Modern.az

Faşizm üzərində qələbənin HƏYATİ ÖNƏMİ, SSRİ-nin güclənməsinin ÖLÜMCÜL FACİƏSİ

Faşizm üzərində qələbənin HƏYATİ ÖNƏMİ, SSRİ-nin güclənməsinin ÖLÜMCÜL FACİƏSİ

Analitika

9 May 2024, 13:35

Bu gün II Dünya müharibəsinin əsas mərhələsinə son qoyulan gündən 79 il ötür. Ənənəvi olaraq, 9 may tarixində faşizm üzərində qələbə qeyd olunur. Əvvəlcə onu qeyd edək ki, II Dünya müharibəsi Yaponiyanın iki atom bombasından sonra təslim olduğu tarixdə - 2 sentyabr 1945-ci il tarixində başa çatıb.

 

Bu baxımdan 9 may faşizm üzərində qələbə baxımından nə qədər əlamətdardırsa, 2 sentyabr da sonradan pasifizmin hakim olduğu Yaponiyada həmin illərin dövlət ideologiyası olan militarizm üzərində qələbə baxımından önəm daşıyır.

 

Digər tərəfdən, əslində nasistlərin təslim olduğu gün - Vermaxt baş komandanlığının rəhbəri generalfeldmarşal Vilhelm Keytelin qeyd-şərtsiz təslim aktına imza atdığı gün 8 may 1945-ci ilə təsadüf edir. Keçmiş şərq blokuna daxil olmayan ölkələrin mütləq əksəriyyətində faşizm üzərində qələbə 8 mayda qeyd olunur. SSRİ vaxtı ilə bu, 9 maya düşdüyü üçün Qələbə Günü kimi məhz 9 may tarixi əsas götürülüb.

 

Sonradan "Soyuq Müharibə" dövründə müşahidə olunduğu kimi, bütün bəşəriyyətin bəlası olan faşizmin məğlubiyyətə düçar olunması kimi əhəmiyyətli beynəlxalq uğurun "ikiyə bölünməsi", "dəmir pərdə"nin şərqində və qərbində ayrı-ayrı formalarda təqdim olunması - əslində SSRİ-nin bunu öz maraqlarına uyğun formada interpretasiya etməsi səbəbsiz deyildi.

 

Məqsəd Böyük Britaniya və ABŞ-ın simasında Qərbin Hitler Almaniyasının məğlub edilməsindəki əhəmiyyətli payını gözardı etmək, SSRİ-nin Şərqi Avropa xalqları və üçüncü dünya ölkələri nəzərində xilaskar obrazını yaradaraq ekspansiya siyasətini həyata keçirmək idi. Nəticədə nasist totalitarizminin əvəzinə bolşevik totalitarizminin mümkün olan bütün coğrafiyalarda bərqərar edilməsi, "inqilab ixracı" konsepsiyasının reallaşdırılmasına qismən nail olundu.

 

Təsadüfi deyil ki, Şərqi Almaniya, Polşa, Macarıstan, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, Yuqoslaviya, Albaniya kimi sosialist blokuna daxil olan ölkələr, sonradan Koreya, Yəmən kimi ölkələrin bölünməsi, Əfqanıstan faciəsi, Afrika və Ərəb dünyasından Şərqi Asiyaya, Hind-Çindən Latın Amerikasına qədər SSRİ-nin direktivləri ilə idarə olunan dövlətlər dünyanın siyasi palitrasına daxil oldu. Bu ölkələr hər nə qədər kommunizm quruculuğuna gedən yolda sosializmin fəzilətlərindən yararlanmaq istəsələr də, bütün bunlar kağız üzərində yer aldı, sadəcə quru şüarlar kimi qaldı. Reallıqda isə xalqlar repressiyalar və müstəmləkəçiliyin, insan ləyaqətinə uyğun olmayan, onu ucuz tutan siyasətin qurbanına çevrildilər.

 

"Dəmir pərdə"nin o biri üzündəki ölkələrdə isə hər nə qədər kapitalist münasibətlərin bir sıra "vəhşi" elementləri özünü göstərsə də, ümumən rifah cəmiyyətləri, demokratik mühit, iqtisadi inkişaf və azadlıqların möhkəmlənməsi xarakterik oldu. Heç şübhəsiz ki, o rifahın da arxasında qismən kolonializmin, güclü dövlətlərin zəiflərin resurslarını mənimsəməsinin kölgəsi var idi. Lakin istənilən halda, bu ölkələrdəki insanların həyatı SSRİ və satellitlərindəki xalqların taleyindən daha parlaq idi. II Dünya müharibəsinin başa çatmasından az sonra başlayan və SSRİ-nin dağılması ilə başa çatan dövrün - "Soyuq Müharibə"nin tarixi bunu deyir.

 

Əgər belə olmasaydı, sovetlərin süqutu illərində keçmiş imperiyanın hüdudları daxilində yaşamış insanların müəyyən kəsimində faşistlərin müharibədə qələbə çalması ssenarisində daha yaxşı həyat şərtlərinin olacağı ilə bağlı təhlükəli illüziyalar yaranmazdı. Əgər belə olmasaydı, 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada "bahar" yaşanmazdı. Əgər belə olmasaydı, bu gün Stalin dövrünün repressiyaları təftiş olunmazdı. Əgər belə olmasaydı, vətəndaşlarına kommunizm cənnəti vəd edən SSRİ talon rejimi, qıtlıq, çörək növbələri gurultusunun müşayiəti ilə süquta uğramazdı...

 

Yekun olaraq, faşizm üzərində qələbə bəşər tarixinin ən böyük uğurlarından biridir və müstəsna dərəcədə siyasi, insani əhəmiyyətə malikdir. Bu tarixi gündə Holokost qurbanlarının, eləcə də II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həyatını itirən əsgərlərin, dinc sakinlərin əziz xatirəsini sayğı ilə anmaq vacibdir. Bununla belə, nasist totalitarizmi ilə bolşevik totalitarizmi arasında seçim etmək, iki pisdən birini seçmək dilemması qarşısında qalmaq məcburi deyil.

 

Müttəfiqlərin maddi-iqtisadi, hərbi-texniki, siyasi-mənəvi dəstəyini hesaba qatmadan faşizm üzərində qələbəni bütövlükdə SSRİ-yə "mal etmək", bu mübarizədə iştirak edən digər güclərin rolunu azaltmaq, partizan hərəkatının töhfəsini nəzərə almamaq olmaz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi