Modern.az

Türkiyədə bələdiyyə məclisləri: Necə formalaşır və hansı səlahiyyətləri var...

Türkiyədə bələdiyyə məclisləri: Necə formalaşır və hansı səlahiyyətləri var...

Analitika

29 Mart 2024, 17:11

Məlum olduğu kimi, 31 martda Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə sədrləri ilə yanaşı, bələdiyyə məclisləri də seçki ilə formalaşır ki, məclis üzvləri səsvermə yolu ilə seçilir. Burada böyükşəhər statusu olmayan vilayətlərdə vilayət ümumi məclislərinə və rayon bələdiyyə məclislərinə seçkilər keçiriləcək. Böyükşəhər statusuna malik olan vilayətlərdə isə yalnız rayon bələdiyyə məclislərinə seçkilər keçirilir.

 

Vilayət ümumi məclisinin əvəzinə böyükşəhərlərdə bəzi rayon məclis üzvlərinin təmsil olunduğu böyükşəhər bələdiyyə məclisi təşkil edilir. 2019-cu ildə keçirilən yerli seçkilərdə CHP-dən Ekrem İmamoğlu İstanbulda, Mansur Yavaş isə Ankarada bələdiyyə sədri seçilsə də, hər iki şəhərdə böyükşəhər bələdiyyə məclislərində iqtidardakı Cümhur İttifaqı çoxluğa sahib oldu.

 

Belə ki, İstanbulun 39 rayonundan 25-də bələdiyyələri Cümhur İttifaqı qazandığı üçün 312 yerlik İstanbul Böyükşəhər Bələdiyyə Məclisində AKP 176, CHP 128, MHP və İYİ Partiya isə hər biri 4 deputatdan ibarət mandatlar əldə ediblər. Ankarada da 25 rayon bələdiyyəsindən 22-də Cümhur İttifaqı udub və 147 nəfərlik Ankara Böyükşəhər Bələdiyyə Məclisində AKP 88, CHP 27, MHP 19, İYİ Partiyası 11 deputatla təmsil olunub, 2 üzv bitərəf olub.

 

Böyükşəhər olmayan vilayətlərdəki vilayət ümumi məclisləri isə birbaşa seçicilər tərəfindən seçilir. Səlahiyyətlərinə büdcə və yekun hesabatın qəbulu, ətraf mühit planını və ərazilərin inkişaf planlarını müzakirə etmək və qərar vermək, investisiyaların hansı modellə ediləcəyinə qərar verilməsi, törəmə müəssisələrin özəlləşdirilməsi kimi məsələlər daxildir.

 

Vilayət ümumi məclisində təmsilçilik üçün əhalisinin sayına görə vilayətin hər rayonuna kvota ayrılır. Əhalisi 25 minə qədər olan rayonlar bu məclisə 2, 25-50 min olan rayonlar 3, 50-75 min olanlar 4, 75-100 min olan rayonlar isə 5 nümayəndə seçə bilirlər. Əhalisi 100 mindən çox olan rayonlarda hər 100 min əhaliyə görə əlavə 1 təmsilçi seçmək hüququ əlavə olunur.

 

 

Hər rayondan vilayət ümumi məclisinə seçiləcək üzvlərin müəyyən edilməsi üçün əvvəlcə bütün partiyaların və müstəqil namizədlərin səs nisbətindən 10 faiz çıxarılır. Qalan səslər D'Hont sisteminə uyğun olaraq bölüşdürülür. 10 faiz çıxıldıqdan sonra D'Hont sisteminin tətbiqi böyük partiyalara çox yüksək təmsilçilik təmin edə bilir. Səs baryeri amili də burada rol oynayır.

 

10 faizlik baryer var ki, bu səbəbdən 10 faizdən az səs toplayan partiyalar və ya müstəqil namizədlər məclislərdə təmsil oluna bilmir. 2022-ci ildə edilən qanun dəyişikliyi ilə parlament seçkilərində baryer 7 faizə endirilsə də, bələdiyyə məclisləri üçün baryer dəyişdirilməyib. Həm böyükşəhərlərdə, həm də digər vilayətlərdə rayon bələdiyyələrinin məclislərinə də səsvermə keçirilir.

 

Bu məclisin vəzifə və səlahiyyətlərinə  daxildir: Bələdiyyənin inkişaf planlarını müzakirə etmək, büdcəni qəbul etmək, borc almağa qərar vermək, strateji plan və investisiya və iş proqramları, bələdiyyə fəaliyyətinin və kadrların performans meyarlarını müzakirə etmək, mübahisələri həll etmək və s. Rayon bələdiyyə məclislərinin üzvlərinin sayı əhalinin sayına görə müəyyən edilir. Bundan başqa, rayon bələdiyyə sədri seçkilərində qalib gələn şəxsə öz seçdiyi üzvləri bu tərkibə daxil etmək üçün kvota ayrılır.

 

Böyükşəhər bələdiyyə məclislərinin səlahiyyətlərinə gəlincə, buraya büdcənin qəbulu, rayon bələdiyyələrinin büdcələrini təsdiq etmək və zəruri hallarda onlara dəyişikliklər etmək, rayon bələdiyyə məclisləri tərəfindən qəbul edilmiş rayonlaşdırma qərarlarının 3 ay müddətində baş rayonlaşdırma planına uyğunluğunu yoxlamaq və ya onlara dəyişiklik etmək və qəbul etmək, təşkilati bölmələriniyaradılması, ləğvi və birləşdirilməsi ilə bağlı qərarların qəbulu daxildir.

 

Böyükşəhər bələdiyyə məclisi rayon bələdiyyələrinin sədrləri və bəzi məclis üzvlərindən ibarət tərkibdə təşkil olunur. Hər bir rayon bələdiyyə məclisi öz üzvlərinin beşdə birini böyükşəhər bələdiyyə məclisinə göndərə bilər. Böyükşəhər bələdiyyə məclisinə rayonlardan göndəriləcək üzvlər onların rayon bələdiyyə məclisinə daxil olma sırasına uyğun olaraq müəyyən edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir