Modern.az

Putin üçün "Milad hədiyyəsi": Zelenski ABŞ-dan əliboş qayıdır?

Putin üçün

Analitika

13 Dekabr 2023, 10:08

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən daha çox hərbi yardım almaq üçün dünən Vaşinqtona səfər edib.

 

Modern.az xəbər verir ki, o, həm ABŞ Prezidenti Co Bayden, həmçinin Senat və Nümayəndələr Palatasının liderləri ilə görüşüb.

 

Bayden həmkarı ilə görüşən zaman Ukrayna üçün 200 milyon dollarlıq yeni yardım paketi açıqlayıb. Paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri, artilleriya üçün 105 və 155 mm çaplı döyüş sursatları, atıcı silahlar və sair daxildir.

 

Zelenski ABŞ-də Konqresin maneəsi ilə üzləşən 61.4 milyard dollarlıq yardım planı üçün danışıqlar aparıb. Ukrayna lideri Nümayəndələr Palatasında təmsil olunan hər iki partiyanın lideri ilə görüşüb və onları hərbi yardımı təsdiq etməyə insandırmağa çalışıb.

 

Lakin respublikaçılar Ukraynaya yardım ayrılmasına skeptik yanaşır. Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenski ilə görüşdən sonra deyib ki, Bayden administrasiyasınş vəsait heç bir nəzarət olmadan, qalib gəlmək üçün aydın strategiya olmadan milyardlarla əlavə dollar istəyir. 

 

Onun sözlərinə görə, respublikaçılar Meksika ilə sərhəddə təhlükəsizliyin artırılmasını, “Ukraynanın qələbəsi üçün aydın strategiya” və Kiyevə silah tədarükünə nəzarət tələb edirlər. Conson Meksika ilə sərhəddə təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən narkotik və insan alveri ilə bağlı cinayətlərin sayının artmasına görə ABŞ prezidenti Co Baydenin siyasətini tənqid edib.

 

Ağ Evdə Zelenski ilə görüşən Bayden özünün və amerikalıların Ukraynadan uzaqlaşmayacağını bildirib. O xəbərdarlıq edib ki, Ukraynaya əlavə hərbi yardım göstərməsələr, Rusiyaya "Milad hədiyyəsi" verəcəklər.

 

Zelenski Vaşinqtonda siyasi liderlərlə danışıqları zamanı “çox şeylər” eşitdiyini və Bayden administrasiyasına və qanunvericilərə verdiyi dəstəyə görə minnətdar olduğunu bildirib və əlavə edib ki, ABŞ-nin Rusiyaya qarşı müdafiəni maliyyələşdirməyə davam edib-etməyəcəyini zaman göstərəcək. "Siqnallar var idi. Onlar daha çox müsbət idi. Amma biz bilirik ki, sözlər var və konkret nəticələr var. Biz böyük nəticəyə ümid edəcəyik", - Zelenski qeyd edib.

 

Demokrat və Respublikaçı liderlər Ukraynaya dəstək verəcəklərinə söz veriblər. Lakin bəzi respublikaçılar, xüsusən də keçmiş prezident Donald Trampla ən yaxın əlaqələri olanlar daha çox yardımın əleyhinədirlər. Onlar deyirlər ki, hər hansı əlavə pul ölkə daxilində immiqrasiya siyasətinə edilən dəyişikliklərlə birləşdirilməlidir.

 

Danışıqlara rəhbərlik edən demokrat senator Kris Mörfi qanunvericilərin immiqrasiya ilə bağlı razılaşma əldə edə və xərclər paketini cümə günü Konqresdə qəbul edə biləcəklərini düşündüyünü söyləyib.

 

Bayden deyib ki, ABŞ Ukraynanın müharibədə qalib gəlməsini istəyir, lakin respublikaçılar Ukraynanın qələbəsinə inanmır. Məsələn Respublikaçı senator Ron Conson deyib: "Mən bilirəm ki, hamı Ukraynanın qalib gəlməsini istəyir. Mən bunu sadəcə olaraq kartlarda görmürəm". Konqresdəki demokratlar müxalifəti Putinə kömək etməkdə ittiham ediblər.

 

Ağ Ev dekabrın 4-də Konqresə bildirib ki, hökumət Ukraynanı əlavə silahlarla təmin etmək üçün maliyyəyə malik olmayacaq . Konqres 2022-ci ilin fevralında Rusiyanın işğalından sonra Ukrayna üçün 110 milyard dollardan çox vəsaiti təsdiqləyib, lakin yanvar ayında Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ keçirdikdən sonra yeni vəsait ayrılmayıb.

 

Bayden mətbuat konfransı zamanı Zelenskiyə Ukraynanın müstəqil dövlət kimi mövcudluğunun uğur əlaməti olduğunu deyib: "Sizin bu gün - təxminən iki ildən sonra burada olmanız və Ukraynanın güclü və azad qalması artıq böyük qələbədir".

 

Kreml çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar on milyardlarla dollar əlavə etməklə Ukraynadakı müharibənin gedişatını dəyişə bilməz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok