Modern.az

Qarabağ erməniləri geri qayıtmaq istəyirmi? - Bakıya qarşı təzyiq aləti

Qarabağ erməniləri geri qayıtmaq istəyirmi? - Bakıya qarşı təzyiq aləti

Analitika

18 Noyabr 2023, 14:21

Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalır.
 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib. XİN bəyan edib ki, Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir.

"Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub", - XİN-dən qeyd olunub.

Beynəlxalq Ədalət Məhkəməsi qərarını şərh edən siyasi təhlilçi Asif Nərimanlı da Modern.az-a  bildirib ki, rəsmi Bakı Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmağa hazır olduğunu əvvəldən də bəyan edib.

“Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir”.


A.Nərimanlının sözlərinə görə, qərarda diqqətçən bir məqam da var – Beynəlxalq Ədalət Məhkəməsi deyir: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
 

“Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta “pasportları”dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil;
 

İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin “pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir: Beynəlxalq Ədalət Məhkəməsinin qərarındakı bu tələb kağız üzərində “qeyd” olaraq qalacaq;
 

Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri şübhəlidir, çünki onların böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər”.
 

Siyasi şərhçi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil.

“Lakin qərara əsasən, Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə Beynəlxalq Ədalət Məhkəməsinə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilənin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər”

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi