Modern.az

Azərbaycan Ermənistanı xilas edə bilər

Azərbaycan Ermənistanı xilas edə bilər

Analitika

23 Aprel 2024, 15:34

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını başa düşməsidirsə, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu Ermənistan-Azərbaycan arasındakı normallaşma prosesindən danışarkən deyib.

“Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan ordusu modernləşir, silahlı qüvvələrin yeni qoşun növləri formalaşır, Türkiyə standartları mənimsənilir və alınan yeni hərbi texnika ilə zənginləşir”.
 

Ekspert xatırladıb ki, Ermənistanın hərbi xərcləri 4.1 faizdən 5.5 faizə qədər artırılıb. Əgər Ermənistan 2022-ci ildə hərbi xərclərə büdcədən 795 milyon dollar ayrımışdısa, 2023-cü ildə bu rəqəm 1 milyard 330 milyon dollara çatıb.

“Ancaq erməni ekspertləri artan rəqəmin ordunun ehtiyaclarını ödəmədiyi qənaətindədirlər. Həmin ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin Fransa və Hindistandan aldığı silahlar ordunun hərbi texnikaya olan ehtiyacının çox cüzi hissəsini təmin edir və alınan hərbi texnika ümumi konsepsiyanın tərkib hissəsi deyil. Yəni Fransa və Hindistan Ermənistana nə təklif edirlərsə, İrəvan onları alır. Başqa sözlə, Ermənistan istədiyini deyil, təklif ediləni almaq məcburiyyətindədir. Halbuki, Ermənistan ordusu üçün müxtəlif dövlətlərdən alınan eyni adlı hərbi texnikanın bir-biri ilə inteqrasiyası da ciddi suallar doğurur”.

E.Şahinoğlunun fikrincə, baş nazir Nikol Paşinyan mövcud durumu dəyişmək iqtidarında deyil, o zamanla mübarizə aparır.

“Paşinyan növbəti müharibənin Ermənistan ordusundakı çatışmazlıqları bir daha biruzə verəcəyi qənaətindədir. Paşinyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Ermənistanın keçmiş rəhbərlərinin yarıtmaq fəaliyyəti ilə əlaqələndirmişdi. Paşinyan məhz keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın ordu üçün gərəkli hərbi texnika almadığını, alınanların isə işə yaramadığını vurğulamışdı. Müharibədən 3 il yarım zaman keçib və Paşinyan bundan sonra ordudakı vəziyyətə görə artıq keçmiş rəhbərliyi ittiham edə bilməz. Ermənistan Rusiyadan silah və hərbi texnika alışını xeyli dərəcədə azaldıb. Paşinyan silahı və hərbi texnikanı Rusiyanın əvəzinə Qərb ölkələrindən alacağına ümid edirdi. Ancaq Fransanın xaricində Qərb ölkələrindən Ermənistana hələ ki silah və hərbi texnika satan yoxdur. Digər tərəfdən, Ermənistan hökuməti hərbi xərcləri artırarkən sosial xərcləri azaltmaq məcburiyyətində qalacaq. Bu isə Ermənistanda narazılığın artmasına səbəb olacaq. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu İrəvanın Bakı ilə dialoqu genişləndirməsi və razılaşmaların sayını artırmasıdır. Ermənistanın Azərbaycanla sülh əldə etməsi qonşu ölkənin onsuz da kasad olan büdcəsinin hərbi xərclərini artırmaqdan xilas edə bilər”.

Siyasi şərhçi deyib ki, Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb.

"Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok