Modern.az

Bayramovla Mirzoyan Bakı və İrəvanda görüşsün!

Bayramovla Mirzoyan Bakı və İrəvanda görüşsün!

Analitika

10 May 2024, 17:45

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 3 aydan sonra ermənistanlı həmkarı Ararat Mirzoyanla yenidən bir araya gəlib. Qazaxıstanın Almatı şəhərində keçirilən görüş üçüncü tərəflərin birbaşa iştirakı olmadan baş tutur. İki gün davam edəcək görüşdə "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi müzakirə ediləcək. 

 

Mirzoyanla görüşdən əvvəl Ceyhun Bayramov deyib ki, Almatıda aparılan danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq. O qeyd edib ki, Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır.

 

Qeyd edək ki, nazirlər arasında bundan əvvəlki görüş Almaniyada baş tutub. Ekspertlər nazirlərin vasitəçilər olmadan apardığı danışıqları müsbət qiymətləndirir. Bundan sonrakı görüşlərin Bakıda, İrəvanda və sərhəddə keçirilməsi də təklif edilir.

 

Maraqlıdır, nazirlər, daha sonra liderlər Bakıda, İrəvanda, yaxud sərhəddə vasitəsiz görüşəcəklər?

 

"Liderlərin İrəvanda, Bakıda, ya da sərhəddə görüşü ola bilər"

 

Məsələ ilə bağlı Modern.az-a türkiyəli ekspert Cihad Yaycı bildirib ki, indiyə kimi Azərbaycanın bir sıra məsələləri Ermənistanla heç bir vasitəçi olmadan həll etməsi onun diplomatik uğurudur:

 

“Bu uğurun arxasında duran əsl güc də Qarabağda qazanılmış zəfərdir. Bu səbəbdən üçüncü tərəflərin vasitəçi olmasına heç bir ehtiyac yoxdur. Tarixi nümunələr göstərir ki, üçüncü tərəflər hər zaman sülhü öz maraqları üzərində qurublar. Hər iki tərəfin də mənafeyinin və haqlarının qorunması üçün Ermənistanla Azərbaycanın bir araya gəlməsi lazımdır. Liderlərin İrəvanda, Bakıda, ya da sərhəddə görüşü ola bilər. Birbaşa görüşlər çox daha faydalı nəticələr verə bilər. Azərbaycan haqqdan, hüquqdan tərəfdir. Azərbaycanın torpaqları işğal olub”.

C.Yaycı Ermənistanın öz vəziyyətini anlayaraq, ona uyğun davranmasını müsbət qiymətləndirib:

 

“İşğalçı Ermənistandır. Ermənistanın bu haqsız vəziyyətini anlayıb, ona uyğun addım atması sevindiricidir. Ona görə də situasiyanın belə davam etməsinin faydalı olacağını düşünürəm”.

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu vurğulayıb ki, bundan sonra rəsmilər arasında keçiriləcək hər bir  görüş vacibdir:

 

"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüşlər çox önəmlidir. Görüşlərin vasitəsiz olaraq, Bakıda, İrəvanda, yaxud sərhəddə baş tutması mümkündür. Doğru yol və üsul budur. Üçüncü ölkələrin müdaxiləsi prosesi həmişə uzadıb. Heç bir yekun nəticə əldə olunmayıb. Arzumuz odur ki, iki ölkə gələcək bütün problemlərini öz aralarında həll etsin".

 

"Rusiya faktorunu unutmamalıyıq"

 

Türkiyəli hərbi ekspert Abdullah Ağar vurğulayıb ki, Azərbaycan Ermənistanın zəif nöqtəsini yaxşı analiz edir:

 

“Ermənistan beynəlxalq konyokturadan və vəziyyətdən təsirlənir və hansısa formada Qərb dünyasına meyl edir. Bu ölkə özünə bir çıxış yolu axtarır. Digər yandan Ermənistan müharibəni uduzsa da, bədəl ödəmək istəmir. Kiçik güzəştlər və yumşalmalarla vəziyyətdən çıxmaq istəyir. Azərbaycan bunları,təbii ki,görür. Digər yandan Bakı Ermənistanın boşluqlarını, zəif nöqtələrini beynəlxalq konyoktura, qazanmış olduğu qələbəyə əsaslanaraq dəyərləndirir. Bu mənada pozitiv, yumşalmaya istiqamətlənən bir atmosfer mövcuddur. Lakin unutmamalı olduğumuz bir sıra faktlar var. Qarabağ müharibəsində Azərbaycanın çox böyük zərəri oldu. Ona görə də meydana "Azərbaycan bədəl ödəyən, yoxsa ödədən tərəf olacaq?" sualı çıxır. Kəndlərimizi alırıq. Lakin bu kəndlər onsuz da bizim haqqımızdır. Bizim Zəngəzur dəhlizinin açarının kimin əlində olacağı barədə,eləcə də savaşda əldə etdiyimiz zəfərdən doğan haqlarımız var".

A.Ağar bir sıra məsələlərin həllinin olduqca çətin olduğunu deyib:

 

"Təbii ki, bizim qət etməli olduğumuz uzun yolumuz var. Ermənistanın da incə hesabları mövcuddur. Qərb dünyasından çox danışırıq, lakin Rusiya faktorunu unutmamalıyıq. Rusiyanın burada nə edəcəyi, nə etməyə çalışdığını, İranın təsiri məsələləri önəmlidir. Qəzza müharibəsindən Qafqaz da təsirləndi. Nəzər yetirdikdə, görürük ki, qarşımızda məşəqqətli bir yol var. Məsələn sadəcə qızıl mədənlərindən 10 milyard dollar istismar edilib. Eləcə də, müharibənin, qaçqın və məcburi köçkünlərə yaşadılanlara görə verilməli olan təzminat məsələləri var. Digər yandan soyqırımı törədilib və ərazilər minalanıb. Bu pəncərədən baxdıqda gərginliyi çox da artırmadan addım-addım hədəfimizə doğru irəliləyirik. Amma mən həmişə mərkəzə Zəngəzur dəhlizini qoymuşam. Çünki bu, bir geopolitik qazancdır. Ermənistanı da işin içinə daxil edərək, öz haqlarımızdan güzəştə getmədən yolumuza davam etməliyik. Təhdid və basqılar kontekstində cənab Prezident İlham Əliyevin atdığı addımlar var. İnşallah məqsəd və hədəflərimizə çatarıq. Amma bunun heç də asan olmadığını, əksinə çətin olduğunu deməliyəm. Çünki işin içində Almaniya, Fransa, ABŞ, İsrail, Rusiya və İran var. Çox diqqətli olmalı, lakin hədəfimizə doğru mətin addımlarla irəliləməliyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ