Modern.az

Paşinyana qarşı çevriliş? - Ermənistan hərbçiləri hərəkətə keçdi

Paşinyana qarşı çevriliş? - Ermənistan hərbçiləri hərəkətə keçdi

Analitika

2 May 2024, 09:45

Ermənistanda Azərbaycan arasında sərhədin delimitasiya olunmasına qarşı etirazlar davam edir. Polis sərhəddə yerləşən Kirants kəndində əməliyyat keçirib, etirazçılardan bəziləri tutulub. Müxalifət yalnız sərhəddə deyil, İrəvanda da aksiyaya cəhd edir, lakin hələlik aksiyalar genişmiqyaslı deyil. 

 

Bir neçə gün əvvəl Kirantsda keçirilən aksiyaya erməni hərbçilər də qoşulub. Ermənistan Müdafiə Nazirliyi Hərbi geyimdə olan şəxslərin Tavuşda, Kirants kəndində siyasi aksiyalara qoşulması ilə bağlı xəbərlər tirajlandığını, videolar yayımlandığını bildirib. Hərbçilər artıq müəyyən olunub, onlara qarşı tədbirlər görülüb. Xəbərdarlıq edilib ki, silahlı qüvvələri siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.

 

Aksiyaya hərbçilərin də qoşulması bəzi dairələr tərəfindən Ermənistan Baş naziri Nikol Paşinyana qarşı çevriliş cəhdi kimi qiymətləndirilib. Ümumiyyətlə etirazların Paşinyan hakimiyyətinin sonunu gətirə biləcəyi barədə iddialar yayılıb.

"Aksiyalar Rusiyadan idarə olunur"

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri söyləyib ki, bu, böyük təxribat və çevirilişə çağırışdır:

 

"Düşünürəm ki, bu, sadəcə olaraq Ermənistadakı bəzi şəbəkələrin görəcəyi iş deyil. Bu, düşünülmüş aksiyadır və Rusiyadan idarə olunur. Çünki hərbi formada mülki şəxslərin üsyançı, dirənişçi səviyyəsində etirazçılara qoşulması və bunun çəkilib paylaşılması guya ordunun nümayişçilərin tərəfinə keçdiyini xalqa göstərməyə hesablanıb. Bunu görən erməni ictimaiyyəti də artıq heç bir şeydən qorxmayaraq, ordu ilə bərabər mövcud hakimiyyətə qarşı qalxacaq. Əsas istək budur. Burada da məqsəd sadəcə torpaqların qorunması deyil. Bir Azərbaycan əsgəri iki güllə atan kimi orada bir nəfər də qalmayacaq. Buna əmin ola bilərik. Burada əsas hədəf ictimaiyyəti kütləvi olaraq etirazlara qoşmaq və Paşinyan hökumətini hakimiyyətdən süpürməkdir. Hakimiyyətə Rusiyayönümlü bir casusu gətirəndən sonra Qərbi Cənubi Qafqazda məğlub etməkdir".

 

Politoloqun fikrincə, hər şey Paşinyan hakimiyyətinin məsələlərə reaksiyasından asılı olacaq:

 

"Ancaq bir reallıq da var ki, aksiyalar cəbhə xəttində Azərbaycan kəndlərinin qaytarılma ərazisində baş verir. İrəvanda erməni cəmiyyətinin etirazlarına şahid olmuruq. Deməli, xalq müharibə istəmir. Torpaqların Azərbaycana məxsus olduğuna inananlar var. Bu torpaqlar beynəlxalq sərhəd statusu alarsa, o bölgədə Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq bərpa edilə bilər. Bu da çox ciddi, müsbət ictimai rəy, fikirdir. Hər halda bu cür təxribatçıların qarşısı amansızlıqla alınmalıdır. Çünki hər hansı bir zəiflik nümayiş etdiriliyi təqdirdə bu adamlar daha da irəli gedəcək.  Bu gün hərbi formada etiraz görüntüsü yaradanlar, sabah silah alıb terror aktları törədə bilərlər. Bu, istisna deyil və ermənilər üçün spesifik əməldir".

"Paşinyan Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda..."

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup müqaviləli hərbçinin qoşulması hökumətə qarşı qiyamın əlaməti sayıla bilər:

 

"Ermənistan Müdafiə Nazirliyi həmin hərbçilərin kimliyini müəyyənləşdirməyə çalışır. Baş nazir Nikol Paşinyan tələsməlidir. Əgər həmin hərbçilər özbaşınalıqlarına görə cəzalandırılmasalar, başqa hərbçilər də etiraza qoşulacaqlar. Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar. İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrindən aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi