Modern.az

Fransanın XİN başçısı da Qarabağa səfər edə bilər - AÇIQLAMA

Fransanın XİN başçısı da Qarabağa səfər edə bilər - AÇIQLAMA

Analitika

24 May 2024, 16:34

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon işğaldan azad olunmuş Laçın rayonuna səfər edib. O, indiyə kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməklə ölkə ictimaiyyətinin qınağına tuş gəlmişdi.



Səfirin Şuşa, Laçın və Qarabağın digər bölgələrinə getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlirdi.



Ann Buayon bu yaxınlarda Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi.

 

Lakin rəsmi Paris sonradan səhvini anlayaraq, səfir Ann Buayonu yenidən Bakıya qaytardı. Səfir bu gün Laçına səfər edib.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfirlərin səfəri ilə bağlı ən yüksək səviyyədə Azərbaycanın mövqeyini bildirib:

 

“Torpaq bizdədir. Səfər edildi-edilmədi, bunun torpaqlarımıza, oradaki quruculuq işlərimizə heç bir problem yarada bilməz. Səfər etmələri isə təbiidir. Gedib oradakı quruculuq işlərimizi öz gözləri ilə görməlidirlər, həqiqəti qəbul etməlidirlər. Fransanın ümumi şəkildə Azərbaycana qarşı destruktiv siyasətinə gəldikdə, bu da reallıqdır. Biz bu haqda dəfələrlə demişik. Laçına gedib, qoy, başqa bölgələrə də getsin. Gözləri ilə görsünlər ki, orada nələr baş verir. Azərbyacanın yaratdığı yeni reallıqlar hamı tərəfindən qəbul olunacaq. Kimsə bunu tez, kimsə gec dərk edir. Amma bunu etməyə məhkumdurlar və edəcəklər”.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Fransa artıq Azərbaycanın yaratdığı yeni reallıqları qəbullanır:

 

"Ümumiyyətlə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayonun işğaldan azad olunmuş Laçın ərazisinə səfəri müsbət hadisədir. Fransa Azərbaycanın regionda yaratdığı reallıqlara ciddi yanaşır və onu artıq qəbul edir. Fransa səfiri yeganə səfir idi ki, işğaldan azad olunmuş əraziyə səfər etmirdi. Çox güman ki, bunu rəsmi Paris də anlayıb. Beləliklə də, səfirə göstəriş veriblər ki, işğaldan azad olunmuş torpaqlara səfər edə bilər".

 

Sabiq nazir Fransa XİN başçısının da işğaldan azad olunmuş digər ərazilərə səfər edə biləcəyini söyləyib:

 

"Diplomatik kanallar vasitəsilə tələb oluna bilər ki, xarici işlər nazirləri siyasi məsləhətləşmələr aparsınlar. Nöqsanların və anlaşılmazlıqların aradan qaldırılması üçün vaxtı çatanda Fransa xarici işlər naziri də işğaldan azad olunmuş ərazilərə səfər edə bilər".

 

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü Kamran Bayramov vurğulayıb ki, Fransa səfirinin Laçına səfəri bayram edilməməlidir:

 

“ABŞ səfirinin işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı cənab Prezident demişdi ki, onun bu ərazilərə gedib-getməməsi bizə aid məsələ deyil. Bu, onun öz işidir. Fransa səfiri gedib, lap yaxşı, amma onun səfəri Azərbaycan-Fransa münasibətlərinə hazırkı durumda nəsə dəyişikliyə səbəb olacaq. Fransa səfirinin münasibəti deyil, bu ölkənin mərkəzi hakimiyyətinin Bbizə olan münasibəti dəyişilməlidir. Yəni biz heç kimi bu ərazilərə səfər etməyə məcbur etmirik. İstəyirlərsə gəlsinlər, istəyirlər də gəlməsinlər. Sadəcə olaraq Fransanın Azərbaycana qarşı münasinbəti arzuolunan səviyyədə deyil. Fransa Prezidentinin, parlamentinin Azərbaycana qarşı çox byük qərəzi var. Onlar Azərbaycana qarşı yalan dolu fikirlər səsləndirilir. Mərkəzi hakimiyyətin ümumi münasibət dəyişməli, Azərbaycana qarşı qarayaxma kampaniyası dayandırılmalıdır, müxtəlif beynəlxalq platformalarda, mediada hücumlar da dayandırılmalıdır. Bundan sonra əlaqələrin yaxşılaşmasından sonra münasibətlərə yenidən baxmılmasının tərəfdarı ola bilərik”.

 

Sabiq maliyyə naziri Fikrət Yusifov isə qeyd edib ki, müstəqilliyimizin ilk illərindən bu günə qədər ABŞ və Qərbin Azərbaycana qarşı ədalətsiz davranışının şahidiyik: "Otuz il ərzində onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün real nəticəyə hesablanmış heç bir addım atmadılar. Atılan addımlar da gözdən pərdə asmaq üçün edildi və onların heç biri işləmədi.

 

Torpaqlarımızı işğaldan azad etdikdən sonra isə bu güclər ABŞ və Fransa başda olmaqla min bir oyun oynayaraq, Azərbaycanı hər hansı bir formada olursa-olsun cəzəlandırmağa qalxıblar və artıq 3 ildən çoxdur ki, bu yolda dəridən-qabıqdan çıxsalar da heç nəyə nail ola bilmirlər. Bütün bunların fonunda biz ABŞ-n, Avropa İttifaqının və onun Azərbaycana qarşı ən böyük ədalətsizlik sərgiləyən üzvü Fransanın səmimiliyinə necə güvənə bilərik? 

 

Azərbaycan hökuməti ona qarşı çirkin oyun oynayanların xislətini çox yaxşı bilir. Biz bunların riyakarlığının arxasında gizlətdilən oyunların əsil mahiyyətini vaxtında dəyərləndirməsəydik, indiyə qədər çox acılar yaşamış olardıq, hətta müstəqilliyimiz böyük təhlükə altına düşə bilərdi. Müstəqil dövlət kimi ən böyük uğurlarımızdan biri də budur ki, xarici siyasətinin ana xətti yalan və böhtanla yoğrulmuş Fransa kimi dövlətlərə heç vaxt güvənmədik və çox haqlı olaraq bu gün də onlara güvənmirik!

 

Dəfələrlə demişəm, bir daha təkrar edirəm, demokratiya, söz və insan azdlığı kimi alətləri çirkin bir vasitəyə çevirib, başqalarının haqqını ayaqlar altına almaq istəyənlərə qarşı biz həmişə ayıq-sayıq olmalıyıq. Baxın, bunlar bu gün Gürcüstanda nələr edirlər? On il bundan öncə eyni işi Azərbaycanda etmək istəyirdilər. Lakin biz içimizdən olan satqınlarla iş birliyi yaradıb Azərbaycanı daxildən qarışdırmaq istəyən bu yaramazların qarşısını vaxtında ala bildik. 

 

Azərbaycanın sərt, dəyişməz mövqeyini görüb indi əl-ayağa düşüblər. ABŞ səfiri Şuşaya, Fransa səfiri Laçına səfər edir. Etsinlər, ancaq bilsinlər ki, bu diplomatiyanın altında nələrin yatdığını biz onlardan daha yaxşı anlayırıq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir? Heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”.
ABŞ səfirinin də Fransa səfirinin də Şuşaya, Laçına getməkdən başqa çarələri qalmadı ona görə sahibləri ilə məsləhətləşib bu addımı atdılar..."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti