Modern.az

Türkiyə-İsrail arasında qalmaqal: Kim itirir, kim qazanır...

Türkiyə-İsrail arasında qalmaqal: Kim itirir, kim qazanır...

Analitika

3 May 2024, 14:56

Türkiyə İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb. Türkiyənin Ticarət Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. “Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”,-məlumatda deyilir.

 

Bildirilib ki, qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq.

 

Bundan əvvəl Türkiyə İsrailə müəyyən məhsulların ixracına qadağa qoymuşdu. Belə ki, aprelin 9-da Türkiyənin Sənaye və Ticarət Nazirliyi polad və alüminium məhsulları, elektrik kabelləri, boyalar, laklar, aviasiya yanacağı, yağlar, bəzi növ gübrələr və sənaye avadanlıqları da daxil olmaqla 54 kateqoriya malın İsrailə ixracını məhdudlaşdırıb.

 

Qeyd edək ki, Azərbaycan hər iki ölkə ilə həm siyasi, həm də iqtisadi əlaqələrə malikdir. Türkiyə Azərbaycanın ticarət dövriyyəsində ikinci, İsrail isə beşinci yerdədir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İsraillə iqtisadi əlaqələr Türkiyənin ticarət dövriyyəsinin cüzi hissəsini təşkil edir:

 

"Türkiyənin İsraillə ticarət dövriyyəsi onun ümumi ticarət dövriyyəsinin çox cüzi hissəsini, təqribən 3-4 faizini təşkil edir. Ona görə də qarşılıqlı şəkildə ticarətin dayandırılması Türkiyə iqtisadiyyatına o qədər də zərbə vurmayacaq. Bu daha çox iqtisadi yox, siyasi bir jestdir. Qəzza olaylarına görə bir etiraz əlamətidir. Türkiyə iqtisadiyyatına ciddi bir təsir olmayacaq. Amma istənilən halda texnoloji məhsulların İsraildən idxalının müvəqqəti dayandırılaması Türkiyə şirkətlərinə mənfi təsir göstərə bilər. Çünki bir sıra Türkiyə şirkətlərinin müasir texnologiyalar sahəsində İsrail şirkətləri ilə kifayət qədər ciddi əlaqələri mövcud idi".

"Onu da nəzərə almaq lazımdır ki, qarşılıqlı səfərlərə qadağa qoyulmayıb. İsraildən Türkiyəyə kifayət qədər turist gəlirdi. Yəqin ki, turistlərin gəlişinə qadağa qoyulmayacaq. Bu da Türkiyə iqtisadiyyatı üçün daha önəmlidir",-iqtisadçı əlavə edib.

İqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub:

 

"Deməli, İsrail 2023-cü ildə 5,4 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin ixracat siyahısında 13-cü yerdədir. Bununla belə, 2023-cü ildə İsrailə ixrac əvvəlki illə müqayisədə təxminən 23 faiz azalıb. 2024-cü ilin birinci rübündə isə Türkiyənin İsrailə ixracatı 21,6 faiz azalıb.

 

Ümumiyyətlə isə Türkiyə-İsrail ticarət həcmi son 20 ildə 6 dəfə artıb. Hətta Qəzzada əməliyyatların başladığı oktyabr ayında ixrac özündən əvvəlki ilin eyni ayına görə 29 faiz artdı, idxal yüzdə 59 faiz azaldı. 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub.

 

Göründüyü kimi, Türkiyə ticari münasibətlərdə israildən daha çox mənfəət əldə edirdi, nəinki İsrail Türkiyədən".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi