Modern.az

Blinkenin Bakıya zəngi: “qırmızı çizgi”ni aşan Vaşinqton səhvini anlayıb - ŞƏRH

Blinkenin Bakıya zəngi: “qırmızı çizgi”ni aşan Vaşinqton səhvini anlayıb - ŞƏRH

Analitika

29 Noyabr 2023, 09:38

ABŞ dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurması, Vaqintonun Bakı ilə münasibətləri normallaşdırmaq istədiyini söyləməsi, köməkçisi Ceyms O`Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi siyasi dairələrdə geniş şərh olunmaqdadır.

Bir çox ekspertlərin qənaətinə görə, Azərbaycan hökuməti anti-Amerika demarşında tam haqlı tərəfdir. Qərbin böyük ölkələrinin, o cümlədən ABŞ-ın xəbərdarlığına baxmayaraq, Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi onlara təsri edib və bunu özlərinə böyük sayğısızlıq kimi qəbul edirlər.  

Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı ritorikanı sərtləşdirən, hətta bəzi sanksiyalara əl atan Qərb öz şərtlərini diqtə etməyə çalışmaqla Bakının geri çəkiləcəyini güman etsə də, əksini gördü.

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahiboğlu deyib ki, ABŞ dövlət katibi Entoni Blinken köməkçisi Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng edib.

“Bu zəngə ehtiyac var idi, əks halda, münasibətlər gərginləşməkdə davam edəcəkdi ki, bu nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms O`Braynın çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms O`Brayn Konqresdəki çıxışının “qırmızı çizgi”ni aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verib”.

Ekspert bildirib ki, Ceyms O`Brayn dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin.

“Hər halda Ceyms O`Brayn və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır. ABŞ dünyanın əsas güclərindən biridir, Vaşinqtonun Bakı ilə təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac duyulur. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir”.

E.Şahinoğlu onu da deyib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir.

“Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil. ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır”.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok