Modern.az

Məşhur 907-ci düzəliş: 1992-ci ildən bu günə...

Məşhur 907-ci düzəliş: 1992-ci ildən bu günə...

17 Noyabr 2023, 16:50

Məlum olduğu kimi, iki gün əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Senatda keçirilən dinləmələr zamanı deyib ki, Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Bakıya hərbi yardımları dayandıracaq: "Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”.

 

Dünən isə ABŞ Senatı Azərbaycana hərbi yardımları qadağan edən sənədi qəbul edib. Sənəd “2023-cü il Ermənistan Müdafiə Aktı” adlandırılıb. Akt “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişin dayandırılmsından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tutur. Bu vaxta qədər 907-ci düzəliş, onun ləğv edilməsinin zəruriliyi barədə çox danışılıb. Bəs 907-ci düzəliş nədir?

 

Modern.az xatırladır ki, SSRİ süquta uğradıqdan sonra ABŞ-da yeni yaranmış ölkələrdə demokratikləşmə və insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq məqsədilə "Azadlığın Dəstəklənməsi Aktı" (Freedom Support Act) adlı qanun xarakterli sənəd qüvvəyə minib. Sözügedən akt Rusiya Federasiyası da daxil olmaqla, SSRİ ərazisində formalaşan ölkələrə maliyyə vəsaiti ayrılmasını və iqtisadi xarakterli yardımlar edilməsini özündə ehtiva edirdi.

 

ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker 1992-ci ilin əvvəlində Azərbaycana səfərindən sonra Konqresdə ovaxtkı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə nitq söyləyib. O deyib ki, “Dağlıq Qarabağdakı ermənilərin hüquqları qorunmayacağı halda ABŞ-ın Azərbaycana yardım göstərməyəcək”. İşğala məruz qalan Azərbaycanın işğalçı və separatçıların hüquqlarını pozması barədə ədalətsiz və gerçəyi əks etdirməyən iddialar tədricən Konqresdə erməni diasporunun da göstərdiyi səylər nəticəsində həqiqət kimi qəbul olunmağa başlayıb.

 

Bundan sonra "Azadlığın Dəstəklənməsi Aktı"na məşhur 907-ci düzəliş qəbul edilib. Layihənin müəllifləri ovaxtkı senatorlar Con Makkeyn və Con Kerri olub. Bu düzəliş guya Azərbaycanın Ermənistana və Qarabağ ermənilərinə embarqo tətbiq etdiyi və aqressiv yanaşma sərgilədiyini "əsas" gətirərək rəsmi Bakıya akt çərçivəsində nəzərdə tutulan yardımların dayandırılması və məhdudiyyətin tətbiqini məcburi edir. 2001-ci ilə qədər qüvvədə olan düzəlişə görə Azərbaycan digər postsovet ölkələrinə göstərilən yardımdan məhrum qalıb.

 

Nəzərə alsaq ki, həmin dövr müstəqilliyin yenicə qazanıldığı vaxtlara təsadüf edir, dövlət quruculuğu və iqtisadi stabilliyin təmin olunması prosesinin kövrək şəkildə irəlilədiyi illərdə yardım həyati əhəmiyyət kəsb edirdi. 2001-ci ildə "Əkiz qüllələr"dəki məlum terror aktının törədilməsindən sonra Vaşinqton qlobal miqyasda terrorla mübarizə siyasətinə start verdi. İraq, Əfqanıstan kimi ölkələrdə quru əməliyyatı həyata keçirən ABŞ Azərbaycanın coğrafi mövqeyindən yararlanmağa, logistik imkanlardan istifadə etməyə ehtiyac duymağa başladı.

 

Nəticədə praqmatik siyasi kurs erməni diasporunun tələblərini üstələdi və Vaşinqton "embarqo altındakı məzlum erməniləri" unutdu. Rəsmi Bakı 2001-ə qədər dəfələrlə 907-ci düzəlişin qüvvədən düşməsi və yardımların bərpası məsələsini qaldırsa da, məhz həmin ildəki praktik ehtiyac ABŞ-ın bu məsələyə qayıtmasına gətirib çıxardı. 24 oktyabr 2001-ci ildə Senatın xüsusi rəyindən sonra 19 dekabr 2001-ci ildə Nümayəndələr Palatası ölkə prezidentinə 2002-ci ilin sonuna qədər Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin hüquqi qüvvəsinin dayandırılması səlahiyyəti verib.

 

Bu vaxta qədər hər il ABŞ prezidentləri 1 il müddətinə 907-ci düzəlişin hüquqi qüvvəsinin dayandırılması barədə müvafiq qərar imzalayıb. Axırıncı dəfə analoji qərar 21 iyun 2022-ci il tarixində qərar verilib. Bundan sonra Ağ Evdə oturanların belə səlahiyyəti olmayacaq. Azərbaycan Xarici İşlər Nazirliyi həm ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın bəyanatına, həm də Senatın sözügedən qərarına sərt şəkildə etiraz edib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi