Modern.az

İlham Əliyev-Putin görüşündən gözləntilər NƏLƏRDİ...

İlham Əliyev-Putin görüşündən gözləntilər NƏLƏRDİ...

Analitika

22 Aprel 2024, 12:56

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıb.

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Bəs görüşdən gözləntilər nələrdir?
 

Milli Məclisin deputatı Naqif Həmzəyev Modern.az-a bildirib ki, Rusiya-Azərbaycan əlaqələri artan xətt üzrə davam edir:


"İki ölkə arasındakı münasibətlər qarşılıqlı etimad əsasında formalaşır. Rusiya 44 günlük Vətən müharibəsində Azərbaycana qətiyyən maneçilik törətmədi. Münaqişənin tezliklə başa çatması üçün Rusiya səylərini artırdı. 44 günlük Vətən müharibəsinin Azərbaycanın zəfəri ilə nəticələməsindən sonra üçtərəfli Bəyanatın imzalanması da Rusiyanın iştirakçılığı və vasitəçiliyi ilə baş tutdu. Çox təəssüf ki, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini könüllü olaraq yerinə yetirmədi. Azərbaycan buna görə bəzi məqamlarda diplomatik vasitələrlə, bəzi məqamlarda da gücdən istifadə edərək Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etdi. 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlıları Qarabağda müvəqqəti fəaliyyət gösstərdi. Lakin sülhməramlılar vaxtından əvvəl ərazini tərk etdi. Çünki Azərbaycan ötən ilin sentyabrında antiterror tədbirləri həyata keçirdi və separatçıları əraziərindən qovdu. Erməniəsilli əhali Qarabağdan könüllü olaraq köçdü. Bu baxımdan düşünürəm ki, cənab Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin görüş zamanı sadaladığım məsələləri yenidən nəzərdən keçirəcəklər". 
 

N.Həmzəyev vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün əldə olunması üçün Rusiyanın da töhfə verməsi arzuolunandır:
 

"Ermənistanda Rusiya hərbi bazaları və sərhədçiləri fəaliyyət göstərir. Xüsusilə də işğal altında olan 8 kəndin qaytarılmasından sonra həmin ərazilərdəki Rusiya sərhədçilərinin kəndləri Azərbaycana təhvil verməsi məsələsi də müzakirə olunacaq. Ermənistanın Qərbə meyillənməsi, aktiv şəkildə Rusiya ilə münasibətlərini soyutması, NATO-ya məxsus silahlı birləşmələrin Ermənistana gətirilməsi ilə bağlı açıqlamalar və gizlin olaraq Qrəbdən silahların gətirilməsi yaxın gələcəkdə Rusiyanın Ermənistanda baş verənlərə göz yummaması və münaqişənin yaranması kimi məsələlər də müzakirə oluna bilər.
Mənim fikrimcə, ən əsas müzakirə predmeti Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı qonşuluq və dostluq münasibətlərinin qorunub saxlanılması olacaq. Azərbaycan-Rusiya münasibətləri daha da inkişaf edəcək. Azərbaycan Rusiyanın ərazi bütövlüyünə və hüquqularına hörmətlə yanaşdığı kimi, Rusiya da Azərbaycana qarşı olan münasibətini və mövqeyini qoruyub saxlayacaq".

.Deputat qeyd edib ki, Rusiyanın öhdəliklərini yerinə yetirməsi vacib məqamdır:


"Ən əsas məsələ ondan ibarətdir ki, Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. Rusiya sülhməramlıları missiyası başa çatdıqdan sonra ərazilərimizi tərk edir. Bu, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan münasibətlərin olması deməkdi. Azərbaycanın yaratdığı yeni reallıqların Rusiya tərəfindən də qəbul olunması deməkdir. Bu, cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti və xalqını təbrik edirik ki, bu günə qədər bizlərə zəfər anları yaşatdı. Cənab Prezidentin bundan sonra da bizə zəfərlər yaşadacağına hər kəs inanır".
 

Politoloq Elxan Şahinoğlu bildirib ki, bölgədə qarşılıqlı səfərlərinin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır:
 

"Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa və İran prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinin artırılması ilə bağlıdır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışırlar. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanları artıb. Rusiyanın hərbi hissələrini Qarabağdan çıxarması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əks halda bu, tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu, Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq".

E.Şahinoğlunun söyləyib ki, Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşmasını sürətləndirməyə hazırdır:
 

"Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yükdaşıma həcmini artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə, Rəşt-Astara dəmirloyunun tikintisi həyata keçirilməlidir. 
Beləliklə, İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesini, Zəngəzur dəhlizinin gələcəyini, həm də iqtisadi əlaqələr və şimal-cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok