Modern.az

Xameneinin varisi hesab edilən hüquqşünas - Rəisinin DOSYESİ

Xameneinin varisi hesab edilən hüquqşünas - Rəisinin DOSYESİ

Analitika

20 May 2024, 11:48

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısı həlak olub.

 

Həlak olanların cəsədləri Təbrizə göndərilib, Əhvazda vida mərasimi keçiriləcək. Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub. Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Rəisinin həyat yolunu təqdim edir:

 

İbrahim Rəisi 1960-cı il dekabrın 14-də Məşhəddə anadan olub. 1975-ci ildən Qum şəhərində oxuyub, oranı bitirdikdən sonra Tehranın Şəhid Mötəhəri Universitetində beynəlxalq özəl hüquq üzrə təhsil alıb.

O, tələbəlik illərində monarxiyanın devrilməsi ideyalarını dəstəkləyib. 1978-1979-cu illərdə İslam İnqilabında iştirak edib. 1980-ci ildən Tehranətrafı qəsəbələrdə ədliyyə idarəsində çalışıb, daha sonra Kərəc bölgəsinin, 1982-1984-cü illərdə Həmədan şəhərinin prokuroru, 1985-ci ildə Tehran prokurorunun müavini olub. 1988-ci ildən ona Kirmanşah, Semnan və Lüristan əyalətlərində dini və hüquqi məsələləri həll etmək üçün xüsusi səlahiyyətlər verilib.

 

Rəisi 1989-1994-cü illərdə Tehran şəhərinin prokuroru olub, 1994-2004-cü illərdə ölkənin Baş Müfəttişliyinə rəhbərlik edib və icra hakimiyyəti orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirib. 2004-cü ildən 2014-cü ilə qədər Ali Məhkəmənin sədr müavini olub, onun səlahiyyət sahəsinə idarəetmə və təşkilati məsələlər daxild idi.2014-2016-cı illərdə isə İranın baş prokuroru vəzifəsini icra edib.

 

2016-cı ildə Rəisi ölkənin ən böyük müsəlman dini fondu olan Astan Qods Rəzəviyə rəhbərlik edib. 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin ikinci müddətə yenidən seçilən Həsən Ruhaniyə uduzub.

 

O, 2019-cu ildən ölkənin ali hakimidir. Rəisi məhkəmə sisteminin rəhbəri kimi qadınları məişət zorakılığından qorumaq üçün qanun layihələrinin hazırlanması təşəbbüsü ilə çıxış edib və korrupsiyaya qarşı mübarizə kampaniyasına başlayıb. Elə həmin il o, insan hüquqlarının pozulmasına görə ABŞ və Aİ-nin sanksiya siyahısına salınıb.

 

2021-ci ildə İranda keçirilən prezident seçkilərində 60%-dən çox səs toplayaraq qalib gəlib. 2021-ci il avqustun 5-dən İran prezidenti vəzifəsinin icrasına başlayıb. Elə həmin il o, "Time" jurnalının dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib. 

Rəisi Qərblə münasibətlərdə sərt xəttin tərəfdarı olub, lakin 2018-ci ildə faktiki olaraq qüvvəsini itirmiş İran nüvə sazişinin bərpasının əleyhinə deyildi. Ultra-mühafizəkar siyasi qanada aiddir. 2022-ci ilin yanvarında o , ilk səfərini Rusiyaya edib və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. 

 

Rəisinin sərt mövqeyi daxili siyasətdə də özünü büruzə verirdi. Seçilməsindən bir il sonra o, İranda qadınların geyim və davranışlarını məhdudlaşdıran “hicab və iffət qanunu”nun daha sərt şəkildə tətbiq edilməsini əmr edib.

 

Bir neçə həftə ərzində gənc iranlı qadın Məhsa Əmini qanunu pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölüb və ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Polis aksiyalara sərt müdaxilə edib, yüzlərlə insan həlak olub.

 

Rəisi hüquq və İslam hüququ elmləri doktoru idi. Ailəlidir, iki qızı var. O, İranın ruhani lideri Əli Xameneinin yaxın adamı və ehtimal olunan varisi hesab olunurdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi