Modern.az

Paşinyanın hakimiyyəti təhlükə altında - Onun yerinə gələn şəxs...

Paşinyanın hakimiyyəti təhlükə altında - Onun yerinə gələn şəxs...

Analitika

8 May 2024, 14:00

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Həm sərhədə yaxın ərazilərdə, həm də İrəvanda müxalifətin və kilsənin dəstəyi ilə etiraz aksiyaları keçirilir. Etirazlar hələlik genişmiqyaslı olmasa da, ekspertlər prosesin böyüyə biləcəyini, hətta Baş nazir Nikol Paşinyanın hakimiyyətinə təsir edəcəyini düşünür.

 

Ötən gün keçirilən mətbuat konfransında Paşinyan istefa vermək niyyətində olmadığını bildirib. Lakin etiraz aksiyaları genişlənəcəyi təqdirdə o, növbədənkənar parlament seçkiləri elan edə bilər. Belə olan təqdirdə Paşinyanın hakimiyyətdən getmə ehtimalı yüksələcək.

 

Bəs Paşinyan hakimiyyətdən kənarlaşdırılarsa, Azərbaycanın planlarında hansısa dəyişiklik ola bilərmi?

 

"Ermənistanda cərəyan edən proseslər Azərbaycanın güc mövqeyinə təsir edə bilməz"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyanı devirdikdən sonra hakimiyyətə gələcək hökumət də Azərbaycanın yaratdığı reallığa uyğun davranmalı olacaq:

 

“Ermənistanın vaxtilə həyata keçirdiyi işğalçılıq siyasətinin, təcavüzkarlığın onun özü üçün çox ciddi problemlər yaradacağını həmişə proqnozlaşdırırdıq. Ermənistan bir çox layihələrdən kənarda qaldı. Son üç-dörd ildir ki, bu ölkənin daxilində siyasi çəkişmələr var. Bundan sonra da ölkə daxilində siyasi çəkişmələr olacaq. Azərbaycan bu gün özünün güc mövqeyini formalaşdırıb, torpaqlarını işğaldan azad edib. Ermənsitanda cərəyan edən proseslər mahiyyət etibarilə Azərbaycanın güc mövqeyinə təsir edə bilməz. Vaxtilə Paşinyanın özü də çox aqressiv mövqe sərgiləyir, "Qarabağ Ermənistandır" deyir, Cıdır düzündə rəqs edirdi. O vaxt Paşinyanın müdafiə naziri Tonayan əlavə ərazilər üçün yeni müharibə ritorikasından istifadə edirdi. Yəni Paşinyan vaxtilə aqressivliyinə, təcavüzkarlığına görə sələflərindən seçilmirdi. Azərbaycanın gücü sayəsində o sınmış oldu. Azərbaycan onu yaratdığı yeni reallığa uyğun addım atmağa məcbur etdi. Paşinyanı devirdikdən sonra  hakimiyyətə gələcək hökumət də Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə yaranmış yeni geosiyasi konfiqurasiyaya uyğun davranmalı olacaq”.

Deputat vurğulayıb ki, Azərbaycan davamlı olaraq mövqelərini gücləndirir:

 

“Biz davamlı olaraq mövqelərimizi möhkəmləndirik. Cənab Prezident hər zaman qeyd edir ki, hərbi gücümüzü davamlı olaraq artırmalıyıq. Yəni bugünkü ordu 2020-ci ildə torpaqları işğaldan azad edən Azərbaycan Ordusundan daha güclüdür. Yeni komando qoşun növləri yaradılıb və daha müasir silah-sursat,hərbi texnika alınıb. Proses indi də davam etməkdədir və davam edəcək. Ordunun gücləndirilməsi fəaliyyətimizin daimi prioritetlərindəndir. Ona görə də biz daha da güclənəcəyik. Müvafiq olaraq, Ermənsitanda Paşinyandan sonra hakimiyyətə kimin gəlməsi hesab edirəm ki, Ermənistan cəmiyyəti üçün əhəmiyyət kəsb edir, bizim üçün isə məsələnin heç bir əhəmiyyəti yoxdur. Biz prosesləri nəzarət altında saxlayan, onu yönləndirən güclü tərəfik. Qalib Azərbaycanıq”.

 

"Paşinyanın hakimiyyətdə olub-olmaması Azərbaycan üçün önəmli deyil"

 

Politoloq Natiq Miri isə söyləyib ki, Ermənistanda Paşinyanın hakimiyyətdə olub-olmaması heç bir əhəmiyyət kəsb etmir:

 

“Sülh istəyən müharibəyə hazır olmalıdır. Bu isə Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin tam olaraq təminatı ilə əlaqəlidir. Ona görə də Paşinyanın hakimiyyətdə olub-olmaması Azərbaycan üçün önəmli deyil. Azərbaycanın ətrafda düşmənlərin varlığı, xaricə bu regiondan düşmən sifətində sirayət etmək istəyən qlobal güclərin mövcudluğunu da nəzərə alaraq, ayaqda dura bilməsi üçün daim güclü olmalıdır. Bu, Ermənistanla münasibətlər, yaxud burada hakimiyyətin dəyişməsi ilə bilavasitə bağlı deyil. Paşinyan olsa da, olmasa da Azərbaycan güclü olmalıdır”.

Politoloq deyib ki, Azərbaycanın konkret hədəfi olmalıdır:

 

“Bu hədəf birlikdən keçir. Söhbət eyni qayəyə, milli köklərə, mədəniyyətə, mənəviyyata söykənən birlikdən gedir. Belə birliyin təmin olunması gələcək perspektivdə bütün insanlığın birliyinə gedən yolu müəyyən edir. Bu qapını açmaq lazımdır. Belə bir yol, əlbəttə, qızıl alma qayəsidir, Turan birliyidir. Bu prosesi biraz da gücləndirmək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi