Modern.az

Britaniya və Fransa - Geosiyasi mübarizə La-Manş sahillərindən Qafqaza...

Britaniya və Fransa - Geosiyasi mübarizə La-Manş sahillərindən Qafqaza...

Analitika

19 Aprel 2024, 17:53

Böyük Britaniya və Fransa arasında münasibətlər tarix boyu fərqli məcralarda davam edib. Qoca qitənin böyük ambisiyalara malik bu iki dövlətin əlaqələrində savaşlar və sülh dövrü bir-birini əvəzləyib. Uzun müddət imperiya şəklində dünyanın müxtəlif qitələrinə hökm edən bu Avropa nəhənglərinin feodalizm dövründə bu cür münasibətləri təəccüb doğurmamalıdır.

 

Çünki həmin dönəmdə belə müharibələr, resurslar və müstəmləkələr uğrunda mübarizələr, yalnız Böyük Britaniya və Fransa üçün xarakterik deyildi. Daha çox torpaq zəbt etmək, daha çox vergi toplamaq feodal hakimlərin, kralların həyat məqsədi idi. 1337-1453-cü illəri əhatə edən məşhur “Yüzillik müharibə” də həmin dövrdə məhz bu iki dövlət arasında yaşanmışdı.

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində London və Paris Berlinə qarşı təbii müttəfiqə çevrildilər. I Dünya müharibəsində Böyük Britaniya və Fransa Rusiya ilə birgə Almaniyaya qarşı savaşa qatıldılar. Müharibədə Almaniyanı məğlub etdikdən sonra Millətlər Cəmiyyətində Avropa və bütövlükdə dünyada qurulan yeni siyasi və təhlükəsizlik arxitekturasının əsas qurucuları arasında Böyük Britaniya və Fransa oldu.

 

II Dünya Müharibəsində də iki imperiya müttəfiq kimi savaşın eyni tərəfində yer aldı. Müharibənin gedişində Parisin işğalı və Fransada faşistyönümlü Vişi rejimi qurulduqdan sonra Britaniya Şarl de Qolla dəstək verərək işğalın bitməsi üçün əlindən gələni etmişdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) qurularkən yeni təsisatda həm Fransa, həm də Böyük Britaniya Təhlükəsizlik Şurasının daimi üzvü oldular.

 

 

NATO-da da müttəfiq olan bu ölkələr soyuq müharibənin başa çatmasından sonra müəyyən qədər fərqli siyasət yürütməyə başladılar. Tərəflər arasındakı gərginlik müxtəlif dövrlərdə yarı-açıq, yarı-gizli şəkildə özünü göstərib. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra siyasi və iqtisadi əhəmiyyət daşıyan qlobal məsələlərdə, hətta La-Manşda balıq tutulmasına görə də anlaşılmazlıqlar və qarşılıqlı ittihamlar ortalığa çıxdı.

 

Kontinental Avropa və anqlo-sakson qanad mübarizəsində fərqli cinahlarda dayanan London və Paris Rusiya-Ukrayna müharibəsində, İsrail-Fələstin münaqişəsində və digər beynəlxalq problemlərdə nə qədər bir-birinə yaxın mövqelərdə görünsələr də, iki güc mərkəzi arasında müəyyən prinsipial fərqlər də zaman-zaman bəlli olub. Hazırkı mərhələdə Britaniya-Fransa münasibətlərində üstünlük Londondadır.

 

Britaniya-Fransa rəqabəti Cənubi Qafqaz regionunda da özünü göstərib. Böyük Britaniya əsasən Azərbaycanla, Fransa isə Ermənistanla münasibətləri daha isti tutmağa çalışıb. Qeyd etmək lazımdır ki, Fransa Türkiyəni də regionda özünə əsas rəqiblərdən biri sayır. Böyük Britaniya üçün isə Rusiya Cənubi Qafqazdakı əsas geopolitik rəqibdir. Təbii ki, həm Britaniya, həm də Fransa bölgədə nüfuzunu artırmaq və möhkəmlənmək istəyir.

 

Cənubi Qafqazda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu nüvə ölkələrinin mübarizəsinə hələ çox rast gəlinəcək. Regionun ən güclü ölkəsinin Azərbaycan olduğu nəzərə alınarsa, Fransanın doğru ünvana "stavka" etmədiyi anlaşılar...

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi