Modern.az

Bayden atəşkəsin uzadılmasını istəyir - İsrailin şərtləri var

Bayden atəşkəsin uzadılmasını istəyir - İsrailin şərtləri var

Analitika

27 Noyabr 2023, 09:40

İsrail və HƏMAS arasında əldə olunan atəşkəs sazişinin sonuncu günüdür.

 

Modern.az xəbər verir ki, dörd günlük atəşkəsin müddətinin uzadılması təklif edilir.

 

ABŞ prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında atəşkəsin girovlar azad edilən qədər davam edəcəyinə ümid etdiyini bildirib. 

 

HƏMAS İsrail tərəfindən azad edilən fələstinli məhbusların sayını artırmaq üçün ciddi səylər göstərilərsə, döyüşlərdəki fasiləni uzatmaq istədiyini söyləyib.

 

Qeyd edək ki, indiyədək İsrial 117 fələstinli məhbusu, HƏMAS isə 39 girovu sərbəst buraxıb. Fələstin qruplaşması dünən 13 israilli, üç taylandlı və bir Rusiya vətəndaşını təhvil verdiyini bildirib və Beynəlxalq Qırmızı Xaç Komitəsi bazar günü onların Qəzzadan uğurla çıxarıldığını təsdiqləyib.

 

HƏMAS tərəfindən sərbəst buraxılan girovlardan biri 4 yaşlı amerikalıdır. Abigail Edan oktyabrın 7-də İsrailə hücum edərkən valideynlərinin HƏMAS döyüşçüləri tərəfindən öldürüldüyünün şahidi olub və o vaxtdan bəri qruplaşmanın girovluğundadır. Bayden mətbuat konfransında onun bu müddət ərzində dözə bilməsini ağlasığmaz adlandırıb.

 

Fələstinin WAFA agentliyinin məlumatına görə, fələstinlilər azad edilən məhbusları Ramallahda sevinclə qarşılayıblar.

 

Ötən həftə başlayan dörd günlük atəşkəslə HƏMAS və İsrail arasında oktyabrın 7-də başlayan döyüşlər ilk dəfə dayandırılıb. Döyüşlər zamanı İsraildə 1200 nəfər öldürülüb, 240 nəfər əsir götürülüb. İsrail HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağına ağır zərbələr endirib. 7 həftə davam edən döyüşlərdə 14500 nəfərin öldüyü bildirilir.

 

Ancaq atəşkəs kövrəkdir və hər iki tərəf döyüşlərin bərpa ediləcəyini vəd edib. Netanyahu bazar günü Baydenlə girovların azad edilməsi ilə bağlı müzakirələr apardığını deyib və əlavə edib ki, əgər hər əlavə gündə 10 əsir azad ediləcəksə, müvəqqəti atəşkəsin uzadılmasını dəstəkləyəcək. O, həmçinin Baydenə atəşkəsin sonunda İsrailin məqsədlərinə çatmaq üçün tam gücü ilə geri dönəcəyini vurğulayıb. Baş nazirin sözlərinə görə, İsrailin məqsədi HƏMAS-ın məhv edilməsi, Qəzzanın əvvəlki vəziyyətinə qayıtmamasını təmin etmək və bütün girovları azad etməkdir.

 

Qətər, Misir və Birləşmiş Ştatlar atəşkəsin bazar ertəsindən sonra uzadılması üçün təzyiq göstərir, lakin bunun baş verib-verməyəcəyi bəlli deyil. Toqquşmalar və ittihamlar mövcud razılaşmanı poza bilər. Həm Qəzza zolağında, həm də İordan çayının Qərb sahilində vəziyyət gərgindir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok