Modern.az

Ermənistan və Gürcüstanda çaxnaşma - Rusiya və Qərb qarşı-qarşıya...

Ermənistan və Gürcüstanda çaxnaşma - Rusiya və Qərb qarşı-qarşıya...

Analitika

13 May 2024, 17:31

Son günlər Ermənistanda və Gürcüstanda müxtəlif motivləri olan etiraz aksiyaları keçirilir. Bu motivlər hər nə qədər daxili siyasət dinamikalarına söykənsə də, proseslərin geopolitik kökləri də yox deyil. Daha doğrusu, sözügedən daxili siyasi dinamikalar məhz geopolitik xarakter daşıyır. Sanki həm Ermənistan, həm də Gürcüstan geopolitik seçimlərini yenidən dəyərləndirməyə sövq edilir.

 

Burada fərq ondan ibarətdir ki, Gürcüstanda cəmiyyət, Ermənistanda isə hakimiyyət bu zorakı sövqə qarşı çıxmağa çalışır. Tiflisdə etiraza çıxanlar ölkənin 20 ildən çox müddətdə institutlaşdırılmağa çalışılan Avro-Atlantik məkana inteqrasiya siyasətini hakim "Gürcü Arzusu" Partiyasının tərəddüdlərindən qorumağa çalışırlar. "Xarici agentlər" haqqında qanun layihəsi sadəcə qığılcım xarakteri daşıyan epizodlardan biridir.

 

Ermənistanda isə Paşinyan və komandasının hakimiyyətə gəldiyi "məxməri inqilab"dan sonra Qərbə yönələn siyasi kursun 44 günlük müharibə və ötən ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan və Türkiyə ilə normallaşma amili də əlavə olunduqdan sonra revanşist və rusiyayönümlü qüvvələrdən müdafiə olunması iqtidarın əsas vəzifəsinə çevrilib.

 

 

Bu baxımdan paralellər aparmağa davam etsək, Gürcüstandakı etirazlar geopolitik seçimin qorunmasına, Ermənistandakı aksiyalar isə geopolitik seçimin əleyhinə yönəlib. Hələlik bu nümayişlərin heç biri məqsədinə nail olmağa yaxın deyil. Gürcüstanda hakimiyyət etirazları gözardı edərək qalmaqal doğuran layihəni üçüncü oxunuşda təsdiqləməkdə qərarlıdır. Ermənistanda isə aksiyaçılar xeyli marjinaldır və nəticə yarada bilməz.

 

Təbii ki, proses təkcə etirazlar kontekstində dəyərləndirilə bilməz. Gürcüstan və Ermənistanın Moskva ilə münasibətlərini şərtləndirən başqa istiqamətlər də mövcuddur. Hər iki ölkənin (daha çox Ermənistanın) Qərbə yönələn geopolitik seçimini kövrək hala gətirən məsələ Rusiya ilə iqtisadi münasibətlərdir. Şübhəsiz ki, tədricən iqtisadi asılılığı azaltmaq və xarici ticarətin diversifikasiyasını həyata keçirmək mümkündür.

 

Hərbi faktora gəlincə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarında Rusiya hərbi mövcudluğu separatizmin əsas dayaqlarından biri kimi çıxış edir. Bununla belə, qeyd etmək lazımdır ki, indiyə qədər bu, Tiflisin xarici siyasət vektorunu müəyyən etməsinə və bu istiqamətdə aktiv fəaliyyətinə əngəl yaratmayıb. Avropa İttifaqına namizəd statusu alarkən də sözügedən qüvvələr Gürcüstan ərazisində idi.

 

 

Ermənistanda isə Rusiyanın hərbi bazası ilə yanaşı, Rusiya FTX Sərhəd Qoşunlarının əsgərləri də fəaliyyət göstərir. Lakin əvvəlcə İrəvandakı Zvartnots hava limanındakı Rusiya hərbçilərinin, bir neçə gün əvvəl baş tutan Putin-Paşinyan görüşündəki razılığa əsasən, həm də Gürcüstan və Azərbaycanla sərhədlərin müəyyən hissəsinə nəzarəti əlində saxlayan sərhədçilərin çıxarılması təmin olunmaqdadır.

 

Ermənistanın Türkiyə və İranla sərhədlərində, habelə Gümrüdəki hərbi bazada isə hələlik Rusiya hərbi mövcudluğu qalmağa davam edəcək. Yaxın gələcəkdə bu məsələlərin də gündəmə gəlməsi kifayət qədər real görünür... Ukraynadakı müharibənin yaratdığı əlverişli mühitdən Tiflis və İrəvanın hansı dərəcədə istifadə edə biləcək? Rusiya prosesi təmkinlə qarşılayacaq, yoxsa, problemlər yaradacaq? Zaman göstərəcək...

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi