Modern.az

Sülh sazişi sərhəddə imzalansın! - İrəvan Bakıya müsbət cavab verməlidir

Sülh sazişi sərhəddə imzalansın! - İrəvan Bakıya müsbət cavab verməlidir

Analitika

22 Noyabr 2023, 17:32

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. Rəsmi Bakı görüş yeri kimi Azərbaycan-Ermənistan sərhədini göstərib. "Sərhəddə görüşə və birbaşa danışıqlara hazırıq", - deyə Azərbaycan XİN-nin məlumatında bildirilib.

 

Ermənistan XİN də hazır olduqlarını açıqlayıb. "Bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var. İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər", - açıqlamada deyilir.

 

Rəsmi Bakının vasitəçilərsiz danışıq təklifi ekspertlər tərəfindən maraqla qarşılanıb. Bu, ABŞ-ın vasitəçiliyi ilə görüş təklifindən imtina edilməsindən sonraya təsadüf edir.

 

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi sərhəddə imzalana bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev sülh müqaviləsinin Azərbaycan və Ermənistanın qarşısında duran əsas vəzifə olduğunu bildirib:

 

“Ermənistan tərəfi ciddi cəhdlə danışıqların kiminsə vasitəçiliyi ilə aparılmasına çalışır. Hətta, Baş nazir tərəfindən ABŞ, Almaniya və Fransanın vasitəçiliyi ilə danışıqlara çağırışlar edilib. Biz dəfələrlə münaqişənin bitdiyini, əsas məsələnin sülh müqaviləsinin imzalanması olduğunu bildirimişik. Bu, Azərbaycan və Ermənistana aid məsələdir. Sülh müqaviləsi hər iki ölkənin qarşısında duran vəzifədir”.

A.Nağıyev vurğulayıb ki, sülh müqaviləsinin imzalanmasında Ermənistan daha maraqlı olmalıdır:

 

“Biz onlara sülh üçün 5 prinsip irəli sürmüşük. Dəfələrlə, bu prinsiplərlə onları tanış etmişik. Onlar da 3 prinsip məsələsini ortaya qoymuşdular. Regiondan min kilometrlərlə uzaqda olan ölkələrin sülhün bərqərar olmasında iştirakı inanılmazdır. Sülh müqaviləsi imzalanmadıqca regionda iqtisadi, siyasi və digər proseslərin inkişafı üçün problemlər qalacaq. Lakin sülh müqaviləsi imzalanmasada, Azərbaycan diqtə edən tərrəf kimi daxili və xarici siyasətini aparmaqdadır. Buna daha çox Ermənistan maraqlı olmalıdır”.

 

Deputat sülh müqaviləsinin imzalanmasının istənilən sərhəd rayonumuzda mümkün olduğunu söyləyib:

 

“Sülh müqaviləsi istənilən rayonumuzda imzalana bilər. Ermənistan və onun havadarlarının sərhəddə görüşə razılıq verməsi əsas məsələdir. Çünki son zamanlar yenə də Ermənistanın öz sərbəst xarici siyasətinin olmadığı hiss olunur. Ümumi götürdükdə, sülh müqaviləsinin harada imzalanması elə də böyük əhəmiyyət kəsb etmir. Bizim danışıqlar üçün kifayət qədər imkanlarımız var. İndi top Ermənistan tərəfdədir”.

 

Politoloq Natiq Miri bildirib ki, sərhəddə görüş təklifi Ermənistan üçün lakmus kağızı rolu oynayacaq:

 

“Sülh müqaviləsinin imzalanması üçün şərtlər qarşılıqlı şəkildə razılaşdırılmalıdır. Bunun üçün də xeyli vaxta ehtiyac var. Tərəflərin məsuliyyət hiss edib heç bir vasitəçi olmadan görüş təklifinə müsbət yanaşması vacibdir. Azərbaycanın bununla bağlı heç vaxt problemi olmayıb. Ermənistan tərəfində isə problem həmişə olur. Bu gün Ermənistan Avropa şəhərlərində xüsusilə də, Brüsseldə görüşmək istəyir.Bu kontekstdə Rusiyanın təklif etdiyi Moskva görüşündən də imtina edir. Bu onu göstərir ki, vasitəçisiz, Qərbin, xüsusilə də Fransanın iştirak etmədiyi sülh danışıqlarında iştirak etməkdən Ermənistan acizdir və ya qorxur.  Bu həm də Ermənistanın müstəqil subyekt olmadığı üçün yalnız ona verilən tezislər əsasında hərəkət etdiyinə dəlalət edir. Buna görə də sərhəddə görüş təklifinin Ermənistan üçün lakmus kağızı rolunu oynayacaq”.

N.Miri Ermənistanın Azərbaycanın təklifinə müsbət yanaşmalı olduğunu söyləyib:

 

“Əgər Nikol Paşinyan ATƏT-in Parlament Assemblyasının İrəvanda keçirdiyi son iclasında da  qeyd etdiyi kimi, “sülh sənədini imzalamağa hazırıq” ifadəsində səmimidirsə, Azərbaycanın sərhəddə görüş təklifini qəbul etməlidir. Belə praktika mövcuddur. Mərhum Prezident Heydər Əliyevin Ermənistanın ozamanki prezidenti Robert Köçəryanla bu formada görüşləri olub. Bunun üçün Tbilisiyə, Moskvaya, yaxud Brüsselə getməyə ehtiyac yoxdur. Məsələləri tədricən dialoq xarakterinə çevirməyə ehtiyac var. Azərbaycanın etdiyi də budur.  Ermənistan səmimi olarsa, bu yöndə qısa müddətdə bir çox məsələlər razılaşdırıla, hətta sülh müqaviləsinin çərçivə sazişi də imzalana bilər. Çünki sülh müqaviləsini dərhal imzalamaq çətin prosesdir. Prinsipial olararaq çərçivə sənədi imzalananda onun içini doldurmaq üçün müəyyən vaxta ehtiyac olur. Çünki sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiyası uzun vaxt alan texniki məsələlərdir. Sülh müqaviləsinin imzalaması məsələsini mən mümkün hesab edirəm. Yetər ki Ermənistan müstəqil subyekt olduğunu sübut etsin. Ermənistan dövlətinin maraqları çərçivəsində qərar verəcəksə, onda sərhəddə görüşdə baş tutacaq.  Bu da sülh müqaviləsinin imzalanacağına işarə olacaq. Buna "yox" cavabı veriləcəyi halda, sülh prespektivi üfüqdə belə görünməyəcək”.  

 

Politoloq hansı sərhəd ərazilərində görüşün baş tuta biləcəyindən də danışıb:

 

"Nikol Paşinyan son dövrdə ölkəsini müstəqil görmək istəyən, bəlkə də, yeganə Ermənistan Prezidentidir. Onun bu istiqamətdə həvəsi hiss olunur. Lakin bunun üçün əməli addım atmağa ehtiyac var. Sərhəddə görüşü qəbul etmək Ermənistan hakimiyyəti üçün ciddi imtahan olacaq. Bundan sonra dünyaya "biz sülh istəyirik" yalanını sırıya bilməyəcəklər. Yenə də deyirəm ki, sərhəddə sülh görüşlərinin aparılması mümkündür. Bu məsələlərdə əsas əngəlləyici rol oynayan Fransa imkan verməlidir. İndiki reallıqda iki ölkənin Qazaxla Noyemberyan sərhəd ərazilərində görüşməsi mümkündür. Orada intensiv sülh sənədi imzalamaq üçün şərait də yaradıla bilər. Hər iki tərəfdən İşçi Qrupunun iştirakı ilə istər Qazaxda, istərsə də Noyemberyanda bu cür fəaliyyət imkanı yaradıla bilər. Birbaşa sərhədin özündə istilik sistemi ilə təchiz olunan müasir çadırlar da qurmaq olar. Bunu Ermənistan edə bilmirsə, Azərbaycanın bu istiqamətdə təcrübə və imkanları mövcuddur. Yəni Azərbaycanın təklifini rədd etmək üçün Ermənistanın heç bir bəhanəsi yoxdur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok