Modern.az

Avropa İttifaqı Ukrayna üçün "qapı"sını açdı - Orban maneəyə çevrilib...

Avropa İttifaqı Ukrayna üçün

Analitika

15 Dekabr 2023, 13:18

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiya işğalı ilə mübarizə aparan Ukrayna ilə tamhüquqlu üzvlük danışıqlarına başlamağa qərar verib.

 

Modern.az-ın məlumatına görə, qərar Brüsseldə keçirilən sammitdə qəbul edilib.

 

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə bağlı qərarın verildiyi iclasa iştirak etməyib. O, digər ölkələrin mövqeyi ilə razılaşmadığı üçün Aİ sammitini tərk edib “Macarıstan yanlış qərarın bir hissəsi olmaq istəmir. Biz mövqeyimizi dəyişməmişik”, - deyə Orban bildirib.

 

Liderlər Orbanın üzvlüklə bağlı etirazlarından yan keçməyi bacarsa da, onun Ukraynaya maliyyə yardımı ilə əlaqədar narazılığını dəf edə bilməyiblər. Maliyyə yardımı üçün Aİ üzvlərinin hamısının səsinə ehtiyac var. 

 

Müzakirələr bu gün səhər saatlarına qədər davam etsə də, nəticə əldə edilməyib. Aİ-nin 27 üzv ölkəsindən 26-nın liderləri sammitə sədrlik edən Şarl Mişel tərəfindən irəli sürülən kompromis büdcə təklifinə razılıq verib. "Hələ bir az vaxtımız var, yaxın bir neçə həftə ərzində Ukraynanın pulu bitməyib", - Niderlandın baş naziri Mark Rutte danışıqları tərk edərkən jurnalistlərə bildirib və əlavə edib: "Mən kifayət qədər əminəm ki, biz gələn ilin əvvəlində razılaşma əldə edə bilərik, biz yanvarın sonlarını düşünürük". Beləliklə, liderlər yanvarda maliyyə yardımı ilə bağlı müzakirələri davam etdirəcək.

 

Orban Ukraynanın Avropa İttifaqının bir hissəsi olmadığı üçün təşkilatın büdcəsindən belə böyük məbləğdə pul almamalı olduğunu düşünür. Digər liderlər Kiyevi əmin ediblər ki, Budapeşt etirazlarını davam etdirəcəyi təqdirdə Ukraynaya yardımı Aİ büdcəsindən kənara yönəldəcəklər.

 

 

Qərar Ukrayna rəsmiləri tərəfindən böyük sevinclə qarşılanıb. “Bu, Ukraynanın qələbəsidir. Bütün Avropa üçün qələbə. Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə", - Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

 

"Hər bir ukraynalını bu gün münasibətilə təbrik edirəm... Tarixi azadlıq uğrunda mübarizədən yorulmayanlar yazır", - o qeyd edib.

 

Aİ liderləri, həmçinin Moldova ilə üzvlük danışıqlarına başlamağa və Gürcüstana üzvlüyə namizəd statusunun verilməsinə razılıq veriblər. "Aydındır ki, bu ölkələr Avropa ailəsinə aiddir", - Almaniya kansleri Olaf Şolts "X"də bildirib.

 

Bu addım Ukrayna üçün kritik bir vaxtda, Rusiya qüvvələrinə qarşı əks-hücumun ciddi nəticə vermədiyi və ABŞ-da hərbi yardımla bağlı qeyri-müəyyənliklərin davam etdiyi bir vaxtda verilib.

 

Hələ üzvlük üçün böyük yol qət ediləcəyinə baxmayaraq, Brüssel sammitindəki qərar Ukraynanı Qərbdə lövbər salmaq və Moskvanın orbitindən azad olmaq kimi uzunmüddətli strateji hədəfinə bir addım daha yaxınlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok