Modern.az

ABŞ Ukraynaya hərbi yardımı dayandırır?

ABŞ Ukraynaya hərbi yardımı dayandırır?

Analitika

8 Dekabr 2023, 09:09

ABŞ administrasiyasının Ukraynaya dəstək üçün pulu tükənmək üzrədir. ABŞ Prezidenti Co Bayden Konqresə 106 milyard dollarlıq yardım təklifi göndərib, bunun 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub. Lakin bu təklifin qəbul edilib-edilməyəcəyi məlum deyil.

 

ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller bildirib ki, Ukraynanın maliyyələşdirilməsinə ayrılan pullar demək olar ki, “tükənib”: Vaşinqton əvvəllər təsdiq edilmiş vəsaitlərin 97%-dən çoxunu artıq xərcləyib. Onun sözlərinə görə, Konqres prezident Co Baydenin tələb etdiyi 106 milyard dollarlıq əlavə milli təhlükəsizlik maliyyəsi paketini “mümkün qədər tez” razılaşdırmalıdır.

 

Ağ Evin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan xəbərdarlıq edib ki, maliyyə vəsaitinin gecikmə ABŞ-ı Kiyevə silah tədarükünü dayandırmağa məcbur edəcək.

 

Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, qanunvericilərə Kiyevi dəstəkləmək “çox çətin olacaq”, “təxminən ilin sonuna” qədər vaxt var.

 

Bununla belə, Ağ Evin İdarəetmə Ofisi və Büdcə Direktoru Şalanda Yanqın Konqresə göndərdiyi məktubda deyilir ki, Vaşinqtonun ilin sonuna qədər vaxtı olmaya bilər. O qeyd edib ki, prezident administrasiyasının “sehirli pulu yoxdur” və “vax tükənir”. Xanım Yanqın sözlərinə görə, əgər Pentaqonun hesablarında hələ də Kiyevin maliyyələşdirilməsi üçün təxminən 3% pul qalırsa, Dövlət Departamentinin bu məqsədlər üçün bir dolları qalmayıb. O, Konqresin “dərhal” hərəkətə keçməli olduğunu, əks halda “fəlakət” olacağını bildirib.

 

ABŞ Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gəlməyə çalışır və məsələnin Miladdan əvvəl, dekabrın 25-nə qədər həll olunacağına ümidlər var idi. Ancaq indi heç kim buna əmin deyil və buna görə də qərarın gecikməsi riski yaranıb.

 

Senatdakı demokratlar administrasiya həmkarlarının narahatlıqlarını bölüşür. Konqresin yuxarı palatasındakı Demokrat çoxluğun lideri Çak Şumer ilk səsverməni Baydenin tələbi ilə dekabrın 6-da keçirməyi planlaşdırırdı. Lakin, qanun layihəsinin Senatdan keçmə ehtimalı azdır, çünki respublikaçılar Ukraynaya yardımı genişmiqyaslı miqrasiya islahatı ilə əlaqələndirməyə çalışırlar. Respublikaçılar Ukraynaya maliyyə dəstəyi müqabilində Meksika ilə “sərhədin bağlanmasını” tələb edirlər. Buna görə vəziyyət dalana dirənib.

 

Demokratların sözlərinə görə, respublikaçılar güzəştə getməkdən qəti şəkildə imtina edirlər. Baydenin tələb etdiyi 106 milyard dollara ABŞ-ın cənub sərhədinin təhlükəsizliyini maliyyələşdirmək üçün də 14 milyard dollar daxildir, lakin bəzi respublikaçılar bunun kifayət olmadığını düşünür. 

 

Cənub sərhədi, İsrailə və ABŞ-ın Hind-Sakit Okean regionunda müttəfiqlərinə yardım üçün vəsaiti də əhatə edən Ukraynanın maliyyələşdirilməsi haqqında qanun layihəsi yaxın gələcəkdə Senatdan keçərsə, Ağ Ev hətta belə bir problemlə üzləşməli olacaq. Nümayəndələr Palatası Kiyevə daha çox şübhə ilə yanaşır. Əslində belə ciddi ləngiməyə səbəb Konqresin aşağı palatasından bir qrup respublikaçının mövqeyi olub.

 

Keçən həftə Nümayəndələr Palatasının spikeri Mayk Conson gözlənilmədən elan edib ki, o, şəxsən Konqresin Ukraynaya əlavə yardımı təsdiqləmək perspektivlərinə “inamlı və nikbindir”. “Əlbəttə, biz Vladimir Putinin (Avropa boyu yürüş keçirməsinə icazə verə bilmərik. Biz köməyə ehtiyacı anlayırıq”, – deyə skeptiklər qrupuna aid olan və ABŞ sərhədlərində təhlükəsizlik siyasətini dəyişməkdə israrlı olan Conson bildirib.

 

Respublikaçılara təsir etmək üçün demokratlar Ukrayna prezidenti Volodimir Zelenskini prosesə cəlb etmək qərarına gəliblər. Senatorlar Ukrayna liderini qanunvericilərlə videobağlantı vasitəsilə danışmağa dəvət edib. Lakin Zelenski son anda ABŞ Senatının üzvləri qarşısında Ukraynaya yardım üçün vəsait ayrılması məsələsi ilə bağlı qapalı iclasda çıxışını ləğv edib. Onun niyə belə bir qərar verdiyi məlum deyil.

 

Yeri gəlmişkən, Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib ki, Ukrayna ABŞ-dən yardım almazsa, Rusiya ilə müharibədə məğlub olmaq riski böyükdür.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok