Modern.az

Türkiyədə ən az bələdiyyə qazanan SİYASİ PARTİYALAR

Türkiyədə ən az bələdiyyə qazanan SİYASİ PARTİYALAR

Analitika

1 Aprel 2024, 16:31

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində böyükşəhər, vilayət, rayon və mahal bələdiyyələrinə sədrlər seçildi. Rayon və mahal bələdiyyələri də böyük əhəmiyyətə malik olsa da, partiyaların əsas müvəffəqiyyət meyarı ölkə üzrə ümumi olaraq yığdıqları səs faizi və 30-u böyükşəhər statusuna malik olan 81 vilayətdən neçəsində bələdiyyə sədri postunu qazanmaları hesab olunur.

 

Bundan başqa, dünənki seçkilərdə vilayət ümumi məclislərinə, bələdiyyə məclislərinə də üzvlər seçilib, kənd və məhəllələrə yerli başçılar (muxtar) səs alıb. Lakin yuxarıda qeyd olunduğu kimi, əsas meyar ölkə üzrə səs faizi və vilayət bələdiyyələridir. Ölkə üzrə partiyaların topladığı səs faizi səslərin 100 faizə yaxını hesablandığı üçün bəllidir.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq ən az sayda vilayət bələdiyyəsi qazanan siyasi partiyaları araşdırıb.

 

 

Əvvəlcə qeyd edək ki, Türkiyədə dünən keçirilən yerli seçkilərdə ümumilikdə 34 siyasi partiya iştirak edib. Onlardan Cümhuriyyət Xalq Partiyası (CHP), Ədalət və İnkişaf Partiyası (AKP), Yenidən Rifah Partiyası (YRP), Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya), Milliyyətçi Hərəkat Partiyası (MHP), İYİ Partiya (İYİ) müvafiq olaraq birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı yerləri tutublar.

 

Bu 6 partiyadan başqa, təkcə Böyük Birlik Partiyası (BBP) ölkə miqyasında cüzi səs faizi almasına baxmayaraq vilayət bələdiyyəsi qazana bilib. Beləliklə, seçkilərə qatılan 34 siyasi partiyadan yalnız 7-si vilayət bələdiyyəsi əldə edə bilib. Yerdə qalan 27 partiya heç bir vilayətdə seçkiləri udmağa müvəffəq olmayıb.

 

7 partiyadan 3-ü isə minimal sayda vilayət bələdiyyəsi əldə edərək bu siyahıya düşə biliblər. Bu partiyalar - 2 bələdiyyə ilə Yenidən Rifah Partiyası, 1 bələdiyyə ilə İYİ Partiya, 1 bələdiyyə ilə Böyük Birlik Partiyasıdır.

 

 

Belə ki, Şanlıurfa və Yozqatda seçkilərin qalibi olan YRP növbəti 5 ildə biri böyükşəhər olan (Şanlıurfa) iki vilayəti idarə etmək səlahiyyəti qazanıb. Qurulduğu vaxtdan bəri qatıldığı 2 yerli seçkidə (2019 və 2024) ilk dəfə vilayət bələdiyyəsi qazana bilən İYİ Partiya isə Nevşehirdə seçkini udub. Bu partiya da 2029-cu ilədək Nevşehir vilayətini idarə etmək fürsətinə malikdir.

 

Sivasda isə seçkilər Böyük Birlik Partiyasının qalibiyyəti ilə başa çatıb. Bununla BBP də Türkiyənin 81 vilayətindən birini idarə etmək şansını əldə edib. Qeyd etmək lazımdır ki, həm Şanlıurfa və Yozqatda, həm də Nevşehir və Sivasda keçən bələdiyyə seçkilərinin qalibi hakim Ədalət və İnkişaf Partiyası (AKP) olmuşdu.

 

Beləliklə, Türkiyədə ötən gün keçirilən yerli seçkilərdə ən az sayda bələdiyyə qazanan partiyalar, YRP, BBP və İYİ olub. 27 partiya isə heç bir vilayətdə səs çoxluğu əldə edə bilməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı