirmək üçün ən azı 5 ilə ehtiyacı var. Bu da tam komplektləşdirməni həyata keçirə bilsələr, mümkündür. Bunun üçün maliyyə vəsaitləri də lazımdır. Fransanın məqsədi sahəyə enməkdir. O bunu iki istiqamətdə edir: siyasi və hərbi. Əslində, Ermənistanda olan 200 nəfər mülki missiya, 4 müşahidə məntəqəsi, Fransa "beyin mərkəzi"nin məhsuludur. Bu missiyanı yavaş-yavaş hərbiləşdirmək istəyirlər. Plan Rusiyanın Ermənistandan çəkilməsi və bu boşluğu Fransanın doldurmasından ibarətdir. Ermənistan da bunun mesajlarını verir. Ermənistan Baş naziri KTMT-nin iclasına getməyəcəyini bildirib. İrəvanın KTMT-dən çıxmaq niyyəti var. Rusiyanın hərbiləşdirilmiş gücünü - 102-ci bazanı Gümrüdən,  rusiyalı sərhədçiləri Türkiyə-İran sərhədindən çıxara bilsələr, boşluğu Fransa ilə dolduracaqlar. Fransa strateji olaraq, Cənubi Qafqazdakı baş verən proseslərin moderatoruna çevrilmək istəyir. Regionun gələcəyinin şəkilləndirilməsini Fransa təşkil etmək istəyir".
 

Ekspert Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə getdiyini qeyd edib:
 

"Ermənistan ərazisinin Zəngəzur dəhlizi üzərindən coğrafi baxımdan strateji əhəmiyyəti var. Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi uğrunda mübarizə gedir. Fransa regionda daimi sülhün olmaması üçün Ermənistan üzərindən Rusiya ilə münasibətləri "dinamitləyir". Ermənistan Rusiyayla informasiya cəbhəsində müharibədədir. Buna Rusiyanın əks təsiri, Fransayla qarşıdurması da yarana bilər. 
Ermənistanı 30 il Rusiya cəsarətləndirmişdi. İndi də Fransa özünü hərbi cəhətdən göstərmək istəyir. Göndərdikləri piyada daşıyıcısı olan "Bastion" zirehli texnikasından Ukrayna imtina edib. Çünki texnikanın zirehi özünü doğrultmur. "Bastion"nun özünümüdafiə sistemi zəifdir".
 

E.Şıxəliyev Ermənistanın uzunmüddətli silahlanmasının diqqətdə saxlamağın vacib olduğunu vurğulayıb:
 

"Fransanın Ermənistanı silahlandırmaqda əsas məqsədi Azərbaycanı, Türkiyəni və İranı təhdid etməkdir. Əgər sahədə uzun müddət silahlanma gedirsə, deməli bir gün atəş açılacaq. Yaxın müddətdə yox, uzun müddətdə Ermənistanın silahlanması təhlükəsini mütləq nəzərə almalıyıq".
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü