Modern.az

Bizim əsəblərimizlə oynamasınlar! - Prezidentin mesajı kimə ÜNVANLANIB...

Bizim əsəblərimizlə oynamasınlar! - Prezidentin mesajı kimə ÜNVANLANIB...

Analitika

11 May 2024, 13:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Əlamətdar gündə dövlət başçısı çıxışında bir sıra siyasi mesajlar verib.

Bu mesajlardan biri belə olub: "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin".


Bəs Prezidentin bu mesajı hansı anlama gəlir? Bundan nəticə çıxaracaqlarmı?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib ki, Ermənistan yenə müharibə etmək niyyətində olsa, çox ağır zərbə alacaq və dövlət kimi gələcək prespektivi olmayacaq:
 

"Cənab Prezident bütün bəyanatlarını çox açıq-aydın şəkildə verir ki, bunu heç kəs ikimənalı qəbul etməsin. Yeri gəlmişkən, Ermənistanın silahlandırılması ilə bağlı birinci dəfə deyik ki, cənab Prezident bəyanat verir. Dövlət başçısı dəfələrlə bu barədə fikirlərini dilə gətirib. Artıq müharibə bitib, sülh sazişini imzalamağa yaxınıq, delimitasiya və demarkasiya işləri gedir. Belə bir vəziyyətdə kiçik bir dövlət olan Ermənistanı silahlandırmağın, onu silah cəbhəxanasına çevirməyin nə mənası var? 

Ermənistanı silahlandıranlar, xüsusilə də Fransa deməli, onu müharibəyə hazırlayır. Düzdür, biz müharibə etmək istəmirik. Biz artıq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Bizə müharibə lazım deyil. Amma Ermənistan yenə də silahlanma yolunu tutacaqsa, cənab Prezident demişkən, bizdən inciməsinlər. Çünki biz regionda sülh istəyirik. Biz İkinci Qarabağ müharibəsinə məcbur qaldıq. Ermənistan bizə başqa çıxış yolu qoymadı. Yəni sülh yolu ilə torpaqlarımızı azad etmədi. Beləliklə də, beynəlxalq hüququn verdiyi imkandan yararlanıb, öz torpaqlarımızı müharibə yolu ilə azad etdik. İndi himəyadarlar bir yandan sülhdən danışırlar, digər yandan da Ermənistanı silahlandırlar. Bunu necə başa düşmək olar?

Silhalar Ermənistana yığılırsa, deməli, bu Azərbaycana qarşıdır. Revanşistlər də bunu yaxşı başa düşməlidir ki, silahlanıb müharibəyə hazırlaşırlarsa, bu dəfə onlara elə zərbə vura bilərik ki, Ermənistanın dövlət kimi prespektivi olmaya bilər".

Komitə sədri vurğulayıb ki, Fransa və Ermənistan Azərbaycan Prezidentin bəyanatından dərs çıxarmalıdır:
 

"Biz müharibə yolu ilə torpaqlarımızı azad etmişik. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti və söz sahibidir. Biz istəyirik ki, nəhayət Qafqazda sülh bərqərar olsun. Nə qədər müharibə etmək olar? Nə qədər Azərbaycana qarşı təxribatlar etmək olar? Bəsdirin də! Fransa, sən buradan min kilometrlərlə aralıdasan! Sənin nə marağın var ki, Ermənsitanı silahlandırırsan, regionda yenidən gərginlik ocağı yaratmağa çalışırsan? Biz istəyirik ki, hər kəs bunu dərk etsin. Çünki bu regionda sülhün olmaması Ermənistanın özünə ziyan olacaq. 

Dünən Qazaxıstanın Almatı şəhərində  Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirildi. Orada Ermənistan xarici işlər naziri bəyanat verdi ki, sülh müqaviləsini imzalamaq azdır, biz nəqliyyat qovşaqlarını da açmalıyıq. Mən belə başa düşdüm ki, o, ilk növbədə Zəngəzur dəhlizinə işarə edir. Yaxşı, siz bir tərəfdən belə sülhpərvər bəyanat verirsiniz, digər yandan da silahlanırsınız.

Cənab Prezident bəyanat verdi ki, silahlanma kritik həddə çatarsa, onda bizdən inciməsinlər.  Bizim mövqeyimiz bundan ibarətdir. Biz sülh istəyirik, amma eyni zamanda müharibəyə də hazırıq. Yenə deyirəm ki, bizim əsəbimizlə oymasınlar. Prezidentin bu mesajları Şuşadan verməsi də əlamətdar hadisədir. Çünki bu şəhəri ermənilər dağıtmışdılar. İndi orada quruculuq-bərpa işləri aparılıb və sakinlər öz doğma yurdlarına qayıdıb. Cənab Prezident dedi ki, biz bura əbədi qaydırıq. Əgər kimsə, Azərbaycanın ərazi bütövlüyünə yenidən qəsd etmək istəsə, çox ağır zərbə alacaq. Onlar Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü bilirlər. Nəticə çıxarsınlar. Bizdən deməkdir".
 

Politoloq Elxan Şahinoğlu isə Prezident İlham Əliyevin sözgedən mesajını belə şərh edib:
 

"Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin” açıqlamasının birinci hissəsi İrəvanda mitinq keçirən radikallara, onlara dəstək verən kilsəyə üvnanlanıb. Bu o deməkdir ki, radikallar Baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan itmina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bu, növbəti müharibəyə səbəb olacaq və ermənilərin bu dəfə itkiləri daha böyük olacaq.

Erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaqdır;
İkinci seçim əvvəlkitək Baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaqdır.

Fikrimcə, İkinci Qarabağ müharibəsindən ağır dərs alan erməni cəmiyyətinin əksər hissəsi ikinci seçimə üstünlük verəcək. Buna baxmayaraq, iki ölkə arasında sülh və ya çərçivə sazişi imzalansa belə, kilsə, Qarabağ klanı və daşnak tör-töküntüləri Azərbaycana və Türkiyəyə düşmənçilikdən imtina etməyəcəklər. Bütün hallarda sülh və əməkdaşlıq perspektivi onların erməni cəmiyyətində mövqelərini daha da zəiflədəcək". 
 

Onun sözlərinə görə ölkə başçısının mesajının ikinci hissəsi daha çox Fransaya yönəlib:


"Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırkı danışıqlar prosesinə mane olmasınlar, əldə edilən razılaşmalara dəstək versinlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Vaşinqton isə mövcud prosesi dəstəkləməyə hazırdır. Bu mənada Vaşinqton Parisdən fərqlənir. İlham Əliyev də ikisi arasında bərabərlik işarəsi qoymur. Dövlət başçısı ən azı ABŞ rəsmiləri və diplomatları ilə dialoqu davam etdirir, Fransa ilə dialoq isə Parisin siyasəti ucbatından sıfra endrilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi