Modern.az

İran-İsrail savaşında Türkiyə faktoru: Ankara ehtiyatlı olmalıdır!

İran-İsrail savaşında Türkiyə faktoru: Ankara ehtiyatlı olmalıdır!

Analitika

15 Aprel 2024, 16:22

Aprelin 14-nə keçən gecə İran İsrail ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və raketlə hüvum edib. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olduğunu bildirib. İsrail buraxılan raket və PUA-ların 99%-dən çoxunun məhv edildiyini deyir. ABŞ tərəfindən 80-dən çox PUA və 6 raket vurulub.

 

Qərb mətbuatı yazır ki, İsrail İrana cavab verməyəcək. Ancaq İsrail ordusunun rəsmiləri yeri və zamanı gələndə İrana zərbələr endiriləcəyini deyir.

 

Qeyd edək ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur. Tehran hücuma görə qisas alacağını bəyan etmişdi.

 

İran hücumdan əvvəl Türkiyə vasitəsilə ABŞ-ı məlumatlandırıb. “Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir. Qeyd olunub ki, Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır. Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, Ankara regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatdır.

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İranın hücumları əvvəlcədən xəbər verməsinin baş verənlərin müharibə olmadığını göstərir:

 

“Bu hücum müharibə deyil, sadəcə cavab idi. Çox maraqlıdır ki, İran hücumdan bir neçə gün əvvəl ABŞ, Türkiyə, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir, Livan, Liviya və demək olar ki, bütün Aİ-ni xəbərdar etmiş, İsraili hansı silah növü və hansı bölgədə olduqları barədə məlumatlandırmışdı. Müharibə ölkələr belə xəbərdarlıq etmirlər. Bu, müharibə qaydalarına ziddir. Bu xəbərdarlıqlardan sonra ABŞ prezidenti Bayden deyib: “İrana mesajım budur, bunu etmə, biz İsrailin müdafiəsinə sadiqik. İstəyinə nail ola bilməyəcəksən”.

Ekspert hadisələrin bundan sonrakı axarından danışıb: “Bu oyunu təkcə İran, ABŞ, İsrail deyil, bütün İslam ölkələri də oynadı. Hər iki tərəf də daxili ictimai rəyi idarə etmək üçün psixologiya tapdı. İranı qəhrəmanlaşdırmaq üçün faydalı fürsət yarandı.

 

İsrailin Qəzzada soyqırımına qarşı qlobal reaksiya zəifləyəcək. İsrailə dövlət dəstəyi mütləq güclənəcək. ABŞ da İranın İsrailə hücumunda öz xalını topladı. ABŞ administrasiyası hər zaman İsraili dəstəkləyir. Buna baxmayaraq, ABŞ dünya sülhünü istəyirik, deyir. Buna görə də İrana hücum edərək, cavab vermədiklərini söyləyirlər. Eyni zamanda ABŞ, hətta NATO  həmişə İsrailin əmri altındayıq  dedilər. İran tərəfindən buraxılan 100 pilotsuz uçuş aparatı və raketlər, o cümlədən ballistik raketlər havada vurulub. İsrail müvəffəqiyyətlə hücumların qarşısını aldığını dünyaya bəyan etdi. Yəni İsrail "mənim "Dəmir Günbəz"im yenilməzdir" dedi. Günün sonunda dünya ictimaiyyətinə İsrail yenilməz, ABŞ sülh tərəfdarı, İran uğursuz işğalçı kimi göstərildi. İran öz üzərinə düşən vəzifəni öz yolu ilə yerinə yetirdi və səhnəni tərk etdi”.

 

Ekspertin fikrincə, Netanyahunun əli daha da güclənib:

 

“Amerikanın bölgədə daha da yerləşməsi üçün bəhanə yarandı, Qəzza gündəmdən düşdü, İsraildən qopmaq ərəfəsində olan qərblilərə İran qorxusu yenidən təlqin edildi. Alqışlar və bağlanış... Nəticə: İranın İsrailə hücumunun vurduğu ziyan sıfırdır.

 

İranın hücumunun İsrail üçün faydaları: Netanyahu Amerikada pisləşən imicini yaxşılaşdırdı. Netanyahu hələlik müxalifəti susdurub, ölkə daxilində həmrəyliyi təmin etdi. Hücumdan sonra ABŞ İsrailə yeni silahlar göndərmək qərarına gəlib. Orta müddətdə Suriyanın işğalı üçün yol açıldı. Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq bir təşəbbüs olacaq. Hətta Qəzza üzərində çatlar olan Səudiyyə Ərəbistanı da İsrailə kömək etdi. Hücum Qəzzanın unudulması üçün edildi. Oktyabrın 7-dən bu yana Qəzzada daş-qalaq etməyən, 50 minə yaxın məzlum insanı qətlə yetirən, milyonlarla insanı aclıq və səfalətlə baş-başa buraxan, evlərindən didərgin salan İsrail rəhbərliyi hücumdan sonra günahsız hesab edildi”.

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı hücumun səbəbini belə izah edib:

 

“ABŞ və İsrail İranın onlara hücumunu bəhanə edib Yaxın Şərqdə bu ölkənin dəstəklədiyi qruplara hücum edəcəklər. İndi nə olacaq? İsrail genişlənəcək. Qəzzadakı hadisələr bu qondarma hücumla arxa plana keçəcək. Amma bu vəhşiliyin qurbanlarının harayları  bu hay-küydə eşidilməyəcək.

 

İsrail Livan və Suriyaya girəcək. ABŞ və İsrail “Suriyada İranın dəstəklədiyi qruplara qarşı döyüşəcəyik, bunu PKK/YPG ilə edəcəyik” deyəcək. Bununla da PKK/YPG-nin təsir dairəsini genişləndirəcəklər. Suriyanın cənubundan daxil olan İsrail əsgərlərinin yaratdığı dəhliz, şimaldan və şərqdən cənuba doğru irəliləyən PKK/YPG-nin yaratdığı dəhlizlə birləşəcək. Beləliklə, de-fakto İsrail Türkiyəyə qonşu olacaq”.

Ekspert  vurğulayıb ki, Türkiyən tədbirli olmalıdır: “Əgər onlar Rusiya ilə birlikdə İdlibə girsələr, milyonlarla yeni qaçqın axını Türkiyəyə doğru yönələcək.

 

Bu arada İraqda PKK-ya dəstək artacaq və Türkiyə küncə sıxılacaq. Siz hələ də İranın ABŞ və İsrailə düşmən olduğuna inanırsınız? Rusiya da eyni komandadandır. İndi özümüzə, baxaq milli birlik və həmrəylik içində olaq. Artıq arxa cəbhəni möhkəm saxlamaq və ölkəmizi pozmağa cəhd edənlərə qarşı ayıq-sayıq olmaq vaxtıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!