Modern.az

Dünyada ən çox hansı dillər bilinir... - ARAŞDIRMA

Dünyada ən çox hansı dillər bilinir... - ARAŞDIRMA

Analitika

29 Noyabr 2023, 16:48

Məlum olduğu kimi, dünyada müxtəlif dil ailələri, bu dil ailələrinin tərkibində müxtəlif dil qrupları, bu qrupların tərkibində isə çoxsaylı dillər var. Sivilizasiya inkişaf etdikcə, bəzi dillər zənginləşir, eləcə də daha geniş arealda yayılır. Danışanı az olan dillər isə tədricən sıradan çıxaraq ölü dillərə çevrilir. Məsələn, ən məşhur ölü dil Hind-Avropa dil ailəsinin Roman qrupuna aid olan bir çox dillərə - ispan, italyan, fransız, rumın və s. dillərə başlanğıc vermiş latın dilidir.

 

İstənilən dilin gücü onun söz dağarcığı ilə yanaşı, bu dildə danışan insanların sayı ilə də ölçülür. Hansı dildə danışan çoxdursa, yayıldığı areal genişdirsə, deməli, bu dilin ölü dilə çevrilməsi riski xeyli azdır. Dilin ana dili kimi, yaxud sonradan öyrənilən ikinci, yaxud üçüncü və s. dil olması da önəm kəsb edir. Sirr deyil ki, insanlar gündəlik ünsiyyətdə daha çox ana dilinə üstünlük verməyə çalışırlar, çünki belədə kommunikasiya daha asan və komfortlu olur.

 

Modern.az hansı dilin daşıyıcısının daha çox olduğunu və ana dili kimi istifadə olunmasının miqyasını araşdırıb.

 

Təəccüblü deyil ki, dünyada ən geniş istifadə olunan dil ingilis dilidir. Statistik məlumatlara nəzər salsaq, ingilis dilində danışanların sayı 1.5 milyarda yaxındır. Bu göstərici dünyanın 8-də 1-dən çoxdur. Bununla belə, ingilis dili ana dili kimi yayılmada çincəyə uduzur. Belə ki, çincə daşıyıcılarının sayına görə dünyada ingilicədən sonra ikinci yerdə qərarlaşsa da (1.1 milyard), məhz ana dili kimi dünyada liderdir. Əgər ingilis dilini ana dili hesab edənlərin sayı 373 milyondursa, çincədə bu statistika 929 milyon təşkil edir.

 

Hind-Avropa dil ailəsinin Hind-Aryan qrupuna aid edilən hind dili də dünyada geniş yayılmış dillərdən hesab olunur. Siyahıda üçüncü yerdə qərarlaşan bu dildə bilənlərin ümumi sayı 602 milyon, ana dili kimi bilənlərin sayı isə 344 milyona yaxındır. İlk beşliyi ispan və fransız dilləri tamamlayır. Müvafiq olaraq ispan və fransız dilində dünya əhalisinin 548 milyon və 275 milyon əhalisi danışa bilir. İspan dilini ana dili hesab edənlərin sayı 475 milyon, fransızcanı anasından öyrənənlərin sayı isə 80 milyondur.

 

 

Ərəb, benqal, rus, portuqal və alman dilləri dünyada ən çox danışılan 10 dildən biri hesab olunurlar. Ərəbcə danışanların sayı qlobal miqyasda 274 milyondan çoxdur. Təəssüf ki, ana dilini ərəb dili hesab edənlərin statistikası əlçatan deyil, çünki bu dil 20-dən çox ölkənin rəsmi dilidir və hər ölkədə ərəbcənin müxtəlif adlar daşıyan fərqli ləhcələri ana dili hesab olunur və statistika ayrı-ayrılıqda aparılır. Bilindiyi kimi, ərəb dili təkcə etnik ərəblərin yox, həm də dini ayinləri gündəlik qaydada icra edən müsəlmanların işlətdiyi dildir.

 

Benqal dilinə gəlincə, Banqladeş və Hindistanda məskunlaşan benqalların dili olan bu dil adıçəkilən etnik qrupun sayının çox olması səbəbindən ilk onluğa daxil olub. Belə ki, benqalca bilənlərin sayı 273 milyon insan var ki, bunlardan 240 milyonuna yaxını bu dili ana dili kimi istifadə edir. Hind-Avropa dil ailəsinin Slavyan qrupunun Şərq yarımqrupuna daxil olan rus dili də keçmiş SSRİ hüdudlarında və bəzi digər post-sosialist ölkələrində qismən yayılıb.

 

Dünyada rus dilini bilən 258 milyon insan yaşayır ki, bunlardan 154 milyonu ruscanı ana dili hesab edir. Portuqal dili isə Portuqaliya ilə yanaşı, Braziliyada da əsas dildir. Bu dildə danışanların sayı 257 milyondur ki, onlardan 232 milyonu üçün portuqalca doğma dildir. Son vaxtlar bir sıra ölkələrdə də portuqal dilinə marağın artdığı müşahidə olunur. Almanca bilənlərin sayı isə 135 milyon civarındadır. 135 milyondan cəmi 75 milyonu alman dilini ana dili sayır.

 

Alman dili də son dövrlər geniş öyrənilən dillərdən biridir. Buna səbəb Almaniyaya köçmək istəyən əmək miqrantlarının almanca bildikləri təqdirdə daha yaxşı şərtlərlə və sadə prosedurlarla inteqrasiya oluna bilməsidir. Ümumiyyətlə, hansısa dili öyrənməyin müxtəlif səbəbləri ola bilər. Burada mədəniyyətə maraqdan tutmuş, elmi ədəbiyyata çıxışa qədər ən müxtəlif səbəblərdən söhbət gedir. Təbii ki, ən çox öyrənilməsinə çalışılan dil beynəlxalq dil statusu daşıyan ingilis dilidir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok