Modern.az

Helikopterlər nədən qəzaya uğrayır... - ARAŞDIRMA

Helikopterlər nədən qəzaya uğrayır... - ARAŞDIRMA

Analitika

20 May 2024, 17:22

Nağıl kimi fərziyələr...

 

Mayın 19-u dünyanın aparıcı xəbər agentlikləri göyərtəsində İran prezidenti İbrahim Rəisi olan helikopterin məcburi qəza enişi etdiyini yayımladılar. Daha sonra isə İran prezidentinin helikopter qəzası nəticəsində vəfat etdiyi bildirildi. Onunla bərabər helikopterdə xarici işlər nazirinin, Şərqi Azərbaycan vilayətinin valisi və bir neçə rəsmi şəxsin olduğu da bildirilir. 


Helikopter qəzası ilə bağlı xəbərlər yer alan kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəsinin hər cür yardım etməyə hazır olduğunu bildirdi. Raisinin ölümü təsdiq olunduqdan sonra isə Prezident İlham Əliyev İranın ali rəhbərinə başsağlığı verdi. 


Hadisənin baş verməsi barədə xəbərlər ortaya çıxan andan müxtəlif spekulyativ mülahizələr başladı. 


Bu qəzanın arxasında Mossadın dayandığını ehtimal edənlər tapıldı. Məlumdur ki, 2024-cü il aprelin 1-də İsrail tərəfindən İranın Dəməşqdəki konsulluğuna raket hücumu təşkil olundu. Raket hücumu zamanı İranın yüksək rütbəli zabitlərinin həlak olduğu bildirildi. Eyni ayda İran tərəfindən İsrail üzərinə raket hücumları təşkil olundu. Mossad izi axtaranlar Rəisinin ölümünü İsrailin bu raket hücumlarına qarşı qisası ilə bağlayırlar.


Bu qəzanın baş verməsində Mərkəzi Kəşfiyyat Agentliyinin də olduğu fərziyyəsini irəli sürənlər də var. İran ABŞ üçün dost ölkə deyil. 2019-cu ildə Amerika Birləşmiş Ştatları Raisini insan haqlarının pozulmasında günahlandırır. 1980-ci illərin sonunda minlərlə siyasi məhbusun edamını elan edən “ölüm komissiyası”nın üzvü olduğuna görə Rəisiyə qarşı Amerika tərəfindən sanksiyalar tətbiq elan edilib. 


Qəzanın səbəbi kimi Mİ6 da göstərilir. Böyük Britaniyanın hər zaman Yaxın Şərqdə maraqları olub.  Osmanlı İmperiyasının süqutundan sonra isə Böyük Britaniya Yaxın Şərqdə daha fəal rol oynamağa başladı. Yaxın Şərq və Körfəz ölkələrində zəngin neft yataqları aşkar olunduğu vaxtdan isə Britaniya bu ərazilərdə daha da böyük imtiyazlar əldə etməyə çalışır. Əlbəttə ki, İranın Yəmən, Suriya və Livandakı hadisələrə proksiləri vasitəsilə təsir etmək cəhdləri Britaniyanın maraqları ilə üst-üstə düşməyə bilər. 


Ermənistandakı radikal qüvvələr isə daha irəliyə getdilər. Bəzi erməni bloggerlərin ittihamlar absurd həddə çatır. Qəzanın səbəbi kimi Rəisinin daha sonra Ermənistana səfər edəcəyi və Azərbaycanın buna mane olması da göstərilir. Fərqli düşüncədə olan erməni blogerlər məsələyə Avropa Rusiya müstəvisindən yanaşırlar. 


Baş verdiyi andan qəzanın səbəbsiz olmaması, qəsdən törədilməsi fikri bütün mümkün variantlarda interpretasiya olunur. Konspirativ sui-qəsd nəzəriyyələri tərəfdarları cəmiyyəti inandırmağa çalışırlar ki, helikopter qəza səbəbindən deyil, kənardan müdaxiləyə görə yerə çırpılıb. 


 Qəzanın baş vermə səbəbi kimi göstərilən versiyalar və “şübhəlilər” çoxdur. Xarici qüvvələr, daxili çəkişmələrdə üstünlük əldə etmək istəyən qruplar.

Helikopter - ən çox qəzaya düşən uçuş maşını...

 

Bunları nəzərə alaraq, kiçicik bir araşdırma apardıq. 


2019-cu ildə təkcə Amerika Birləşmiş Ştatlarında 122 helikopter qəzası baş vermişdir. Bu qəzaların 24-də ölüm hadisəsi qeydə alınıb və 51 nəfər həyatını itirib. 


2018-ci ildə 121 qəza (24-ü ölümlə nəticələnib) və 55 ölüm qeydə alınıb. Əvvəlki illərdə bu rəqəmlər aşağıdakı kimidir: 


2017-ci il. 123 qəza (20-i ölümlə nəticələnib), cəmi 34 ölüm.
2016-cı il. 108 qəza (17-i ölümlə nəticələnib), cəmi 29 ölüm.
2015-ci il. 121 qəza (17-i ölümlə nəticələnib), cəmi 28 ölüm.
2014-cü il. 138 qəza (21-i ölümlə nəticələnib), cəmi 37ölüm.


Son illərin statistikasına görə ABŞ-da ən çox helikopter qəzası 2013-cü ildə baş verib ki, 146 qəzadan 30-u ölümlə nəticələnib və 62 ölüm qeydə alınıb. 


"US Helicopter Safety Team" (ABŞ Helikopter Təhlükəsizliyi Komandası) adlı könüllülər cəmiyyətinin apardığı araşdırmaya görə son zamanlar uçuş saatlarına nisbətdə baş verən helikopter qəzalarının nisbəti artan tendensiyaya meyl edir. Belə ki, havada keçirilən 100,000 uçuş saatının 3,6-3,7 saatı qəza təhlükəli saatlardır. Havada 100,000 uçuş saatı ərzində 0,5-0,7 saat ölümlə nəticələnir. 


Dövlət və hökumət başçılarının aviasiya qəzaları nəticəsində həyatlarını itirməsi halları az deyil. Doğrudur, bu qəzaların böyük əksəriyyəti təyyarə qəzalarıdır.


Lakin, 1969-cu ildə Boliviya prezidenti René Barrientosun, cari ilin fevralında Çilinin əvvəlki prezidenti Sebastyan Pineranın helikopter qəzasında həlak olmaları hallarını da misal gətirmək olar.


 
Helikopter istehsalçıları qəzaya zəmanət vermirlər...

 

Heç bir helikopter istehsalçısı qəza olmayacağına tam zəmanət vermir. Qəzalar bütün markalardan olan helikopterlərə aid ola bilər. Müxtəlif vaxtlarda və fərqli məkanlarda qəzaya uğramış helikopter markaları içərisində Sikorski (ABŞ), Boeing (ABŞ), Bell (Kanada),  Westland Wessex (Britaniya),  Mi (Rusiya), Eurocopter (Fransa) kimi tanınmış istehsalçıların adları var. Statistikaya görə ən çox qəzaya uğrayan helikopter markası Amerika Birləşmiş Ştatlarının Robinson Helicopter Company şirkətinin istehsal etdiyi uçuş maşınlarıdır. 


Ümumiyyətlə, helikopterlər təyyarələrlə müqayisədə daha çox qəzaya məruz qalan uçuş maşınlarıdır. Səbəb isə odur ki, helikopterlər daha aşağı yüksəklikdə, daha aşağı sürətlə uçurlar. Belə olduğu halda onların daha aşağı yüksəklikdəki maneələrlə, qayalar, tikililər, ağaclar, elektrik məftilləri və quşlarla toqquşmaq ehtimalı da yüksəkdir. Təyyarələr qəza vəziyyəti yaranarkən daha yaxın hava limanından eniş icazəsi ala bilirlər. Helikopterlərdə belə imkan yoxdur. Müasir təyyarələr avtomatlaşdırılmış idarə olunur və eniş edirlər. Helikopterlərin enişi pilot tərəfindən mexaniki həyata keçirilir. 


Helikopter qəzaları sırasında şəxsi, təcili yardım, kommersiya, kənd təsərrüfatında istifadə olunan, tikinti materialları daşıyan və hərbi helikopterlər var. ABŞ Federal Aviasiya İdarəsinin (Federal Aviation Authority) tədqiqatı isə müəyyən etmişdir ki, son dövrlər dünya üzrə baş vermiş helikopter qəzalarının aşağı yüksəklikdə və yavaş sürətlə uçuş zamanı baş verməsi halları çoxalaraq ümumi qəzaların 33 faizini təşkil edir. Bu fakt onu göstərir ki, helikopterlərin qəza nəticəsində yerə düşməsi üçün mütləq deyil ki, kənardan müdaxilə olsun. 

 

Tahir Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi