Modern.az

Abxaziya və Osetiya "yarasına" Qarabağ "məlhəmi" kömək edərmi? - TƏHLİL

Abxaziya və Osetiya

Analitika

18 Dekabr 2023, 17:12

Cənubi Qafqaz regionunda "Dağlıq Qarabağ münaqişəsi"nin tarixə qovuşmasından sonra hələ də 2 konflikt həll edilməmiş qalır: Abxaziya və Cənubi Osetiya. Bir vaxtlar bu konfliktlərin həlli üçün aktiv şəkildə iş aparılsa da, hələlik nəticə yoxdur. Saakaşvili hakimiyyəti dövründə məsələni hərb yolu ilə çözməyə cəhd edilsə də, Rusiyanın müdaxiləsi bunun qarşısını aldı. 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan savaşı Abxaziya və Cənubi Osetiyadakı separatizmi daha da canlandırdı.

 

Bu cəhddən əvvəl və sonra isə sülh yolu ilə həll variantları da sınaqdan keçirildi. Gürcüstan hakimiyyəti bu regionlarla bağlı reinteqrasiya planları hazırladı, bu planlar geniş şəkildə elan və təbliğ olundu. Separatçı regionlardakı tələbələrin Tbilisidə pulsuz təhsil almasından tutmuş, xəstələrin Gürcüstanın tibb müəssisələrində ödənişsiz müalicəsinə qədər bütün təşviqedici tərəflərinə rəğmən, dinc yolla da münaqişə həllini tapmayıb. Bir vaxtlar məhz Gürcüstanın bu istiqamətdə atdığı addımlar Azərbaycana nümunə çəkilirdi.

 

Sonradan effektivliyi ortaya çıxmayan bu modelin bir sıra uğurlu tərəflərinin Qarabağ məsələsinə də tətbiqi gündəmə gətirilirdi. Gürcüstanın apardığı xətdə tərəflər arasında etimadın səviyyəsi, qarşılıqlı görüşlərdəki ab-hava və s. daha optimist olmağa əsas verirdi. Lakin bütün bunlar arzuolunan nəticəni vermədi və Qarabağda konflikt həll olunsa da, Abxaziya və Cənubi Osetiya problemləri mövcudluğunu qorumaqdadır. İndi məhz Azərbaycanın variantı Gürcüstanda böyük maraqla qarşılanır.

 

Bu model öyrənilməyə və tətbiq olunmağa çalışılır. Sözsüz ki, nə qədər çox bənzərlikləri olsa da, heç bir konflikt digərinin təkrarı deyil və lokal şərtlər, tarixi şərait, etnik nifrət səviyyəsi, geosiyasi vəziyyət və digər amillər bütün münaqişələri unikal edir. Burada vahid resept, yaxud hansısa problemdə uğurlu nəticə verən bir modelin digərinə tətbiqi halında da nəticənin uğurlu olacağı zəmanəti yoxdur. İstənilən halda, Azərbaycanın istifadə etdiyi modelin öyrənilməsi və maraq doğurması normaldır.

 

 

Qeyd etmək lazımdır ki, məsələn, Abxaziya problemi bir sıra parametrlərə görə əslində Qarabağdakından daha mürəkkəb deyil və nəzəri baxımdan bu münaqişənin həlli daha asan görünməkdədir. Çünki bütün ağrılı tərəflərinə baxmayaraq Abxaziyada gürcülərə qarşı soyqırımı həyata keçirilməyib. Gürcü qaçqınlar olsa da, Abxaziya ərazisində yaşayan gürcülər tamamilə etnik təmizləməyə məruz qalmayıb və bu gün də Abxaziyada yaşayan etnik gürcülər var.

 

Bundan başqa, Abxaz milli kimliyi gürcülərə nifrət üzərində qurulmayıb. Abxaziyada uşaqlara gürcü xalqına qarşı etnik nifrət və düşmənçilik aşılanmayıb. Tərəflər arasındakı münasibətlərin hansı səviyyədə olmasını məhz yuxarıda qeyd olunduğu kimi, abxazların Gürcüstana təhsil və müalicə dalınca gəlmələri və qarşılıqlı normal rəftarın olması da göstərir. Digər tərəfdən, münaqişə tərəfləri dini ortaqlığa malikdir və s. Bununla bağlı siyahını çox uzatmaq olar.

 

Bu sadalananları Qarabağ məsələsinə proyeksiya etdikdə, vəziyyətin daha mürəkkəb olmasına rəğmən həll edilməsi və bu gün sülh gündəliyinin gündəmdə olmasının əhəmiyyəti daha bariz görünür. Bu təcrübə Abxaziya ilə bağlı optimizmi o baxımdan daha da gücləndirir ki, əgər mürəkkəb münasibətlər Qarabağ məsələsinin həllinə mane olmadısa, problemin daha "yüngül" sayıldığı Abxaziyada niyə həll baş verməsin? Lakin burada geosiyasi faktor önə çıxır.

 

Doğrudur, yuxarıda sadalananlar nəzərə alındıqda, Abxaziya problemi Qarabağdan daha mürəkkəb görünmür, amma unutmaq olmaz ki, Qarabağdakı keçmiş qondarma qurumdan fərqli olaraq Abxaziya məhdud da olsa, beynəlxalq tanınmaya malikdir. Rusiya, Suriya, eləcə də xarici siyasət vektoru Moskvaya yönələn başqa bir neçə dövlət Abxaziyanın müstəqilliyini tanıyır. Eynisi Cənubi Osetiyaya da aiddir. Yuxarıda sadalananlar baxımından Abxaziyadan daha mürəkkəb, Qarabağdan daha sadə hesab oluna biləcək Osetiya məsələsində də məhdud beynəlxalq tanınma həllin önündəki əngəl kimi çıxış edir.

 

Bütün bunları nəzərə alaraq, belə bir suala cavab vermək lazımdır: Gürcüstan daxilindəki münaqişələri Azərbaycanın praktikasına söykənərək həll etməyə qadirdirmi?..

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok