Modern.az

Qərb Gürcüstanda situasiyanı öz xeyrinə dəyişə bilər, amma...

Qərb Gürcüstanda situasiyanı öz xeyrinə dəyişə bilər, amma...

Analitika

3 May 2024, 09:44

ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan deyib ki, "Əfsuslar ki, Gürcüstan tərəfi yüksək səviyyəli ABŞ təmsilçiləri ilə görüşdən imtina etməyi seçdi". Bunu

Avro-Atlantik məkana inteqrasiyanı rəsmi kurs kimi elan edən Gürcüstan hakimiyyətinin ABŞ-la strateji tərəfdaşlıqdan imtinasının açıq şəkildə ilk ifadəsi hesab etmək olar.

Bu gün həm də məlum olub ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Rəsmi Tiflis bu qərarı Birləşmiş Ştatların Gürcüstan parlamentinin xarici agentlər haqqında qanun layihəsinin qəbulu prosesini dayandırmağı tələb etməsinə etiraz olaraq qəbul edib.

2007-ci ildə Tiflisdə etirazçılara sərt güc tətbiq olunmasından və 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra gürcü cəmiyyətində sosial dayaqlarını və beynəlxalq dəstəyini əhəmiyyətli dərəcədə itirmiş Saakaşvili hökumətinin əvəzlənmə modeli ilə bağlı pərdəarxası razılaşmaların nəticəsi 2012-ci ildə tamlıqla bəlli oldu.

Rəsmi Moskva və Qərbin regional geosiyasi konfiqurasiyaya korrektələrinin nəticəsi olaraq 2012-ci ildə Gürcüstanda İvanişvili hökuməti quruldu. Bu konsensus rəsmi şəkildə Qərbin, faktiki şəkildə isə hər ikisinin maraqlarının təminatını özündə əks etdirirdi. İvanaşvili iqtidarının mövcud oldu ötən 12 il ərzində Gürcüstanda 7 seçki (2 parlament, 2 prezident və 3 yerli seçki) keçirilsə də, indiyədək hər iki qütb bu balansın pozulmasında maraqlı olmayıb.

2023-cü ilin martında Gürcüstan parlamentində xarici agentlər barədə qanunun müzakirəsi Rusiya və Qərbin yerli emissarlarını kəskin şəkildə üz-üzə gətirdi. Ancaq küçə toqquşmaları İvanaşvili hakimiyyətinin qanun layihəsinin müzakirəsini parlamentdə dayandırmaq qərarı ilə nəticələndi.

Qlobal rəqabətin güc müstəvisindəki dinamikasının artan xətt üzrə inkişafı özünü dünyanın müxtəlif regionlarında göstərməkdə davam edir. Hazırda Gürcüstanda baş verən siyasi kataklizmi də bu toqquşmanın regional miqyasda əksi hesab etmək olar. Görünür, Avropa İttifaqının Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməsi Rusiyanı ciddi şəkildə qıcıqlandırdı və İvanaşvili hökumətini geosiyasi mərkəzlər arasında seçim etmək üçün konkret tələblər qarşısında qoydu.

Gözlənildiyi kimi, bu seçim prosesinin simptomları Qərb donorlarının uzun illər ərzində maliyyələşdirdiyi gürcü vətəndaş cəmiyyəti institutlarının "qida mənbələri" ilə bağlı hüquqi vintlərin bərkidilməsi ilə başladı. Sözügedən qanun layihəsinin qəbul olunmasına etiraz edənlərin - deputat, müxalif Vahid Milli Hərəkat Partiyasının hazırki sədri Levon Kabieşvili də daxil olmaqla yüzlərlə mitinq iştirakçısının polisin sərt müqaviməti ilə üzləşməsi, ağır fiziki xəsarətlər alması Rusiyanın Qərbin qarşısında geri çəkilmək istəməməsi kimi başa düşülməlidir.

Hazırda Bidzina İvanaşvili iqtidari mürəkkəb siyasi vəziyyətdən çıxış yolu axtarmaqdadır. Əgər Qərb Gürcüstanda əməkdaşlıq etdiyi və uzun illərdir böyük miqdarda vəsaitlər ayırdığı institutların hesabına küçə aksiyalarının miqyasını xeyli artıra bilsə və bu proses parlament seçkilərinin keçiriləcəyi oktyabr ayınadək permanent şəkildə davam etsə, situasiyanı və yekun nəticəni öz xeyrinə dəyişə biləcək. Əks halda güman ki, rəsmi Tiflis aksiyaların dayandırılması üçün bütün inzibati resurslardan istifadə edəcək və payızdakı seçkilərdən də yenə qalib çıxacaq. Qərb isə müxalif partiyaların yeni konfiqurasiyada (çünki artıq VMHP əvvəlki siyasi gücə malik deyil) parlamentdə 1/3 nisbətdə təmsilçiliyi ilə kifayətlənməli olacaq.

Azərbaycan isə hər zamanki kimi Gürcüstanda stabilliyin qorunmasında və Cənubi Qafqazda təhlükəsizlik balansının pozulmasına gətirib çıxaracaq risklərin qarşısının alınmasında maraqlıdır. Xüsusi ilə Fransanın Ermənistanı Gürcüstanın hava və quru yolları vasitəsi ilə silahlandırması hakimiyyətdə kimin olmasından asılı olmayaraq rəsmi Tiflisə hərtərəfli dəstək verən Azərbaycanı haqlı olaraq narahat edir.


Elməddin Behbud,
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi