Modern.az

Türk dünyasının birliyi möhkəmlənir: Parlamentlərin əməkdaşlığı...

Türk dünyasının birliyi möhkəmlənir: Parlamentlərin əməkdaşlığı...

Analitika

25 Aprel 2024, 17:15

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası keçirilib. İclas ilk dəfə Azərbaycan Milli Məclisində baş tutub. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan, Qırğızıstan nümayəndə heyəti üzvləri iştirak edib. Bu məqsədlə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin deputatları Azərbaycanda səfərdədir. 

 

Şimali Kipr Türk Respublikasının parlamentarilərinin tədbirə qatılması xüsusi önəm daşıyır. Tarixdə ilk dəfə bu formatda keçirilən toplantıda Xarici Əlaqələr Komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular müzakirə edilib. Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin növbəti iclasları təşkilata üzv olan digər ölkələrdə keçiriləcək.

 

Modern.az xatırladır ki, Türk dünyası ölkələri arasında inteqrasiya prosesinin əsasları SSRİ-nin dağılması ilə müstəqil türk dövlətlərinin yaranması və Türkiyənin Qafqaz və Mərkəzi Asiyada yerləşən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi respublikalarla əlaqələrini genişləndirməsi ilə qoyulub. Sonradan proses daha geniş vüsət aldı və müstəqil türk dövlətləri arasında təşkilatlanma mərhələsinə qədəm qoyuldu.

 

1992-ci ildən Türkdilli Ölkələr Zirvəsi ilə başlayan prosesin məntiqi davamı olaraq 3 oktyabr 2009-cu ildə Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) sonradan daha da genişləndi. Özbəkistan 2018-ci ildə təşkilata üzv oldu. Həmçinin Türkmənistan və Macarıstan, eləcə də Şimali Kipr müşahidəçi statuslu üzvlərə çevrildilər.

 

Təşkilatın statusu daha üst səviyyəyə qaldırıldı və Türk Dövlətləri Təşkilatı adlanmağa başladı. Qeyd etmək lazımdır ki, zamanla türk dövlətləri arasında mədəniyyət, elm və təhsil, ticarət, sənaye, diaspor, hüquq-mühafizə, diplomatiya, qismən hərbi-təhlükəsizlik istiqamətlərində əməkdaşlıq daha da artırılıb. Siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi türk dövlətləri qarşısında daim prioritet məsələ təşkil edib.

 

Son vaxtlar siyasi əlaqələrin inkişaf etdirilməsinin təcəssümü kimi türk ölkələrinin qanunverici orqanları arasında əməkdaşlıq modeli parlamentlərarası diplomatiyanın təqdim etdiyi vasitələrdən istifadə edilməklə daha ön plana çıxmaqdadır. Vurğulanmalıdır ki, bu prosesdə Azərbaycan lokomotiv rolunda çıxış edir və türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsinə öz səmərəli töhfəsinə verməyə can atır.

 

 

Azərbaycanın xarici siyasət kursunda qardaş Türkiyə ilə hər zaman, bütövlükdə Türk dünyası ilə xüsusən qələbə ilə nəticələnən 44 günlük müharibədən sonra münasibətlərin yüksək səviyyəyə qaldırılması xüsusi yer tutur. Özbəkistanın Füzulidə Uluqbəy, Qazaxıstanın Kurmanqazı adına, Qırğızıstanın Ağdamda təhsil müəssisələrinin tikilməsi ilə Qarabağdakı quruculuq işlərinə verdiyi töhfəni də məhz bu siyasətin nəticəsi hesab etmək olar.

 

Bu baxımdan Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının Azərbaycanda baş tutması təsadüfi deyil. Şimali Kipr Türk Cümhuriyyətinin qanunverici orqanının nümayəndələrinin də tədbirdə iştirak etməsi xüsusi qeyd olunmalıdır. Toplantıda çıxış edən Şimali Kipr parlamentinin xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk vurğulayıb:

 

“Türk dövlətləri arasında münasibətlərinin daha da güclənməsi bizim üçün son dərəcə vacibdir. Yaxın zamanda Azərbaycan Milli Məclisində dostluq qrupunun yaranmasını biz böyük sevinclə qarşılaşdıq və buna görə çox təşəkkürümüzü bildiririk”.

 

Azərbaycanlı deputat isə qeyd edib: “Belə ki, son illərdə Şimali Kiprlə əlaqələrimiz güclənir. Bu yaxınlarda isə Azərbaycan və Şimali Kipr parlamentləri arasında dostluq qrupu yaradıldı. Hesab edirik ki, Şimali Kiprlə əlaqələrimiz daha da inkişaf etdiriləcək. Deyə bilərik ki, Türk dünyasının gücünü hiss edir, daha da gücləndiririk. Azərbaycanın  gücü hər bir Türk dövlətinin gücüdür, hər bir Türk dövlətinin gücü də Azərbaycanın gücüdür”.

 

Bundan başqa, Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcək. Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre deyib ki, səfər 12-16 mayı əhatə edəcək. Səfərdə Azərbaycan tərəfindən altı deputat iştirak edəcək. Məlumata görə, Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin növbəti toplantısı Türkiyədə keçiriləcək.

 

Gələcəkdə bu model üzərindən türk dövlətləri arasındakı inteqrasiya proseslərinin daha da sürətlənməsi və geniş vüsət alması üçün xeyli işlər görülə bilər. Azərbaycandan başlanan addımlar Türk Dünyasının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Azərbaycanda - Naxçıvanda qoyulduğu kimi...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok