Modern.az

Soyqırımı cinayəti: Dünya Xocalıdakı qətliama niyə laqeyd yanaşır... - ANALİZ

Soyqırımı cinayəti: Dünya Xocalıdakı qətliama niyə laqeyd yanaşır... - ANALİZ

Analitika

26 Fevral 2024, 20:38

Bu gün Xocalı soyqırımının 32-ci ildönümüdür. Azərbaycan uzun illər bu soyqırımının dünya miqyasında tanınması və rəsmi-hüquqi şəkildə soyqırımı kimi qəbul olunması üçün böyük səylər göstərib. Bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, müəyyən səbəblərdən heç də bütün ölkələr bu soyqırımını dövlət səviyyəsində tanımayıb.

 

Ümumən həm insanlıq anlamında, həm də beynəlxalq hüquqda soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. Bu, mübahisəli görünməsə də, ayrı-ayrı hadisələrə gəldikdə, dünyada nəyin soyqırımı sayıla biləcəyi ilə bağlı heç də həmişə fikir birliyi olmayıb. Soyqırımı anlayışı ilk dəfə hüquqi termin kimi 1943-cü ildə polşalı yəhudi hüquqşünas Rafael Lemkin tərəfindən istifadə edilib. 

 

Lemkin yunanca irq və ya tayfa mənasını verən "genos" sözlərini latınca "cide" - öldürmək mənasını verən sözlə birləşdirmişdi.

 

O, yəhudi soyqırımının (Holokost) dəhşətlərinin şahidi olub və bir qardaşından başqa bütün ailəsi öldürülüb. Lemkin bütün həyatı boyu soyqırım anlayışının beynəlxalq hüquq tərəfindən cinayət kimi müəyyən edilməsi və qəbul edilməsi üçün mübarizə aparıb. Onun səylərinin töhfəsi ilə 1948-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Soyqırımı Konvensiyası qəbul edilib və 1951-ci ilin yanvarında qüvvəyə minib. Konvensiyanın 2-ci maddəsində soyqırımı “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən hər hansı biri” kimi təsbit edilir:

 

- Qrup üzvlərini öldürmək,

 

- Qrup üzvlərinə ciddi fiziki və ya ruhi zərər vurmaq,

 

- Qrupu fiziki cəhətdən tamamilə və ya qismən məhv etmək üçün hesablanmış həyat şərtlərinin yaradılması,

 

- Qrup daxilində doğumların qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi,

 

- Qrupun uşaqlarını götürüb başqa qrupa vermək.

 

Bu Konvensiya həmçinin imzalayan dövlətlərin üzərinə soyqırımın qarşısının alınması və cəzalandırılması üçün ümumi məsuliyyət qoyur. Bəzi ekspertlər deyirlər ki, bu konvensiyada soyqırım anlayışı çox dar çərçivədə verilib və ona görə də imzalanandan bəri baş verən kütləvi qətllərin heç biri bu tərifə daxil edilməyib. 

 

Bundan başqa, arqumentlərdən birinə görə, tərifdə axtarılan əməllərin arxasında məhvetmə məqsədinin dayandığını qeyd-şərtsiz sübut etmək çox çətindir.

 

Foto: Xocalı soyqırımı

 

Digər bir arqument isə bundan ibarətdir ki, konvensiyanın qeyri-müəyyən məqamlarına münasibət bildirəcək heç bir beynəlxalq hüquq institutu yoxdur. 

 

Qrup üzvlərinin “qismən məhv edilməsi” anlayışının hansı miqyasda qətliamın soyqırımı sayıla biləcəyi ilə bağlı çətin sual yaratdığını iddia edənlər də var. 

 

Qeyd etmək lazımdır ki, bununla yanaşı, bütün qətliamların soyqırımı adlandırılmasının mümkünlüyü ilə bağlı tənqidlər də var və bu tənqidlər belə olduqda soyqırımı anlayışının mahiyyətcə yüngülləşdirildiyini və adiləşdirildiyini ehtiva edir.

 

Bəşər tarixində hamılıqla soyqırımı kimi qəbul olunması mübahisə doğurmayan bir neçə qətliam baş verib. 

 

Məsələn, Almaniya 2021-ci ildə Namibiyada müstəmləkə dövründə baş verən qırğınları ilk dəfə olaraq "soyqırımı" kimi tanıdığını açıqlayıb. Almaniya qüvvələri 1904-1908-ci illər arasında Namibiyada on minlərlə herero və nama etnik qruplarının nümayəndələrini qətlə yetirib və bir sıra tarixçilər bu hadisələri XX əsrin ilk soyqırımı hesab edir.

 

Foto: Ruanda soyqırımı

 

Bəzilərinin fikrincə, XX əsrdə yalnız bir soyqırımı olub ki, bu da yəhudi soyqırımıdır. Lakin bəzilərinə görə, keçən əsrdə Birləşmiş Millətlər Təşkilatının 1948-ci il konvensiyasının tərifi çərçivəsində İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin öldürüldüyü Holokostla yanaşı, 1994-cü ildə Ruandada qırğına qarşı çıxan təxminən 800 min tutsi və hutunun öldürüldüyü qətliam, Bosniyadakı Srebrenitsa qətliamı da soyqırımı hesab olunmalıdır. Beynəlxalq Cinayət Məhkəməsi də bu yöndə hüquqi qüvvəsi olan qərar çıxarıb.

 

Sovet İttifaqı dövründə 1932-1933-cü illərdə Ukraynada həyata keçirilən siyasətin səbəb olduğu aclıq nəticəsində baş verən kütləvi ölümləri - Holodomoru, 1975-ci ildə Şərqi Timorun işğalı zamanı İndoneziyanın törətdiyi cinayətləri, 1970-ci illərdə Kambocada qırmızı kxmerlər tərəfindən törədilmiş qətliamı da soyqırımı siyahısına daxil edilməsinin vacibliyinə inananlar var.

 

Bundan başqa, 2010-cu ildə Beynəlxalq Cinayət Məhkəməsi Sudan prezidenti Ömər əl-Bəşirin soyqırım ittihamı ilə həbsinə order verib. Məhkəmə Əl-Bəşiri 7 illik müharibə zamanı təxminən 300 min insanın öldüyü, milyonlarla insanın didərgin düşdüyü Darfur bölgəsinin xalqına qarşı soyqırımı siyasəti aparmaqda ittiham edib.

 

 

 

Foto: Holokost

 

2017-ci ildə Qambiya Myanmaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edərək, Rohinca müsəlman icmasına qarşı soyqırımı törətdiyini bildirib və Rakxayn kəndlərinə qarşı geniş və sistemli təmizləmə əməliyyatlarının aparıldığını irəli sürüb. Yüz minlərlə Rohinca müsəlmanı Myanmadan qaçaraq qonşu Banqladeşə və digər ölkələrə keçib, minlərləsi isə öldürülüb.

 

2021-ci ildə ABŞ, Kanada və Niderland hökumətləri Çini Sintszyan-Uyğur muxtar rayonu bölgəsində yaşayan türk-müsəlman uyğur xalqına qarşı soyqırımı törətməkdə ittiham edib. Bir çox ölkələr eyni ittihamı ehtiva edən parlament qətnamələri qəbul ediblər. Çinin uyğurlara qarşı sterilizasiya, məcburi əmək, kütləvi həbs, sistematik işgəncə və zorlama kimi siyasətlər həyata keçirdiyini rəsmi Pekin rədd edir.

 

Göründüyü kimi, hamılıqla qəbul olunmuş soyqırımı aktları ilə yanaşı, hələlik müzakirə mərhələsində olan, eləcə də mübahisəli qətliamlar da var. Bütün soyqırımı aktlarının rəsmi şəkildə təsbit olunaraq hüquqi qiymət almasının bir məqsədi var: Cəzasızlıq mühitinin yaranmaması və çəkindiricilik. Bununla da gələcəkdə belə utanc doğuran faciələrin təkrarlanmaması qarşıya qoyulur. Xocalı soyqırımı da məhz buna görə dünya birliyi tərəfindən tanınmalı və müvafiq qiyməti almalıdır. Onu törədənlər isə layiq olduqları cəzanı çəkməlidirlər.

 

Təəssüfverici haldır ki, erməni diasporunun səyləri nəticəsində XX əsrin əvvəllərində Osmanlıda baş vermiş hadisələr - Türkiyə tarixşünaslığında "erməni təhciri" kimi tarixi qiyməti verilmiş hadisələr saxta və qondarma "erməni soyqırımı" kimi bəzi dövlətlər tərəfindən tanınır, lakin gerçək soyqırımı aktı olan Xocalı qətliamına hələlik müəyyən qədər laqeyd münasibət qalmaqdadır.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir