Modern.az

Müharibədə şiddət və itkilər artır - ABŞ çətin vəziyyətdə...

Müharibədə şiddət və itkilər artır - ABŞ çətin vəziyyətdə...

Analitika

12 Dekabr 2023, 09:28

BMT Baş Assambleyası iki aydır davam edən İsrial və HƏMAS arasındakı müharibədə təcili humanitar atəşkəsə çağıran qətnamə layihəsini müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, layihə bu gün müzakirəyə çıxarılacaq.

 

Müşahidəçilər deyir ki, 193 üzvdən ibarət Baş Assambleya keçən həftə Təhlükəsizlik Şurasında Birləşmiş Ştatların veto qoyduğu qətnaməni qəbul edəcək. Baş Assambleyanın qətnamələri məcburi deyil, siyasi xarakter daşıyır və qlobal baxışları əks etdirir.

 

Bəzi diplomatlar və müşahidəçilər səsvermədə atəşkəs çağırışının daha çox dəstək qazanacağını proqnozlaşdırırlar.

 

İtkilər artır...

 

İsrailin HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağını bombalaması nəticəsində 18 205 nəfər ölüb, 50 000-ə yaxın adam yaralanıb. Məlumatı Qəzza zolağında HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi yayıb.

 

Anklavın 2,3 milyon əhalisinin əksəriyyəti evlərindən didərgin düşüb. BMT-nin Ümumdünya Ərzaq Proqramı əhalinin yarısının aclıqdan əziyyət çəkdiyini bildirib. "Aclıq hər kəsi təqib edir", - BMT-nin fələstinli qaçqınlar üzrə məsul orqanı olan UNRWA bildirib.

 

İsrailin məlumatlarına görə, oktyabrın 7-də başlayan hücumda 1200 nəfər ölüb, 240 nəfər əsir götürülüb. Bir neçə günlük atəşkəs nəticəsində əsirlərin 100-ə yaxını azad edilib.

 

ABŞ çətin vəziyyətdə

 

Oktyabrın 7-də İsrailin hücumlarına verdiyi reaksiyaya görə ABŞ Prezidenti Co Bayden sərt tənqidlərə məruz qalıb. Bayden bazar ertəsi Ağ Evdə yəhudilərin Hannuka bayramı münasibətilə təşkil olunan çıxış edib. 

 

O, İsrailə bağlılığının sarsılmaz olduğunu bildirib. "İsrail olmasaydı, dünyada təhlükəsiz bir yəhudi də olmazdı", - Bayden deyib. ABŞ Prezidenti, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə "çətin vəziyyətdə" olduğunu söyləyib.

 

Vaşinqton fövqəladə prosedurdan istifadə edərək, Konqres tərəfindən nəzərdən keçirilmədən İsrailə 14 min tank mərmisi satıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi jurnalistlərə deyib ki, ABŞ silahlarını alan hər hansı ölkə müharibə qanunlarına əməl etməlidir: "Biz bu münaqişədə baş verən hər şeyi izləyirik... Biz İsrail hökuməti ilə danışıqlar aparırıq”.

 

İsrailin ABŞ silahlarından istifadə etməsi ilə bağlı iddialar artıb.

 

Bazar ertəsi İsrailin Livanın cənubuna hücum zamanı ABŞ tərəfindən verilən ağ fosforlu sursatlardan istifadə etdiyinə dair xəbərlər yayılıb. Ağ Ev bu xəbərlərdən narahat olduğunu və əlavə məlumat axtarıldığınl bildirib. Qeyd edək ki, ciddi yanıqlara səbəb olan bu bombaların bir çox ərazidə istifadəsi qadağandır. İsrail iddianın "birmənalı olaraq yalan" olduğunu bildirib.

 

Bundan başqa Qəzzada İsrail tərəfindən alt paltarında saxlanılan fələstinli kişilərin görüntüləri yayılıb. Vaşinqton bu görüntülərin "dərin narahatedici" olduğunu bildirib və İsraildən fotoşəkillərlə bağlı vəziyyətə aydınlıq gətirməsini istəyib. İsrail bildirib ki, bu şəxslər partlayıcı və ya silah gizlətmədiyinə əmin olmaq üçün soyundurulub.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok