Modern.az

“ABŞ administrasiyasında Azərbaycana qarşı siyasət hökm sürür” - Fərid Şəfiyev

“ABŞ administrasiyasında Azərbaycana qarşı siyasət hökm sürür” - Fərid Şəfiyev

Analitika

17 Noyabr 2023, 14:26

ABŞ-ın Azərbaycana qarşı sonuncu mənfi addımları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması ölkənin rəsmi mövqeyini aydın şəkildə ifadə edir.

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib.

“Qeyd etmək lazımdır ki, ABŞ hökumətinin Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktına 907-ci düzəlişdən imtinanı qadağan etməyə dair ABŞ Senatının qərarı ikitərəfli əlaqələrə mənfi təsir etsə də, müdafiə sahəsi də daxil olmaqla, Azərbaycanın digər sahələrdəki potensialına çətin ki, təsir göstərsin. Xatırladım ki, 907-ci düzəliş 1992-ci il oktyabrın 24-də qəbul olunub. Məhz həmin il Azərbaycanın Şuşa şəhəri işğal edilib,  erməni silahlı dəstələri dəhşətli Xocalı soyqırımını törədib. Azərbaycanda həmin vaxt başqa hökumət mövcud idi.  Bütün bunlar göstər ki, ABŞ-ın bu yanaşması indiki və ya keçmişdə mövcud olmuş hökumətlə əlaqədar deyil, Ermənistan işğalına məruz qalmış Azərbaycanla bir ölkə olaraq bağlıdır”, - F.Şəfiyev deyib.


Onun sözlərinə görə, 2001-ci ilin oktyabrında Buş administrasiyasının Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın köməyinə ehtiyac duyduğuna görə 907-ci düzəlişdən imtina barədə qərar qəbul etməsi amerikalı qanunvericilərin bu aktının iflasa uğradığını göstərdi.

“Azərbaycana ehtiyac duyduğu zaman ABŞ hökuməti imtinanın yenidən işə salınması təşəbbüsü ilə çıxış edəcək. Bu cür yanaşma ABŞ-ın daxil olduğu digər ikitərəfli münasibətlərdə də mövcuddur”.


F.Şəfiyev xatırladıb ki, noyabrın 15-dəki çıxışı zamanı Dövlət katibinin köməkçisi Ceyms O`Brayen Azərbaycana qarşı digər tənqidi açıqlamaları ilə yanaşı, ABŞ-ın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin İran deyil, Ermənistan vasitəsi ilə qurulmasında maraqlı olduğunu deyib.

“Qeyd etmək yerinə düşər ki, bu il oktyabrın 23-də Ermənistan və İran arasında yolun tikintisinə dair müqavilə imzalanıb. Necə olur ki, ABŞ rəsmiləri buna normal yanaşır, lakin Azərbaycanla İran arasında rabitənin qurulmasına qarşı çıxırlar?

Bütün bunlara baxmayaraq, Azərbaycan-ABŞ əlaqələri çox vacibdir. Lakin təəssüf ki, hazırki ABŞ administrasiyasında Azərbaycana qarşı siyasət hökm sürür. Keçmiş təcrübə göstərir ki, bu müvəqqəti xarakter daşıyır və adətən  növbəti gələcək administrasiya fərqli siyasət irəli sürür. Ona görə də hər iki ölkədə mövcud əməkdaşlıq və dostluq əlaqələrini düzgün dəyərləndirən siyasətçi və mütəxəssislərin fəaliyyətlərini davam etdirməsi vacibdir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi