Modern.az

Seçkilərdə "əl dəyişdirən" vilayətlər - 29 bölgədə seçicilər qərarını dəyişib...

Seçkilərdə

Analitika

1 Aprel 2024, 12:48

Türkiyədə dünən keçirilən bələdiyyə seçkiləri maraqlı siyasi nəticələr doğurub. Rəsmi nəticələr hələ açıqlanmasa da, səslərin 100 faizə (99.82) yaxını sayılıb. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) 37 faizdən çox səslə seçkinin qalibidir. İqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) isə 35 faiz səslə ikinci olub.

 

6.19 faiz səs yığan Yenidən Rifah Partiyası (YRP) üçüncü, 5.68 faiz səs yığan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) dördüncü, 4.98 faiz səs yığan Milliyyətçi Hərəkat Partiyası (MHP) beşinci, 3.77 faiz səs yığan İYİ Partiya (İYİ) isə altıncı yerə çıxıb. Digər siyasi partiyalar isə daha az səs faizləri əldə ediblər.

 

Modern.az hazırkı nəticələri 2019-cu ildə keçirilən ötən bələdiyyə seçkilərinin nəticələri ilə müqayisə edib "əl dəyişdirən" vilayətləri müəyyənləşdirib. Əvvəlcə onu qeyd edək ki, ötən seçkilərdə AKP birinci, CHP ikinci, MHP üçüncü, İYİ dördüncü, HDP (indiki DEM Partiya) beşinci, Səadət Partiyası isə altıncı olmuşdu. Göründüyü kimi, ümumi nəticələr bu dəfə tamamilə fərqlidir.

 

Ayrı-ayrı vilayətlərə gəldikdə isə, həm partiyaların ötən seçkilərdəki qələbəsini qoruduğu, həm də fərqli partiyalara şans verən regionlar var. İstanbul, Ankara, İzmir kimi əsas şəhərlərdə qalib dəyişməyib. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də CHP qalib gəlib. Bununla belə, səs faizlərində müəyyən dəyişikliklər mövcuddur.

 

Nəticələr ötən seçkilərdən fərqlənən vilayətlərə nəzər salaq:

 

1) Adıyaman - Ötən seçkilərdə bu vilayətdə AKP qalib gəlsə də, bu dəfə qələbə CHP-nin olub. Belə ki, CHP-nin namizədi Aburrahman Tutdere 49.74 faiz səslə birinci, AKP-nin namizədi Ziya Polat isə 27.43 faiz səslə ikinci olub.

 

2) Afyonkarahisar - Bu vilayətdə də 2019-cu il seçkilərinin qalibi AKP olub. Lakin dünənki seçkilərdə qələbə CHP-yə keçib. Ana müxalifət partiyasının namizədi Burcu Köksal 50.73, iqtidarın namizədi Hüseyin Ceylan Uluçay isə 31.82 faiz səs yığıb.

 

3) Ağrı - Ağrının bələdiyyə sədrliyini keçən seçkilərdə iqtidar qazanmışdı. Bu dəfə isə kürdyönümlü DEM Partiya səs çoxluğu əldə edib. DEM Partiyanın namizədi Hazal Aras 51.07, AKP-ni təmsil edən Mehmet Salih Aydın isə 33.7 faizlik nəticə göstərib.

 

4) Amasya - Burada 2019-cu ildə seçkini MHP udmuşdu. Bu seçkilərdə partiyanın namizədi Bayram Çelik 22.91 faiz səslə nəinki qalib gələ bilməyib, hətta üçüncü olub. Qələbənin sahibi olan CHP-nin namizədi Turqay Sevindi 42.84 faiz səs toplayıb. İkincilik isə AKP-yə qismət olub - namizəd Mehmet Uyanık 28.96 faiz səs əldə edib.

 

5) Balıkesir - Ötən seçkilərdə CHP Balıkesirdə Millət İttifaqı çərçivəsində müttəfiqi olan İYİ Partiyanın namizədini dəstəkləyərək namizəd çıxarmamışdı. İYİ Partiya seçkidə AKP-nin namizədinə məğlub olmuşdu. Bu dəfə isə artıq Millət İttifaqı mövcud olmadığı üçün CHP və İYİ seçkilərə ayrı-ayrı namizədlərlə qatılmışdı. Nəticədə Balıkesirdə CHP qalib gəlib. Bu partiyanın namizədi Ahmet Akın 51.1 faiz səslə birinci, AKP-nin namizədi Yücel Yılmaz 40.54 faizlə ikinci olub. İYİ Partiyanın namizədi Turhan Çömez isə 3.05 faiz səslə üçüncülüklə kifayətlənib.

 

6) Bursa - Keçən bələdiyyə seçkilərində cüzi səs fərqi ilə məğlub olan CHP bu dəfə qalib gəlib. Partiyanın namizədi Mustafa Bozbey 47.6 faiz, AKP-nin namizədi Alinur Aktaş isə 38.35 faiz səs yığıb. Bursa İstanbul, Ankara və İzmirdən sonra Türkiyənin ən böyük 4-cü şəhəridir.

 

7) Denizli - Adı Denizli olsa da, dənizlərə çıxışı olmayan bu vilayətdə də seçicilər 2019-cu ildəki seçimlərini dəyişiblər. Belə ki, 5 il əvvəl AKP-nin udduğu seçkiləri bu dəfə CHP qazanıb. CHP-nin namizədi Bülent Nuri Çavuşoğlu 48.04, hakim partiyanın namizədi Osman Zolan isə 38.86 faiz səs toplayıb.

 

8) Giresun - Qara dəniz sahilində yerləşən Giresunda ötən dəfə AKP namizədi 0.49 faiz səs fərqi ilə bələdiyyə sədri olmuşdu. Dünən bu vilayətin sakinləri də seçimlərini dəyişiblər. CHP-nin yeni namizədi Fuat Köse 54.56, AKP-nin namizədi Aytekin Şenlikoğlu isə 37.62 faizlik seçicinin səsini alıb. 

 

9) Gümüşhane - Burada vətəndaşlar seçimin dəyişsə də, dəyişiklik iqtidar və müxalifət arasında olmayıb. Gümüşhane seçiciləri hakim Cümhur İttifaqının ortaqları arasında seçim ediblər. 2019-cu ildə vilayətdə AKP qalib gəlsə də, bu dəfə qələbə MHP-nin olub. Belə ki, MHP-nin namizədi Vedat Soner Başer 41.62 faizlə birinci,  AKP-nin namizədi Ercan Çimen isə 38.2 faiz səslə ikinci olub.

 

10) Hatay - Böyükşəhər statusuna malik olan Hatay zəlzələdən ən çox ziyan görmüş vilayətlərdəndir. Burada 2019-cu ildə CHP-nin namizədi Lütfü Savaş seçilmişdi. Savaş 2009-cu ildən Hatay bələdiyyəsinin sədri idi, lakin əvvəlcə AKP-nin namizədi kimi qalib gəlmişdi. 2014-cü ildəki seçkilərdə hakim partiya fərqli namizəd göstərdiyi üçün AKP-dən istefa verən siyasətçi həmin seçkilərdə CHP-dən namizəd olaraq qələbə qazanamışdı. Zəlzələdən sonra böyük tənqidlərə tuş gələn Savaşın yenidən namizəd göstərilməsi narazılıqlara səbəb olsa da, yeni CHP rəhbərliyi qərarında israrçı oldu. Nəticədə Hatay dünənki seçkilərdə CHP-dən AKP-yə keçən yeganə vilayət oldu və Savaş 43.97 faiz səslə ikinci yerə çıxaraq məğlub oldu. AKP-nin namizədi Mehmet Öntürk 44.47 faiz səs toplayaraq yeni Hatay meri oldu.

 

11) Kars - 2019-cu ildə Karsda ovaxtkı HDP (hazırda DEM Partiya adlanır) bələdiyyə sədrliyini əldə etmişdi, bu dəfə isə AKP namizəd çıxarmayaraq Cümhur İttifaqı çərçivəsində müttəfiqi olan MHP-nin namizədi Ötüken Sengeri dəstəklədiyi üçün qalib 36.2 faiz səslə MHP oldu. AKP ilə yanaşı, Cümhur İttifaqına daxil olmayan ultra-sağçı Zəfər Partiyası da kürdyönümlü DEM Partiyanın qələbəsini əngəlləmək üçün namizəd çıxarmayaraq MHP-nin namizədini dəstəklədi. Nəticədə DEM Partiyanın namizədi Kenan Karahancı 28.98 faiz səslə ikinci oldu.

 

12) Kastamonu - Ötən seçkilərdə Kastamonuda MHP qalib gəlmişdi. Dünənki seçkilərdə isə bu partiyanın namizədi Yüksel Aydın 6.9 faiz səslə üçüncülüklə kifayətləndi. Qalib gələn CHP-nin namizədi Hasan Baltacı 48.99 faiz, ikinci olan AKP namizədi Tahsin Babaş isə 36.15 faiz səs topladı.

 

13) Kırklareli - Türkiyənin əsas hissəsindən - Anadoludan kənarda, Balkan yarımadasında yerləşdiyi üçün Avropa şəhəri hesab olunan Kırklareli Trakiya bölgəsinin vilayətlərindən biridir. Burada 2014-cü il seçkilərində qələbə çalan CHP namizədi Mehmet Siyam Kesimoğlu 2019-cu ildə partiyası tərəfindən namizəd göstərilmədiyi üçün bitərəf namizəd olaraq seçkiyə qatılıb qələbə çalmışdı. CHP-nin çıxardığı namizəd üçüncü yerə çıxmışdı. Həmin seçkilərdə ikinci olan MHP-nin namizədi Derya Bulutdan 112 səs (0.25 faiz) çox səs alan Kesimoğlu 2021-ci ildə yenidən CHP üzvlüyünə qayıtmış, bu seçkilərdə CHP namizədi kimi iştirak etmişdi. 5 il əvvəlki seçkilərdə Kesimoğlu və CHP namizədinin topladığı səslərin cəmi 60 faizə yaxın olduğu üçün bu dəfə partiyadan namizəd göstərilən siyasətçinin qalib gələcəyi gözlənilsə də, nəticələr sürpriz oldu. Belə ki, MHP-nin yenidən namizəd göstərdiyi Derya Bulut 41.5 faiz səslə qələbə qazandı. CHP-nin namizəd göstərdiyi Kesimoğlu isə bu dəfə 40.71 faiz səslə ikinci oldu.

 

14) Kütahya - Bu vilayətdə ötən seçkilərdə MHP qalib gəlib. Bu dəfə MHP-nin namizədi Alim İşık 29.16 faiz səslə ikinci, CHP-nin namizədi Eyüp Kahveci 29.69 faiz səslə birinci olub. Beləliklə, Kütahya bələdiyyəsi MHP-dən CHP-yə keçib.

 

15) Manisa - 2019-cu il seçkilərində Manisada da MHP qazanmışdı. CHP bu seçkilərdə Manisa üçün xüsusi hazırlıq işləri görürdü. Bunda Manisanın CHP-nin yeni sədri Özgür Özelin vətəni olmasının da rolu var idi. Nəticədə dünənki seçkilərdə Manisa bələdiyyəsi də MHP-dən CHP-yə keçdi. CHP namizədi Ferdi Zeyrek 57.21, MHP namizədi Cengiz Ergün 29.74 faiz səs topladı. AKP-nin namizəd çıxarmayaraq Cümhur İttifaqı çərçivəsində MHP namizədini dəstəkləməsi də CHP-nin qələbəsinə əngəl ola bilmədi.

 

16) Muş - 5 il əvvəl 0.82 faizlik səs fərqi ilə AKP-nin seçildiyi Muşda bu dəfə DEM Partiya qazandı. Bu partiyanın yeni namizədi Sırrı Söylemez 42.74 faiz səs toplayaq birinciliyi əldə edib. AKP namizədi Feyat Asya isə 25.18 faiz səslə ikinci olub.

 

17) Nevşehir - 2019-cu ildə iqtidar partiyasının qalib gəldiyi Nevşehirdə bu dəfə İYİ Partiya seçkini udub. Bu, İYİ Partiyanın qələbə çaldığı yeganə vilayətdir. Ötən seçkilərdə də ayrı-ayrı rayon bələdiyyələrində namizədi qalib gəlsə də, yarandığı vaxtdan bəri qatıldığı hər iki yerli seçkilərdə İYİ Partiya ilk dəfə vilayət bələdiyyəsini idarə etmək şansı qazanıb. Partiyanın namizədi Rasim Arı 52.03 faiz səslə birinci olub və ikincilik 34.5 faiz səslə AKP namizədi Mehmet Savrana nəsib olub.

 

18) Sivas - Burada da ötən seçkilərdəki nəticələr dəyişib. 2019-cu ildə AKP-nin qazandığı Sivasda bu dəfə Cümhur İttifaqının kiçik ortaqlarından olan Böyük Birlik Partiyası (BBP) qalib gəlib. Mərhum siyasətçi Muhsin Yazıcıoğlunun yaratdığı BBP 90-cı illərdə MHP-dən qopub. Hazırda Mustafa Desticinin sədrlik etdiyi partiya son illərdə ardıcıl olaraq Ərdoğanı dəstəkləyir. Buna baxmayaraq yerli seçkilərdə bir neçə vilayətdə BBP öz namizədləri ilə iştirak edib. Sivas BBP-nin qələbə çaldığı yeganə vilayətdir. Partiya ötən seçkilərdə vilayət bələdiyyəsi əldə edə bilməmişdi. Bu dəfə isə Sivasda seçicilər BBP namizədi Adem Uzunu 43.31 faiz səslə bələdiyyə sədri seçiblər. AKP namizədi Hilmi Bilgin isə 29.18 faiz səslə ikinci olub.

 

19) Tokat - Bu vilayətdə də seçicilərin etdiyi dəyişiklik Cümhur İttifaqının ortaqları arasında olub. Belə ki, 2019-cu ildə AKP-nin udduğu Tokat bələdiyyəsini bu dəfə MHP əldə edib. MHP-nin namizədi Mehmet Kemal Yazıcıoğlu 54.86 faiz səslə birinci, AKP-nin namizədi Eyüp Eroğlu isə 30.18 faiz səslə ikinci yerə çıxıb.

 

20) Tunceli - Solun güclü olduğu Tuncelidə dəyişiklik müxalifətdən müxalifətə olub. 2019-cu ildə Tunceli Türkiyə Kommunist Partiyasının (TKP) qalib gəldiyi yeganə vilayət idi. 5 il Tunceli bələdiyyəsinə sədrlik edən "kommunist başqan" ləqəbli Fatih Mehmet Maçoğlu bu dəfə Tuncelidən yox, İstanbulun Kadıköy rayonundan namizəd oldu. Kadıköydə CHP namizədinə uduzan TKP Tuncelini də əlindən buraxdı. Bu dəfə Tuncelidə DEM Partiyanın namizədi Cevdet Konak 40.22 faiz səs toplayaraq bələdiyyə sədri seçilib. İkincilik isə 33.33 faiz səs yığan CHP namizədi Ali Mustafa Çelikdə olub.

 

21) Şanlıurfa - Ötən seçkilərdə qələbə çalan AKP-ni Şanlıurfada bu dəfə ölkə üzrə üçüncü yerə çıxan dindar-mühafizəkar Yenidən Rifah Partiyası məğlub edib. YRP əvvəllər AKP funksionerlərindən olan Mehmet Kasım Gülpınarı namizəd göstərərək 38.87 faiz səslə qalib gəlib. AKP-nin namizədi Zeynel Abidin Beyazgül isə 33.64 faiz səslə ikinci olub.

 

22) Uşak - AKP-dən CHP-yə keçən vilayətlərdən biri olan Uşakda ana müxalifət partiyasının namizədi Özkan Yalım 40.88 faiz səslə seçkini udub. İqtidardakı partiyanın namizədi Mehmet Çakın 24.31 faiz səslə ikinci yerə çıxıb.

 

23) Yozqat - Burada da bələdiyyə sədrliyi AKP-dən YRP-yə keçib. Yozqat Yenidən Rifah Partiyasının əldə etdiyi iki vilayət bələdiyyəsindən biridir (digəri Şanlıurfa). Partiyanın namizədi Kazım Arslan 36.33 faiz, MHP-nin namizədi Ömer Açıkel 29.78 faiz səslə ikinci olub. Ötən seçkilərin qalibi olan AKP isə 26.81 faiz səs yığan namizədi Celal Köse ilə üçüncülüklə kifayətlənib.

 

24) Zonquldak - 2014-cü ildə CHP-nin qalib gəldiyi seçkilərdə ötən seçkiləri udan partiya AKP olmuşdu. Dünənki seçkilərdə CHP Zonquldak bələdiyyəsini yenidən idarə etmək səlahiyyəti qazanıb. CHP-nin namizədi Tahsin Erdem 54.52 faiz səslə qələbə çalıb. AKP-nin ikinci yerə çıxan namizədi Ömer Selim Alan isə 37.6 faiz səs qazanıb.

 

25) Bayburt - Türkiyənin ən kiçik vilayətlərindən olan Bayburtun sakinləri Cümhur İttifaqı daxilində seçim dəyişikliyi ediblər. 2019-cu ildə Bayburtda seçkini udan MHP-ni bu dəfə iqtidardakı AKP əvəzləyib. Hakim partiyanın namizədi Mete Memiş 39.08 faiz səslə Bayburt bələdiyyəsinin yeni sədri olub. Ötən seçkilərin qalibi olan MHP namizədi Hükmü Pekmezci isə 37.88 faiz səs alaraq ikinci olub.

 

26) Kırıkkale - Kırıkkaledə 5 il əvvəl AKP qalib gəlsə də, bu seçkilərin birincisi CHP olub. Partiyanın namizədi Ahmet Önal 49.9 faiz, AKP-nin namizədi Mehmet Sayqılı isə 23.17 faiz səs alıb.

 

27) Bartın - Kiçik Qara dəniz vilayətlərindən olan Bartında 2014 və 2019-cu il seçkilərində MHP qalib gəlmişdi. Bu dəfə Bartın bələdiyyəsi CHP-yə qismət olub. Ana müxalifət partiyasının namizədi Muhammet Rıza Yalçınkaya 51.29 faiz, MHP-nin namizədi Hüseyin Fahri Fırıncıoğlu isə 36.61 faiz səs toplayıb.

 

28) Karabük - Bu vilayətdə dəyişiklik MHP-dən AKP-yə olub. 5 il öncə Karabük bələdiyyəsini qazanan MHP bu dəfə ikinci olub. Partiyanın namizədi Rafet Vergili cəmi 26.45 faiz səs yığa bilib. Qalib gələn AKP-nin namizədi Özkan Çetinkaya 33.95 faiz səs toplayıb.

 

29) Kilis - Türkiyənin ən kiçik vilayətlərindən olan Kilisdə isə AKP bələdiyyəni CHP-yə təhvil verməli olub. CHP namizədi Hakan Bilecen 41.98 faiz, AKP namizədi Reşit Polat isə 27.28 faiz səs qazanıb.

 

Göründüyü kimi, Türkiyənin 81 vilayətindən 29-da seçicilər 5 il əvvəl seçdikləri partiyalara bu dəfə etimad göstərməyiblər. Yerdə qalan 52 vilayətdə isə səs faizləri və bəzi hallarda partiyaların göstərdikləri namizədlər dəyişsə də, qalib siyasi partiyalar eyni qalıb:

 

Adana - CHP, Ankara - CHP, Antalya - CHP, Artvin - CHP, Aydın - CHP, Bilecik - CHP, Bingöl - AKP, Bitlis - AKP, Bolu - CHP, Burdur - CHP, Çanakkale - CHP, Çankırı - MHP, Çorum - AKP, Diyarbakır - DEM Partiya (HDP), Edirne - CHP, Elazığ - AKP, Erzincan - MHP, Erzurum - AKP, Eskişehir - CHP, Qaziantep - AKP, Hakkari - DEM Partiya (HDP), İsparta - AKP, Mersin - CHP, İstanbul - CHP, İzmir - CHP, Kayseri - AKP, Kırşehir - CHP, Kocaeli - AKP, Konya - AKP, Malatya - AKP, Kahramanmaraş - AKP, Mardin - DEM Partiya (HDP), Muğla - CHP, Niğde - AKP, Ordu - AKP, Rize - AKP, Sakarya - AKP, Samsun - AKP, Siirt - DEM Partiya (HDP), Sinop - CHP, Tekirdağ - CHP, Trabzon - AKP, Van - DEM Partiya (HDP), Aksaray - AKP, Karaman - MHP, Batman - DEM Partiya (HDP), Şırnak - AKP, Ardahan - CHP, İğdır - DEM Partiya (HDP), Yalova - CHP, Osmaniye - MHP, Düzce - AKP.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok