Modern.az

O’Braynın Bakıya səfəri nələri dəyişə bilər? - ŞƏRH

O’Braynın Bakıya səfəri nələri dəyişə bilər? - ŞƏRH

Analitika

7 Dekabr 2023, 10:28

ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana dünənki səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi.

Çünki Ceyms O’Brayn Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Amerikalı diplomatın Azərbaycan əleyhinə çıxışından sonra xarici işlər naziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən, rəsmi Bakı Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi.

Modern.az-ın məlumatına görə, siyasi şərhçi Elxan şahinoğlu deyib ki, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi.

“Buna görə də dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə əlaqə yaradaraq, ondan Ceyms O’Braynın Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi”.
 

E.Şahinoğlunun sözlərinə görə, Bakıda Ceyms O’Braynla İlham Əliyev arasındakı dünənki görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi:

“Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi.

Ceyms O’Brayn İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms O’Brayn danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O bundan başqa, Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı.

Beləliklə, Ceyms O’Brayn Konqresdəki sözlərindən imtina etdi. Ancaq bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir. Brayn və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.

Siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, O’Braynın Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Və gözlənildiyi kimi, Obrayn Bakıya bu təkliflə gəlib:

"Əliyev də Obraynla görüşdə Bakının yanaşmasını ortaya qoydu:

- Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır;

- Bakı Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır.

Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok