Modern.az

Putin Şoyqu ilə Patruşevi buna görə vəzifədən ÇIXARDI...

Putin Şoyqu ilə Patruşevi buna görə vəzifədən ÇIXARDI...

Analitika

13 May 2024, 12:04

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi.
Çünki Putin Krımın ilhaqı kimi, Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi”.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Rusiya hökumətinin tərkibindəki dəyişikliyə - Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən uzaqlaşdırlmasına münasibət bildirərkən deyib.


“Ancaq Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi. Çünki bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı biruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək”, - E.Şahinoğlu qeyd edib.

Ekspertin sözlərinə görə, prezident Vladimir Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib:

“Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan ordudakı korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək.

İkincisi, Belousov ordunun təhcizatını modernləşdirilməlidir.
 

Andrey Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təhcizatına nəzarət edən texniki müdafiə naziri lazımdır”.

E.Şahinoğlu xatırladıb ki, müharibəyə Baş Qərargah rəisi (Valeri Gerasimov-red.) və onun müavinləri başçılıq edir, birbaşa Putinə hesabat verirlər.

Ekspert deyib ki, Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var:

“Patruşev bu vəzifədə ikən yerli və xarici ekspertlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi”.

Bəs Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı?

E.Şahinoğlu deyib ki, bunu indidən söyləmək çətindir.

“Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi