Modern.az

44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ - General Vahid Əliyevin YAZISI

44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ - General Vahid Əliyevin YAZISI

Analitika

22 Noyabr 2023, 16:30

"Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində dünyada və xüsusən də regionda geosiyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün Qarabağ ətrafında başlanan təlatümlü hadisələrlə, uzun illər ərzində Ermənistanın Vətənimizin bu tarixi ərazisinə olan əsassız iddialarının baş qaldırması ilə müşayiət olunmuşdur. Xarici himayədarlarının dəstəyinə arxalanan və bölgədə yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan illərdir hazırladığı məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirməyə başlamışdır. Respublikamızın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarının 20 faizini itirmək məcburiyyətində qaldı, 1 milyona yaxın vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Orduda maddi-texniki təchizatın aşağı olmasına, vahid rəhbərliyin olmamasına rəğmən bu savaşda Vətənimizin igid övladları Azərbaycanın suverenliyi naminə son damla qanına kimi vuruşaraq torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmişlər.
 

Müharibə başladığı ilk  gündən  Azərbaycan xalqının igid oğlanları doğma Vətənin müdafiəsinə qalxmış, döyüş meydanında əsl fədakarlıq nümunələri göstərmişlər
 



Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilən, kütləvi qətliam və soyqırımlarla qan yaddaşımıza həkk olunan bu müharibədə ərazilərimizin itirilməsinə xarici təzyiqlərlə bərabər Azərbaycanın ovaxtkı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəni idarə edə bilmək qabiliyyətində və bacarığında olmaması, yalnız şəxsi mənafeləri güdərək hakimiyyəti öz əlində saxlamağı məqsəd kimi görməsi də şərait yaratmışdır. 1991-1993-cü illər ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdür.

Lakin 1993-cü ilin iyun ayında xalqın təkidli və israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin təhlükəsizliyinə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə almağa və qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu. Ümummilli Liderin misilsiz səyləri və gərgin əməyi ilə 1994-cü ilin may ayında təcavüzkar dövlətlə atəşkəs razılaşması əldə olunduqdan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Qısa zaman ərzində qəbul edilən müdrik siyasi qərarlarla, gerçəkləşdirilən mühüm iqtisadi layihələrlə Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında sülh və əmin-amanlıq şəraitində davamlı inkişaf yoluna qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatları uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində məharətlə və yüksək peşəkarlıqla həyata keçirdiyi diplomatik fəaliyyəti boyunca Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın bir hissəsinin itirilməsi, vətəndaşlarımızın öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün halına salınması, qarşı tərəfin təcavüz və təhdid ritorikasını sürdürməsi barədə bəyanatlar mötəbər təşkilatların kürsüsündən və beynəlxalq əhəmiyyətli tədbirlərdə davamlı olaraq səsləndirilmiş, münaqişənin dinc yolla həllinə nail olunması üçün bütün mümkün siyasi vasitələrdən istifadə edilmişdir. Həmçinin 1992-ci ildə konfliktin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün təsis olunmuş Minsk qrupu münaqişənin dayandığı nöqtədə qalmasında əsas pay sahibi olmuş, qurumun fəaliyyətsizliyi və səmərəsizliyi mövcud vəziyyətin dayanıqlı olmasını şərtləndirmişdir. Prezident İlham Əliyev 2020-ci ilin 12 dekabr tarixində Minsk qrupunun həmsədrlərini qəbul edərkən demişdir: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

Ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu təxribatları mütəmadi xarakter almış, bu təxribatlar müəyyən dövrlərdə hərbi qulluqçularımızın və mülki əhalinin sırasından itkilərə, eyni zamanda sağlamlığa ciddi ziyan vurulmasına səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur. 2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır.

Son illər ərzində beynəlxalq hüquq normalarına zidd olan bu cinayətkar əməllərin törədilməsi ilə yanaşı, Ermənistan rəhbərliyinin müharibə ruhlu çıxışları, işğal altında olan ərazilərə qeyri-qanuni səfərlər etməsi, Ermənistanın hazırkı baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" deməklə provokativ çıxışlara yol verməsi və təxribat dolu bəyanatlar səsləndirməsi, bu ölkənin ozamankı müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı, işğal altında olan ərazilərimizdə yerləşən separatçı quldur dəstəsinin başçısının Şuşada inaqurasiya mərasiminin və qanunsuz "parlamentin" Xankəndidən Şuşaya keçirilməsi ilə bağlı spekulyativ qərarların verilməsi və bununla da münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyin davam etdirilməsi illərdir sürən sülh danışıqları prosesini sıfır nöqtəsinə gətirmiş oldu.



Xalqımız işğalçı ölkənin baş nazirinin milli heysiyyətimizə toxunan çıxışları qarşısında "Qarabağ Azərbaycandır və Nida işarəsi" deyən Prezidentinə, Ali Baş Komandanına inanır, ordusunun gücünə və rəşadətinə güvənirdi. Beləliklə, son dönəmlərdə münaqişə bölgəsində yaradılan gərginliklərlə, atılan qıcıqlandırıcı addımlarla, rəsmi şəxslərinin səsləndirdikləri fikir və bəyanatları ilə müharibəyə hazırlaşdığı açıq-aydın sezilən Ermənistan 2020-ci il sentyabr ayının 27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən "Dəmir yumruq" adlanan əks-hücum əməliyyatına - Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü, 8 noyabr tarixində hər bir azərbaycanlının qürur yeri olan Şuşa şəhərini azad etməklə müharibənin məntiqi sonluğunu vurmuş oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur".

Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. Bu gün hamılıqla etiraf edilir ki, 44 günlük müharibədə xalqın və ordunun Ali Baş Komandana dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Şəhər və kəndlərimizin düşməndən azad edilməsi barədə məlumatların mütəmadi olaraq cənab Prezident tərəfindən əhaliyə çatdırılması ordumuzu və xalqımızı daha böyük uğurlara səsləmişdir.

Doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun "dünya azərbaycanlıları!"

Ulu Öndər hər zaman ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə görüşlərində Qələbə gününün elə də uzaqda olmadığını, itirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, vətəndaşlarımızın düşmən tapdağı altında qalmış həmin ərazilərə tezliklə qayıdacağına dərin inamını ifadə edir, xalqımızın həsrətinə tez bir zamanda son qoyulacağına əminliyini bildirirdi: "Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik".

Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.

Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır. 2020-ci ilin noyabr və dekabr aylarında müəyyən növbəliklə Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldıqdan sonra cari ilin avqust ayının 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi və yürütdüyü uğurlu siyasi kursun  təntənəsi idi.

Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ

münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı, düşmənə qarşı informasiya müharibəsində də baş rolda çıxış edirdi. Müharibənin getdiyi dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin gedişi barədə həqiqətləri dünyaya bəyan edir, ona ünvanlanan bəzi təxribat xarakterli suallara yüksək diplomatik məharətlə cavab verirdi. Eyni zamanda bu müsahibələrdə Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının müharibə boyu Azərbaycana verdiyi dəstəyi də xüsusilə vurğulayırdı.

Vətən müharibəsindən sonra hər iki dövlətin sarsılmaz birliyinin daha bir təcəssümü kimi Türkiyə və Azərbaycan prezidentlərinin 2020-ci ilin dekabr ayında Bakı şəhərində, Azadlıq meydanında keçirilən Zəfər paradında birgə iştirakı da bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu bir daha göstərdi.


Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurları
 



Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
 

Azərbaycanın Prezidentinin qətiyyətli mövqeyi: ərazi bütövlüyü, suverenlik və tarixi ədalətin bərpası
 



Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Hər birimiz Vətən müharibəsində qazanılan tarixi qələbəyə görə şəhidlərimizə, bu yolda sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına borcluyuq.

Beləliklə, bu il Azərbaycan xalqı üç il bundan əvvəl tarixinə ən şanlı gün kimi düşmüş, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Zəfər Günü elan etdiyi 8 noyabr tarixinin növbəti ildönümünü böyük sevinc və fəxarətlə qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan bu qələbə ilə Azərbaycan xalqı qüdrətli xalq olduğunu, Azərbaycan dövləti qalib dövlət olduğunu bütün dünyaya göstərdi. Dövlətimizin başçısının da dediyi kimi, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq!

 

Vahid  Əliyev,
Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə sabiq köməkçisi,
Ehtiyatda olan general-leytenant

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok