Modern.az

İran dilemma qarşısında: İsrailə hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər

İran dilemma qarşısında: İsrailə hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər

Analitika

4 Aprel 2024, 13:01

Aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirilib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.

 

İran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, zərbə endirilən bina İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.

 

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.  Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail təyyarələri yerli vaxtla təxminən saat 17:00 radələrində Qolan təpələrindən konsulluq binasına zərbələr endirib. Nazirlik əlavə edib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri raketlərin bəzilərini vurub. "Reuters" agentliyinə danışan İsrail ordusunun sözçüsü İsrail Hərbi Hava Qüvvələrinin zərbədə iştirak edib-etməməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

 

“The New York Times” qəzeti adı açıqlanmayan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini yazıb. Onların sözlərinə görə, hədəf general Zahedi olub. Briqada generalı Məhəmməd Rza Zahedi SEPAH daxilində mühüm fiqur idi. O, 44 il əvvəl təşkilata qoşulub, 2008-2016-cı illərdə Suriya və Livanda hərbi əməliyyatlarda iştirak edib, Bəşər Əsəd rejiminin tərəfində döyüşüb və bu müddət ərzində ali rütbəyə yüksəlib.

 

İranın Ali Dini Lideri və Prezidenti qisas alınacağını bildirib. İran prezidenti İbrahim Rəisi İsrailin bazar ertəsi İranın Suriyadakı konsulluq binasına hücumuna toxunaraq deyib ki, bu hadisə cavabsız qalmayacaq.

 

İsrailin hücumundan sonra İran dilemma ilə üzləşib. Ekspertlər deyir ki, Tehran İsrailə cavab vermək istəyir, ancaq bu cavabın genişmiqyaslı müharibəyə səbəb olacağından çəkinir. 

 

Tehran proksi qüvvələrini aktivləşdirə, onlardan İsrailə birbaşa zərbələr endirmək üçün istifadə edə bilər. Bəzi ekspertlər Tehranın nüvə proqramını gücləndirə biləcəyini də vurğulayır.

 

"Şərqə Baxış" analitik mərkəzi hücumla bağlı şərhində bildirir ki, İsrail İranı açıq müharibəyə çəkmək istəyir. İran isə bir anda alovlanan açıq müharibə yerinə, dolayı, vaxtaşırı gərginləşib səngiyən, uzunmüddətli və geniş cəbhəyə yayılmış qarşıdurmalara adaptasiya olub.

 

"İran hər nə qədər birbaşa toqquşmadan yayınsa da, İsrailin bu tipli hücumları İran rəhbərliyi qarşısında üç istiqamətli təzyiq yaradır. Birincisi, generallar və yüksək rütbəli zabitlərin ölümünə layiqli cavab verilməməsi daxildəki təhlükəsizlik qüvvələrində ruh düşkünlüyü yaradır və hakimiyyətə qarşı inamı sarsıdır. İkincisi, Suriya, Livan və İraqdakı proksi qüvvələrində Tehrana qarşı etimadsızlıq güclənir. Üçüncüsü də İsrailin nə istədiyi tam bəllidir, İran birbaşa toqquşmadan yayındıqca və çəkindiricilik yarada bilmədikcə, İsrail hücumların kəsərini və miqyasını daha da artıracaq. Bu gün səfirliyi vuran İsralin növbəti etaplarda birbaşa İran ərazilərini vuracağı barizdir. İsrail İranı ənənəvi oyununu dəyişməyə və səhvə yol verməyə məcbur etmək istəyir. ABŞ-ın Yaxın Şərqdəki irimiqyaslı regional toqquşma istəməməsi İsrail və İran arasında mümkün müharibənin önündəki yeganə əngəldir", - məqalədə bildirilir.

 

Mətbuatda İranın proksi qüvvələr yerinə, bu dəfə öz ərazisindən İsrailə qarşı dron və raket hücumları həyata keçirəcəyi iddia olunur.

 

"Belə bir addım regional konteksti tam dəyişə bilər, çünki bu, İranın daxilindəki hərbi qüvvələri də İsrailin hədəfinə çevirəcək. Nəzərə alınmalıdır ki, İsrail İranın Suriyadakı səfirliyinə hücumun məsuliyyətini öz üzərinə götürmədi. Buna qarşılıq, İranın öz ərazisindən İsrailə birbaşa hücum etməsi regional eskalasiya deməkdir. Bu isə İranın tam olaraq İsrailin istədiyi oyunu oynamağa başlaması demək olacaq.

 

İranın nümayişkaranə cavabdan daha çox, İsrail qarşısında çəkindiricilik yaradacaq bir cavaba ehtiyacı var. İsrail İrana hücum etməyin ağır nəticələrdən çəkinmədikcə, hücumlarının kəsərini daha da artıracaq. Təbii ki, hərbi-texnoloji üstünlük İsrailin xeyrinədir və İran üçün hərbi çəkindiriciliyi təmin edəcək bir seçim yoxdur. Yəqin ki, İran rəhbərliyi Netanyahunun devrilməsini gözləyir və ya İsrailin qonşuluqdakı Livan və İordaniya kimi ərəb dövlətləri ilə müharibəyə başlamasına çalışır. Toqquşmaları İsrail ətrafında saxlamaq, öz sərhədlərini yaxınlaşdırmamaq İranın ən başlıca hədəfidir", - Mərkəzdən qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!