Modern.az

Blinkenin Bakı ilə telefon diplomatiyası: 21 zəng...

Blinkenin Bakı ilə telefon diplomatiyası: 21 zəng...

Analitika

29 Aprel 2024, 16:51

Prezident Administrasiyasının rəsmi saytında verilən məlumata görə, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

 

Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. İkitərəfli əlaqələrin gücləndirilməsi, enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələləri, insan haqları və digər məsələlər müzakirə olunub.

 

Modern.az son 1 il ərzində (29 aprel 2023 - 29 aprel 2024) ABŞ Dövlət katibi Antoni Blinkenin Bakıya etdiyi telefon zənglərini araşdırıb.

 

1) 30 aprel 2023

 

Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

 

2) 12 iyul 2023

 

Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

 

3) 29 iyul 2023

 

Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

4) 1 sentyabr 2023

 

Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib.

 

5) 19 sentyabr 2023

 

Azərbaycanın Qarabağ bölgəsində vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb.

 

ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.

 

6) 26 sentyabr 2023

 

Telefon söhbəti zamanı erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyi və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyi ABŞ tərəfinə bildirilib. Son 5 gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub. 

 

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb. ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

 

 

7) 27 noyabr 2023

 

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Bunun üçün Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan qadağanın aradan qaldırılması şərti diqqətə çatdırılıb. Dövlət katibi Blinken bunu qəbul edib.

 

Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

 

8) 3 aprel 2024

 

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

 

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

 

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

 

 

9-cu telefon danışığı isə yuxarıda qeyd olunduğu kimi, dünən baş tutub. Onu da vurğulamaq lazımdır ki, əhatə olunan dövrdə Azərbaycan Prezidenti və ABŞ Dövlət katibi arasında 1 dəfə - 17 fevral 2024-cü il tarixində görüş də keçirilib. Bu, tərəflərin Almaniyanın Münhen şəhərinə səfəri çərçivəsində olub.

 

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi, COP29, ikitərəfli gündəlikdə duran məsələlər, o cümlədən regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, ABŞ-da 2020-ci ilin noyabr ayında keçirilmiş seçkilərin nəticələri əsasında 2021-ci ilin yanvarında yeni administrasiyanın hakimiyyətə gəlməsindən və Antoni Blinkenin Dövlət katibi postunu tutmasından bəri o, Bakıya ümumilikdə 21 telefon zəngi edib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi