Modern.az

İran Avrasiya İttifaqına qoşulur... - Moskva-Tehran sövdələşməsi NƏYƏ HESABLANIB?

İran Avrasiya İttifaqına qoşulur... - Moskva-Tehran sövdələşməsi NƏYƏ HESABLANIB?

Analitika

6 Dekabr 2023, 17:16

Xəbər verdiyimiz kimi, dünən Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında hərtərəfli tərəfdaşlıq haqqında saziş hazırlanır. Onun sözlərinə görə, sənədin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində imzalanması planlaşdırılır. Ümumilikdə, Aİİ və İran arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində uzun müddətdir ki, iş aparılır.

 

Modern.az İranın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasını və əməkdaşlığını araşdırıb.

 

Bu ilin yanvarında İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət sazişi imzalanıb. Sənədin imzalanması mərasimində İranın sənaye, mədən və ticarət nazirinin müavini, respublikanın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peyman Pak və Aİİ nümayəndə heyətinin üzvləri iştirak ediblər. Payman Pakın, eləcə də AİK-in ticarət üzrə nümayəndəsi Andrey Slepnevin imzalanma mərasimindəki çıxışı zamanı söylədiyi fikirlərə nəzər salınarsa, bu, Aİİ və İran arasında əməkdaşlığın persoektivdə hansı istiqamətə doğru inkişaf edəcəyi ilə əlaqədar müəyyən konturların olduğunu görmək mümkündür.

 

Belə ki, İran rəsmisi qeyd edib ki, bu sazişin imzalanması İran və Aİİ ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını asanlaşdıra və sürətləndirə bilər. Peyman Pak onu da əlavə edib ki, Tehran kənd təsərrüfatı sektorunda əməkdaşlığın artırılması ilə ərzaq təhlükəsizliyi sahəsində tədbirlər görməyə hazırdır. Öz növbəsində, Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət üzrə nümayəndəsi Andrey Slepnev isə belə deyib: "İran və Rusiyaya qarşı xarici sanksiyalara baxmayaraq, iki ölkənin israrlılığı sayəsində əməkdaşlıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Rusiya Federasiyası və İranın müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, maliyyə və kənd təsərrüfatı sahələrində böyük planları var".

 

Göründüyü kimi, tərəflər bütün sahələri əhatə edən dərinləşdirilmiş əməkdaşlıqdan bəhs ediblər. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin də bu yaxınlarda jurnalistlərə bildirib ki, Aİİ və İran dekabrın sonunda azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazırlaşır: “Əgər biz Aİİ-dən danışırıqsa, bu, mahiyyətinə görə standart bir razılaşmadır - onlar, əlbəttə ki, məzmunca fərqlənirlər - azad ticarət zonasının yaradılması haqqında sazişdir, hansı ki, müəyyən mallar dəstini özündə ehtiva edir". Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, sənəd dekabrın sonunda Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanacaq.

 

Avrasiya İqtisadi Komissiyasının rəsmi saytında dərc olunan məlumata əsasən, bu vaxta qədər İran və Aİİ arasında imzalanan sənədlər aşağıdakılardır:

 

1) "Bir tərəfdən Avrasiya İqtisadi İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən İran İslam Respublikası arasında azad ticarət zonasının yaradılmasına aparan müvəqqəti saziş"

2) Müvəqqəti Sazişə Protokol 

3) İranla müvəqqəti razılaşmaya uyğun olaraq tətbiq edilən idxal gömrük rüsumlarının dərəcələri haqqında AİK Kollegiyasının qərarı

4) Əməkdaşlıq Memorandumu.

 

Bundan başqa, Aİİ-nin İranla xarici ticarəti haqqında məlumat, Avrasiya İqtisadi İttifaqının Ticarət Tənzimlənməsi üzrə Bələdçi və İran İslam Respublikasının Ticarət Qaydaları üzrə Bələdçi kimi materiallarda da İran və Aİİ-nin əlaqələri haqqında xeyli informasiya mövcuddur. Yuxarıda qeyd etdiyimiz kimi, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran Sankt-Peterburqda tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. Əməkdaşlıq sazişi Aİİ-nin Ali İqtisadi Şurasının dekabrın 25-də keçiriləcək iclasında bağlanacaq. Sənəd demək olar ki, hazırdır. Tərəfdaşlıq sazişi İran və Aİİ ölkələri arasında gələcək iqtisadi və digər əlaqələrin inkişafı kontekstində önəm daşıyır. Hərtərəfli strateji tərəfdaşlığa dair Rusiya-İran sazişinin də imzalanıb-imzalanmayacağı da gözləniləndir.

 

 

Rusiya baş naziri Mixail Mişustinin çıxışlarından birində verdiyi məlumata görə, 2022-ci ilin sonunda Rusiya ilə İran arasında ticarət dövriyyəsi rekord həddə çatıb və 350 milyard rubl təşkil edib. Qeyd etmək lazımdır ki, İranın Rusiya ilə əlaqələri təkcə Aİİ yox, üzv olmaq üçün müraciət etdiyi BRICS, eləcə də ŞƏT çərçivəsində, həmçinin ikitərəfli formatda qurulub. Bu məqamda məsələnin təkcə iqtisadi yox, həm də siyasi aspektlərini anlamaq üçün Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinovun fikirlərinə baxmaq faydalı olar: “İndiki geosiyasi vəziyyətdə biz, əlbəttə ki, daha çox Şərqə, Asiyaya baxırıq. ŞƏT, Aİİ, ASEAN və “Bir kəmər, bir yol” təşəbbüsü kimi böyük inteqrasiya birlikləri bu gün artıq bu məkanda işləyir. Burada MDB-nin də adını çəkə bilərik”.

 

Şübhəsiz ki, burada geosiyasi vəziyyət dedikdə, Rusiyanın Ukraynaya hücumu nəticəsində başlanan müharibə ilə Moskvanın sanksiyalara məruz qalması və Qərblə əlaqələrinin böyük ölçüdə qırılması nəzərdə tutulur. Təsadüfi deyil ki, İranın  neft sənayesi nazirinin müavini Əhməd Əsədzadə də mövzu ilə bağlı Ukrayna məsələsini qabardıb: “Ukraynada hadisələrin başlanmasından sonra fundamental işlərə başlamaq üçün infrastruktur əməkdaşlığı gücləndirmək üçün bizə yeni imkanlar açıldı. Baş vermiş geosiyasi dəyişikliklər regionumuzun inteqrasiyası üçün unikal imkanlar açır”.

 

Bir müddət əvvəl Moskvada Rusiya Federasiyası prezidentinin müşaviri Anton Kobyakov ilə İranın bu ölkədəki səfiri Kazem Cəlali arasında görüş keçirilib ki, bu görüşdə də İran-Aİİ münasibətlərinə toxunulub. Kobyakov deyib ki, müvəqqəti razılaşma əsasında İranla Aİİ arasında əlaqələr inkişaf edir: "Rusiya tərəfi uzunmüddətli baza - İranla assosiasiya arasında azad ticarət zonasının yaradılması üzərində fəal işləyir. Burada, əlbəttə ki, Buşehr AES və Sirik İES-in tikintisi kimi flaqman layihələr mühüm rol oynayır. Eyni zamanda, Rusiya biznesi üçün rahat şərait yaradılır: sərhəd nəzarəti sadələşdirilir, logistika maneələri aradan qaldırılır və İran üçün onun məhsulları ilə məşğul ola biləcək xeyli sayda bazar boşluqları azad edilir".

 

İran səfiri isə bildirib ki, dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin ciddi şəkildə sürətləndirilməsi Rusiya və İran arasında digər ölkələrlə ticarətin inkişafına güclü təkan verəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi ilə təmin olunacaq. Qeyd etmək lazımdır ki, yuxarıda sadalananlar İranın Aİİ və Rusiya ilə əməkdaşlığının genişləndirilməsi ilə əlaqədar baş verənlərin sadəcə bir hissəsidir. Bundan başqa, Sankt-Peterburqda ilk dəfə olaraq birgə səylərlə Rusiya-İran biznes dialoqu təşkil edilib.

 

Proses davam etməkdədir. Məsələn, dünən Rusiya XİN başçısı Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan birtərəfli sanksiyalara qarşı saziş imzalayıblar. Sənəd Abdullahiyanın Xəzəryanı ölkələrin XİN başçıları toplantısında iştirak məqsədilə Rusiya paytaxtı Moskvaya səfəri çərçivəsində imzalanıb. Sənədin rəsmi adı Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannaməsidir.

 

Görünür, bu istiqamətdə atılan addımlar İranın Aİİ-yə üzvlüyü ilə başa çatacaq. Burada iqtisadi məsələlərlə yanaşı, siyasi amil daha önə çıxır. Lakin siyasi əməkdaşlıq real iqtisadi mənzərəni dəyişməyə, sanksiyalarla tam zəifləmiş Rusiya və İran iqtisadiyyatlarını dirçəltməyə, müxtəlif ölkələrə qarşı ambisiyaların realizasiyası üçün ittifaq qurmağın hansısa "müsbət nəticələr" verməsinə gətirib çıxarmayacaq...

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok