Modern.az

Siyasi ekspertlər seçkidən sonra hansı dəyişiklikləri gözləyir...

Siyasi ekspertlər seçkidən sonra hansı dəyişiklikləri gözləyir...

Analitika

22 Dekabr 2023, 12:28

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb. Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

 

Seçkilər İkinci Qarabağ müharibəsindəki qələbədən və Azərbaycanın ərazi bötüvlüyünün tam təmin edilməsindən sonra keçirilir. Bunu nəzərə alan bir çox siyasətçi və analitik 7 fevral seçkilərini "Zəfər seçkisi" adlandırır.


Maraqlıdır, seçkilərdən sonra hansı dəyişikliklərin olması gözlənilir?
 

Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, növbədənkənar Prezident seçkilərindən sonra parlament seçkiləri də keçirilə bilər:
 

“Prezident seçkilərindən sonra bələdiyyə seçkiləri də keçirilicək. Hətta belə bir fikir də var ki, Prezident seçkisi erkən keçirildiyi kimi, parlament seçkiləri də erkən keçirilə bilər. Açığı deyək ki, hazırkı parlament Azərbaycanın qarşısında duran çağırışlara cavab verə bilmir. Fəal deputatların sayı azdır. Əksəriyyət passivdir, hadisələrə çevik reaksiya verə bilmir, fikir bildirmirlər. Mətbuatla sıx əlaqələri yoxdur. Cəmiyyət onların bir çox məsələlərdə mövqeyini bilmir. Düşünürəm ki, erkən parlament seçkilərinə ehtiyac var. Ola bilsin ki, referendum da keçirilsin. Belə bir fikir də var ki, proporsional seçki sisteminə qayıdıla bilər. Partiyaların quruculuğu və siyasi fəaliyyətini gücləndirmək istəyiriksə, onların parlamentdə təmsilçiliyini təmin etməliyik”.

Politoloqun fikrincə, sosial sahədə müəyyən islahatların həyata keçirilməsi mümkündür:


“Azərbaycanda əlbəttə ki, siyasi-iqtisadi islahatların gücləndirilməsinə ehtiyac var. Böyük uğur qazandıq, suverenliyimizi Qarabağda bərpa etdik. 100 illik bir problemi aradan qaldırdıq. Bütün bunların baş verməsində dövlət başçısı İlham Əliyevin əhəmiyyətli rolu oldu. İqtisadiyyatda geridönüşə də ehtiyac var. İnhisarçılığa son qoyulmalıdır. Bəli, Prezident İlham Əliyev korrupsiya ilə mübarizəni əsas istiqamətlərdən biri hesab edir. Ancaq bu dərddən biz hələ də qurtulmamışıq. İqtisadiyyatın inkişafı üçün rəqabət mühiti yaradılmalıdır. İnsanların gəlir imkanları artmalıdır. Bütün bu istiqamətlər üzrə işlər görməliyik”.
 

E.Şahinoğlunun qənaətinə görə, Prezident seçkilərindən sonra icra qurumlarında da dəyişikliklərə ehtiyac yaranacaq:


“Belə baxanda bələdiyyələrin statusunun da artırılmasına ehtiyac var. Bunun üçün də referendum gərəklidir. Çünki paralel qurumlar problem yaradır. İcra strukturları özünü doğrultmadı. Səlahiyyətlər seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bələdiyyə də bilməlidir ki, əgər insanların inamını doğrultmasa, gələn seçkidə artıq ona səs verilməyəcək”.
 

Politoloq Natiq Miri vruğulayıb ki, seçkilərdən sonra icra orqanlarında dəyişikliklərin olması mümkündür:


“44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Bu proseslərə yön vermək səlahiyyəti yeni idarəetmə institutu olan Prezidentin Xüsusi Nümayəndəliyinə verildi. Qarabağda, Şərqi Zəngəzur iqtisadi regionlarında və Şuşada bu idarəetmə sistemi fəaliyyət göstərir. Prezidentin son çıxışları onun bu idarəetmədən razı olduğunu göstərir. Parezident bu idarəetmə sistemini effektiv sayır. Bu da o deməkdir ki, gələcək prespektivdə bütün icra hakimiyyəti institutları ləğv ediləcək və əvəzində Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Prezidentin Xüsusi nümayəndəlikləri yaradılacaq. Bunun nə qədər effektiv olması insan amilindən asılıdır. Çünki nə qədər konsepsiya mükəmməl olsa da, onu həyata keçirən insandır. İnsanın fəaliyyəti bilavasitə onun əxlaqı ilə ölçülür. Bilik, savad bir yerə qədərdir. Burada prinsip yalnız hakimiyyətə sədaqət deyil. Bu günə qədər Azərbaycanda sistem bunun üzərinə qurulub. Ona görə də burada əsas ortaya çıxan əxlaq və layiqlilik məsələsi olmalıdır. Əlbəttə, insanın bilik və savadının vəzifəyə uyğunluğu əsas olmalıdır. Əgər belə olarsa, ciddi nəticələrdən danışmaq mümkün olacaq. Bu kontekstdə Azərbaycanın idarəetmə strukturlarında yalnız regionlarda deyil, mərkəzi idarəetmə orqanlarında da ciddi islahatlara ehtiyac var. Azərbaycanda icra hakimiyyətində paralellik var. Nazirlər Kabineti, Prezident Administirasyası mövcuddur. Daha çevik idarəetmə strukturu olması üçün bu cür paralelliyi aradan qaldırmaq lazımdır. Çevik qərarların verilməsi mexanizmi yaradılmalıdır. Ən əsası ədalət bütün dövlət strukturlarında, xüsusilə də hüquq-mühafizə orqanlarında bərqərar olmalıdır. Məhkəmə sisteminin fəlsəfəsi kökündən dəyişilməlidir. Sözün əsil mənasında bu sistem müstəqil olmalıdır. Məhkəmələr icra strukturlarından asılı ola bilməz. Azərbaycanda həll edilməli bir çox məsələlər var. Onların artıq vaxtı çatıb”.

N.Miri əsaslı islahatları aparmaq üçün İlham Əliyevin böyük potensialının olduğunu vurğulayıb:


“Qazanc bölgüləri ədalətli paylanmalıdır. Mexanizmlər qanunvericiliyə uyğun olmalıdır. Əgər Azərbaycanın Qarabağ kimi problemi, torpaqlarımızın bütövlüyü ilə bağlı enerji axını vardısa, artıq bu, belə deyil. Azərbaycan bütünləşib. Bütövləşmiş Azərbaycanı gələcəyə daşımaq üçün dövlətin və hökumətin imkanları mövcuddur. Bu şans Azərbaycan dövləti və seçiləcək prezidentə imkan verəcək ki, ölkəmizi gələcəyə müsbət mənada ədalət və əxlaq prinsipləri əsasında inkişafa aparsın. Bunun üçün siyasi iradə olarsa, Azərbaycanın gələcəyindən müsbət mənada danışmaq olar. Bütün bunları həyata keçirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin imkan və potensialı böyükdür. Əgər Prezident İlham Əliyev bütün Qarabağı geri qaytarmaqla tarixə öz adını yazdıra bilibsə, Azərbaycanı dünyaya ədalətli, güclü dövlət olaraq tanıdacağına da inanıram. Azərbaycan nə qədər güclü olursa-olsun, ədalət təmin edilməyəcəksə, bu güc dövlətin zəif nöqtəsinə çevriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı