Modern.az

Paşinyan orduya nəzarəti itirir - Baş nazir devrilə bilər

Paşinyan orduya nəzarəti itirir - Baş nazir devrilə bilər

Analitika

1 Aprel 2024, 10:46

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü keçiriləcək.  Rəsmi İrəvan Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüşdə üçtərəfli əməkdaşlıq yollarının müzakirə olunacağını bildirir.

 

Modern.az-ın məlumatına görə, sözügedən görüşü şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb.

 

“ABŞ və Avropa İttifaqı heç onlara daha yaxın Ukraynaya təhlükəsizlik təminatı verə bilmirlər, bunu Ermənistan üçün necə həyata keçirəcəklər? Doğrudur, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır. Həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və Avropa İttifaqı və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək. Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən, Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, bu təminat verilsə belə, onu necə reallaşdıracaqlar?”.

 

Ekspertin sözlərinə görə, Ermənistanda bir-birinə zidd qüvvələrin - həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir.

 

“Doğrudur, indinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı, Avropa İttifaqının, əsasən Fransanın müşahidəçi missiyası var və hələ ki bir-birlərinə mane olmurlar. Ancaq həmin müşahidəçi missiya silahlı deyil və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil”.

 

Siyasi şərhçi deyib ki, bu arada, Ermənistanın sərhəddə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür.

 

“Birincisi, Nikol Paşinyan 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyir, veriləcək məsləhət əsasında qərar qəbul edəcək. Buna qədər isə sərhədi möhkəmləndirmək qərarını verib. Görünür Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndlərin geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər.

 

İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar. Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə “Paşinyanın əmrini yerinə yetirməyin” çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı “5-ci kolonun” məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı