Modern.az

Sosial media siyasətə necə təsir edir? - Ana səhifədən seçki qutusuna...

Sosial media siyasətə necə təsir edir? - Ana səhifədən seçki qutusuna...

Analitika

21 Dekabr 2023, 17:32

Son illərdə sürətlə inkişaf edən sosial şəbəkələr təsiri mübahisə doğursa da siyasət üçün vacib kommunikasiya vasitələrindən və piar alətlərindən biridir. Seçki kampaniyalarında sosial mediadan səmərəli istifadə ilə bağlı müasir siyasi tarixdə bir sıra örnəklər mövcuddur. Siyasi partiyaların və namizədlərin seçicilərə çatması üçün çağdaş dünyada məhz sosial şəbəkələr kilid rollardan birini oynayır. Siyasi texnoloqlar və siyasi marketinq mütəxəssisləri sosial media üçün xüsusi planlar işləyib hazırlayırlar.

 

Məsələn, 2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə nəzər salsaq, dünyanın əksər hissəsində, həta ABŞ-ın özündə sosial mediadan istifadənin hələ geniş yayılmadığı həmin dövrdə də bu vasitənin seçkilərə təsirinə şahid olmaq mümkündür. Siyasi kampaniyalarda sosial mediadan istifadənin kommunikasiyaya necə təsir etməsi ilə bağlı müxtəlif tədqiqatlarda eks-prezident Barak Obamanın seçki kampaniyası xüsusi yer tutur. Ümumiyyətlə, 2008-ci il ABŞ seçkiləri sosial mediadan siyasi istifadəyə dair mühüm başlanğıc hesab edilir.

 

Təsadüfi deyil ki, Obamanı hətta "Prezident 2.0" adlandıranlar da var. Seçki kampaniyası zamanı Obama sosial media vasitəsilə gənclərə və "çətin əldə edilən" seçicilərə çata bildi və ianə kampaniyalarını da genişləndirə bildi. Bu təcrübənin öyrənilməsi ilə seçki kampaniyalarında yeni kommunikasiya kanalından istifadə tədricən qloballaşmağa başladı. Belə ki, sosial media siyasətçilərə birbaşa, davamlı və qeyri-məhdud kommunikasiya imkanı təqdim edir və siyasətçilər kütləvi informasiya vasitələri və ənənəvi kanallardan daha az asılı olurlar.

 

Ölkələrin siyasi sistemləri, qanunları və qaydaları, siyasi mədəniyyətləri, siyasi partiyaların və siyasətçilərin məqsədləri, partiyaların növləri, sayları və partiyalar arasında rəqabət kimi müxtəlif amillər seçki dövründə sosial mediadan istifadə praktikasını bir-birindən fərqləndirir. Seçki dönəmlərində kommunikasiya kampaniyalarına ümumi nəzər saldıqda bütün ölkələri, siyasi partiyaları əhatə edəcək ümumi yanaşmanın olmasını demək kifayət qədər çətin görünür.

 

 

2010-cu illərdən etibarən Qərb demokratiyalarında geniş yayılan sosial media kanalları seçki kampaniyalarının rəqəmsal sahəyə keçməsinə səbəb olub, interaktiv və iştirakçı media texnologiyalarından istifadənin artmasına gətirib çıxarıb. Siyasi kommunikasiya mütəxəssislərinin hibrid media sistemi adlandırdığı məqam ondan ibarətdir ki, siyasətçilər müəyyən edilmiş strategiyaları və hədəf auditoriyaları istiqamətində həm ənənəvi media kanallarından, həm də sosial şəbəkələrdən birlikdə istifadə edirlər.

 

Artıq demək olar ki, bütün siyasətçilərin, siyasi partiya və təşkilatların sosial mediada səhifəsi var. Əvvəllər feysbuk və tviter (indiki X) siyasi kommunikasiya üçün daha məqbul platformalar hesab edilirdisə, indi artıq instaqram, tiktok, yutub kimi platformalar da siyasiləşməyə məruz qalıb. Xüsusilə videokontent üzrə ixtisaslaşan yutub platforması siyasi kommunikasiya baxımından cəlbedici görünür ki, seçkilərdə namizədlərin seçicilərinə özlərini tanıtmaq üçün televiziya kanallarından istifadə etmək əvəzinə bu platformadan istifadəsi geniş yayılıb.

 

Bununla belə, siyasətçilərin sosial şəbəkələrə ifrat diqqət ayırmasını kəskin tənqid edən texnoloqlar da var. Onlar hesab edirlər ki, siyasətçilər zamanla sosial media fenomeninə çevrilir, siyasi mədəniyyət deqradasiyaya uğrayır və sosial şəbəkələr populizmi artıran faktor kimi çıxış edir. Həmçinin sosial şəbəkələrin siyasi diskussiyaların səviyyəsinə mənfi təsir göstərdiyini düşünənlər də az deyil. Bu tənqidlərin yaranmasına başlıca səbəb bir çox hallarda siyasətçilərin özündən qaynaqlanır.

 

Bəzən siyasətçilərin müxtəlif sosial media platformalarının hədəf auditoriyasını, oturuşmuş istifadə "adətlərini" bilmədən yanlış kommunikasiya strategiyası tətbiq etmələridir. Sosial mediadan istifadə etmək təkbaşına yetərli deyil, əsas ümumi ünsiyyət strategiyasından kənara çıxmadan, sosial media kanalının xarakterinə, dilinə və hədəf auditoriyasına uyğun məzmunla hibrid və inteqrasiya olunmuş kampaniya aparmaqdır. Araşdırmalara görə, sosial medianın “fanatları səfərbər etmək, qərarsız seçiciləri inandırmaq" kimi məqsədləri var.

 

 

Lakin təcrübə göstərir ki, düzgün kommunikasiya strategiyası qurulmazsa, siyasətçilərin bu məsələlərdə uğurları məhdud olur. Sosial media daha geniş kommunikasiya strategiyalarının bir hissəsi kimi qəbul edilməli və siyasətçilər tərəfindən öz mesajlarına nəzarət etmək, mesajlarının təsirini və qəbulu proseslərini qiymətləndirmək, könüllülərin səylərini və ianələrini idarə etmək kimi məqsədlər üçün istifadə edilməlidir.Bir sıra solyönümlü tədqiqatçılar isə sosial şəbəkələrin ümumən siyasi proseslərə təsirini mənfi qiymətləndirirlər.

 

Belə ki, sosial şəbəkələrin insanlarda proseslərdə aktivliklə bağlı illüziyalar formalaşdırdığı və nəticədə bunun siyasi iştirakçılığı azaltdığı deyilir. Yəni sosial mediada hansısa siyasi gündəm mövzusuna status və ya şərh yazaraq münasibət bildirən, hansısa siyasətçinin paylaşımını bəyənən və yenidən paylaşan istifadəçi bununla işini bitmiş hesab edərək öz küncünə çəkilir və real siyasi proseslərdə iştirak zəifləyir. Bunun əksini düşünən, sosial şəbəkələrin siyasi mobilizasiyanı gücləndirmək üçün əlverişli vasitə olduğunu deyənlər də var.

 

Sosial şəbəkələrdən həm də siyasi gündəmin formalaşdırılması, yəni əsas gündəmin təyin olunması vasitəsi kimi də istifadə olunur. Lakin burada ictimai rəyin manipulyasiyası, sosial media trolları ilə cəmiyyətin mövqeyinə müxtəlif istiqamətlərdə təsir göstərmək kimi təhlükə ehtiva edən ehtimallar da yaranmış olur. Məsələn, sabiq ABŞ prezidenti Donald Tramp bu yolla rəqiblərinə qarşı qarayaxma kampaniyası aparmış, bir sıra hallarda effektivliyə nail olmuşdu.

 

 

Sonradan bu proseslərin Kapitoli binasına basqın edilməsinə qədər zərərli yönlərə irəlilədiyi məlumdur. Sosial şəbəkələrin reklam funksiyası da var ki, müəyyən ödəniş qarşılığında hansısa paylaşımın daha çox kütləyə çıxmasını təmin edir. Bu baxımdan daha çox resursu olan partiyaların sosial mediada da daha üstün mövqeyə malik olduğu müşahidə edilir. Siyasətçilər sosial mediada fokus qruplarının müəyyən olunması üsullarından istifadə edərək demoqrafik, coğrafiya, həyat tərzi və davranışa görə seçici qruplarını fərqləndirə bilirlər.

 

Buna uyğun mesajlar hazırlamaq və bu mesajları müxtəlif qruplar üzərində sınaqdan keçirmək imkanı əldə edirlər. Məsələn, 2015-ci ildə Böyük Britaniyada keçirilən seçkilər zamanı coğrafi auditoriya məlumatları feysbukdan alınıb və bu məlumatlardan qərarsız seçiciləri müəyyən etmək və onlara ünvanlanmış mesajlar çatdırmaq üçün istifadə edilib. Burada cəmiyyətlərin sosioloji strukturunu bilən, sosial media alqoritmlərindən xəbərdar olan kommunikasiya mütəxəssisləri ilə işləməyin vacibliyi də ortaya çıxır.

 

Yekun olaraq qeyd etmək lazımdır ki, sosial media hər nə qədər siyasətçilər üçün seçkilərdə mühüm alət hesab olunsa da, hazırkı dünyada real siyasi kommunikasiya nəticələr baxımından daha həlledici rola malik olmaq üstünlüyünü qoruyub saxlamaqdadır. Gələcəkdə sosial medianın təsiri ilə bağlı artan temp davam edərsə, tədricən proses fərqli istiqamətdə inkişaf edə bilər.

 

Modern Təhlil və Araşdırma Qrupu

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi