Modern.az

Müharibələr adiləşir... - İnsan ölümü bəşəriyyət üçün niyə normaya çevrilib?

Müharibələr adiləşir... - İnsan ölümü bəşəriyyət üçün niyə normaya çevrilib?

Analitika

13 Dekabr 2023, 17:34

Dünya yaranandan bəri, daha dəqiq ifadə etsək, bəşər tarixinin ən qədim dövrlərindən indiyədək müharibələr yaşanıb. Əvvəlcə, qida, sığınacaq, daha sonra münbit torpaqlar və çayların keçdiyi ərazilər uğrunda savaşlar olub. Sivilizasiya inkişaf etdikcə, müharibələrin forması və səbəbləri də dəyişib. Məsələn, feodalizm dövründə fəth kimi təqdim olunan, fütuhata çıxmaq kimi qəbul edilən müharibələrin kökündəki səbəblərdən biri də daha böyük ərazilərdən vergi toplamaq olub.

 

Böyük sərkərdələrin, cəngavərliyi ilə seçilən hökmdarların hakimiyyəti dövründə əksər vaxtı döyüş meydanında keçirmək böyük məziyyət hesab olunurdu. Gününü daha çox sarayda keçirən hakimi-mütləqlərə isə müxtəlif formalarda istehza olunurdu. Lakin XX əsrdə dünya 2 böyük müharibə görəndən sonra savaşlara münasibət tədricən dəyişməyə başladı. Milyonlarla insanın, həm hərbçilərin, həm də mülki şəxslərin həyatına son qoyan, soyqırımı və nüvə silahından istifadə ilə tarixə düşən II Dünya müharibəsindən sonra həyəcan təbili çalındı.

 

Post-45 deyilən 1945-ci ildən sonra qurulan dünya nizamında əsas prinsiplərdən biri dövlətlərin bir-biri ilə yaranan hansısa problemlərini qeyri-hərb üsulu ilə - dinc yolla aradan qaldırmasının vacibliyi təşkil edirdi. Əgər savaş qaçılmaz olarsa, beynəlxalq hüququn müvafiq sahəsi müharibələrin necə aparıla biləcəyini, əsirlərlə normal rəftarı, mülki hədəflərə zərbə endirilməsindən yayınmağı, dinc sakinlərin toxunulmazlığını, hansı növ silahlardan istifadəyə icazə verildiyini və s. müəyyənləşdirdi.

 

Lakin ötən əsrin sonlarından beynəlxalq təhlükəsizlik sistemində yaranan problemlər üzə çıxmağa başladı. XXI yüzilliyin əvvəllərindən bu problemlərin özünü daha qabarıq göstərməsi, son illərdə isə tədricən sistemin çökməyə doğru istiqamət götürməsi ilə proses daha da sürətləndi. Bosniyada, Qarabağda, Kosovada, Ruandada və dünyanın başqa yerlərində dəhşətli hadisələr baş verdi insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədildi.

 

Suriya, İraq, Əfqanıstandakı proseslər, İsrail-Fələstin münaqişəsi, Rusiya-Ukrayna müharibəsi hazırda kütləvi insan ölümünü, müharibələri, militarizasiyanı, hərbi eskalasiyaları pik həddinə çatdırmaqla yanaşı, bütün bu məfhumların bəşəriyyət üçün adiləşməsinə, sanki normaya çevrilməsinə gətirib çıxardı. Artıq insanlar yuxudan durub səhər yeməyi yeyərkən dünyanın hansısa bölgəsində müharibələrin, terror hadisələrin nə qədər insanın həyatına son qoyması ilə bağlı məlumatları eşidəndə təəccüblənmir, heç nə olmamış kimi gününə davam edir.

 

 

Bəs müharibələrin, qətliamların adiləşməsinin, artıq əvvəlkitək həyəcan yaratmamasının, bu cür antibəşər mahiyyətə malik olan hadisələrə son verilməsi üçün dərhal hərəkətə keçmək hissinin korşalmasının səbəbi nədir? Şübhəsiz ki, buna təsir edən müxtəlif amillər var. Burada medianın rolu, siyasətçilərin və hökumətlərin tutduğu mövqe, psixoloji faktorlar və yuxarıda da qeyd etdiyimiz kimi, qlobal təhlükəsizlik sisteminin çökməsi kimi məsələlər vurğulana bilər.

 

Dünya mətbuatı oxucuları cəlb etmək üçün o qədər emosional kontentə üz tutdu ki, artıq insanlar qarşılarına çıxan xəbərin həqiqətən də təqdim olunduğu qədər dəhşətli və katastrofik olduğuna şübhə ilə yanaşırlar. Cəmiyyəti informasiya təmin etmək əvəzinə hisslərə xitab edən yayım siyasəti medianın müharibələrin adiləşməsində, qətliamların quru statistikaya çevrilməsindəki "xidmətini" bir daha ortaya qoyur. Emosiya yox, düşüncəyə söykənən analitik məzmuna malik materiallara daha çox ehtiyac yaranıb.

 

Siyasətçilərin və hökumətlərin roluna gəlincə, sirr deyil ki, əksər hallarda makiavellist yanaşmalara meyl edən müasir partiyaların əsas məqsədi seçkilərdə qələbə qazanaraq hakimiyyətə gəlmək, yaxud mövcud hakimiyyəti qorumağa söykənir. Belə ki, populist siyasi liderlər cəmiyyəti millətçi əhval-ruhiyyəyə kökləyərək zahirən onlara cəlbedici görünən tezislərlə ekspansiya və irridentizm təmayüllərini təbliğ edirlər ki, bu da son nəticədə böyük müharibələrə səbəb olur.

 

Sonradan bu təmayüllər üzrə formalaşan ictimai rəyin özü belə müharibələrə son qoymağın qarşısındakı ən böyük əngələ çevrilir. Qlobal təhlükəsizlik sisteminin çökməsi, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların öz funksiyalarını normal yerinə yetirə bilməməsi və tədricən deqradasiyaya uğraması da problemin başlıca səbəblərindəndir. Təsadüfi deyil ki, son illərdə qlobal miqyasda islahatlar aparılmasının zəruriliyi müxtəlif səviyyələrdə vacib hesab edilir.

 

Psixoloji amillərə gəlincə, burada sosial-iqtisadi problemlər və digər faktorların səbəb olduğu böhran burulğanının insanları psixoloji gərginliyə sürükləməsi və aqressiyanın, radikallığın artması qeyd oluna bilər. Bəşəriyyəti müharibələrə sövq edən faktorlardan biri də məhz budur. İctimai mənada psixoloji sağlamlığın önəmi bu məsələdə bir daha ortalığa çıxır. Müharibələrin adiləşməsi, insan itkilərinin gündəlik normaya dönməsi başqa problemlərin də işartısı ola bilər...

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok